İcra başçısı Şəhidlər kompleksini dağıtdırıb
Tarix: 06-08-2020 10:25 | Bölmə: Slayd
İcra başçısı Şəhidlər kompleksini dağıtdırıb

Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev rayondakı Şəhidlər kompleksini məhv edərək, ərazisini qayınının adına sənədləşdirib.

Reyting.az
xəbər verir ki, bu barədə Axar.az-a rayon sakinləri bildiriblər.

Məlumata görə, şəhərin mərkəzində - Heydər Əliyev prospektində yerləşən Şəhidlər kompleksinin ərazisi vaxtilə rəsmi tədbirlərin, konsertlərin keçirildiyi məkan olub.

Hətta sözügedən məkanda izdihamlı tədbirlərin və Şəhidlər kompleksinin fotolarını da redaksiyaya təqdim edən sakinlər bildiriblər ki, 2011-ci ildə Vidadi İsayevin rayona rəhbərliyə başlamasından sonra əraziyə münasibət də dəyişib, qəsdən baxımsız qalan həmin ərazi az sonra hasarlanaraq, mənimsənilib.

Redaksiyaya təqdim edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1047163 (Seriya XR) çıxarışında da göstərilir ki, Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən 1 hektar ərazi 24 may 2017-ci ildə Çingiz Kəmaləddin oğlu Bünyatova 49 il müddətinə (2066-cı ilə qədər) “icarəyə” verilib.

Sakinlərin bildirdiyinə görə, Çingiz Bünyatov icra başçısı Vidadi İsayevin qayınıdır və dolayısı ilə icra başçısı sözügedən ərazini özü ələ keçirib.

Qeyd edək ki, bu, icra başçısı haqqında ilk şikayət deyil. Bir neçə ay öncə V. İsayevin sərvətlərinin siyahısı mediada açıqlanmışdı. Onun sərvətləri sırasında Bərdədəki Heydər Əliyev parkında xidmət obyektlərinin də olduğu bildirilirdi.

V. İsayevin Bərdə rayonunun aztəminatlı ailələri üçün ayrılan yardımları, o cümlədən dövlətin bu ailələrə dəstək niyyətilə yaratdığı ictimai iş yerlərinə görə verilən maaş kartlarını mənimsədiyi də iddia edilirdi.




Bölməyə aid digər xəbərlər