Müğənni AzTV “barrikada”sını yara bilmir – Digər TV-lər Aslan Hüseynov qadağasını ləğv edib
Tarix: 21-06-2016 11:18 | Bölmə: Şou-biznes / Xəbərlər


Artıq neçə ildir Azərbaycan Televiziyası ilə Qazaxıstanın əməkdar artisti Aslan Hüseynov arasında qalmaqal yaşanır. Buna səbəb AzTV sədrinin müğənniyə efir qadağası qoymasıdır.

Müğənni ilə sədr arasındakı qalmaqal bitməmiş digər telekanallar da Aslan Hüseynovu boykot etdilər.

Dünyanın bir çox ölkələrində Azərbaycan musiqilərini təbliğ edən müğənni bu problemin həlli üçün bir müddət əvvəl ölkə başçısına müraciət etmişdi. Həmin müraciətdən sonra AzTV-ni çıxmaq şərti ilə, digər telekanallar müğənnini efirə çağırıblar.

A.Hüseynov "Reytinq"ə deyib ki, ölkə başçısına müraciətindən sonra onu Mədəniyyət və Turizm Nazirliyinə də dəvət ediblər:

"Məni nazirlikdə yaxşı qarşıladılar. Dedilər ki, məsələ araşdırılıb, siz efirlərə çıxacaqsınız. Çox sevindim, üstündən bir az keçəndən sonra mənə telekanallardan dəvət gəldi".

A.Hüseynov ilk olaraq ATV-dən şad xəbər alıb. Gələn dəvəti qəbul edən müğənni telekanalda Rauf Dadaşovla görüşüb. Deyib ki, məlum problem yarananda ATV-nin rəhbəri Həsən müəllim odub: "O vaxtki söhbəti bu gün də qaldırıblar. Guya ki, mən ATV-nin hazırki rəhbəri Vüqar müəllimin əleyhinə danışmışam.

Amma ATV-də mənə həmişə yüksək səviyyədə diqqət vardı. Belə bir insanı mən necə pisləyə bilərəm? Əksinə, Vüqar müəllim ATV kanalına gələndən televiziya bir az qalmaqallardan kənarlaşdı. Aparıcılar da özlərini yığışdırıblar. Sadəcə, kimsə məni gözdən samaq istəyir. Onun üçün də belə qeybətlərə üstünlük verərək köhnə söhbətləri bugünkü ATV-nin ünvanına aid etməyə çalışırlar.

Nə isə, qaranlıq məsələlər aydınlaşdırıldı. Rauf Dadaşov çox yaxşı insanmış. Diqqətlə mənə qulaq asaraq dedi ki, sizi həmişə dinləmişik, bundan sonra ATV kanalı üzünüzə açıqdır. İnşallah, bundan sonra ATV-dəki çəkilişlərdə olacağam".

Digər telekanallarla olan gərgin münasibətə gəlincə, müğənni qeyd edib ki, üzünə bağlanan bəzi qapılar artıq açılıb:

"ATV-nin ardınca "Space" küsülülüyə son qoydu. Mən buna görə Vaqif Mustafayevə minnətdaram. Məni proqramlarına dəvət etdilər. Görünür, müraciətimdən xəbərdar olublar".

Amma A.Hüseynovun AzTV ilə bağlı problemləri hələ də həll edilməyib. Müğənniyə yuxarı dairədən deyiblər ki, AzTV-yə heç nəyə deyə bilmərik, bu onların öz seçimidir. Müğənni isə ATV, "Space" və digər kanalları daha vacib sayır, nəinki AzTV.

Yaradıcılığa gəldikdə, A.Hüseynovun yeni mahnıları və duetləri çoxdur: "Hazırda onların klipləri haqqında düşünürəm. Bu günlərdə Futbol himnini oxudum, bunun təqdimatını da keçirdim".

Müğənni toylardan da gileyini gizlətməyib: "Toylar çox zəifdir, demək olar ki, yox dərəcəsindədir. Devalvasiya toylara böyük təsir edib. Əvvəl bir ayda ən azı 20 toya gedirdiksə, indi ay ərzində iki-üç toya gedirik. Özü də bu təkcə məndə deyil, bütün sənət adamlarında belədir. Görünür, camaatın vəziyyəti pisdir. Yaxşı olsa, toy da olar, şou da".

Onu da qeyd edək ki, müğənninin səhhətində problemlərin yarandığı da verilən məlumatlar sırasındadır.

"Bir az öncə ağır xəstələndim. Özümü pis hiss edirdim. Belimdə ağrılar var idi. Həkim bildirdi ki, sümüyün içində ləkələr var. Sanki dəli oldum. Lakin müəyyən müddətdən sonra təkrar müayinə zamanı bildirdilər ki, ləkə böyüməyib, qorxulu deyil",-deyən müğənni hətta Milli Onkologiya Mərkəzinə də üz tutmalı olub: "Sağ olsun Əhliman Əmiraslanovu, məni qəbul elədi, dedilər ki, hər 6 aydan bir yoxlanmalısan. Hazırda müalicə olunuram. Dəhşətli ağrılarım var. Hazırda evdəyəm, bu ayımı müalicəyə həsr edəcəyəm".

Reyting.az





Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər