Tarix: 04-07-2016 09:57 | Bölmə: Şou-biznes / Xəbərlər
Bir müddət əvvəl Vergilər Nazirliyinin vergi borcu olan sənət adamlarının adını açıqlaması tərəflər arasında gərginliyə səbəb oldu. Etiraz səsini ucaldan müğənnilərdən bəziləri hətta qohumların toyunda oxuduqları bir mahnıya görə də onlardan vergi tutulduğunu dilə gətirdilər. Bəzi sənət adamları məhz bu səbəbdən toyları boykot edəcəklərini dedilər.
Müğənni Əli Mirəliyev isə "Reytinq"ə bildirib ki, vergi söz-söhbətinin qarşısı alınmasa toyda oxutmağa sənət adamı tapılmayacaq.
Saray müğənnisi olmadığını, sadə sənətkar olduğunu deyən Əli Mirəliyevin fikrincə, bu sadəlik səbəbindən xalq onu və onun kimi sənət adamlarını sevir: "Amma xalq bəzi müğənniləri sevmir. Çünki onlar saray müğənniləridir.
"Dədə Qorqud" filmində belə bir yer var, deyir: keç qılıncımın altından, səni bağışlayım! Bunlar da kiminsə "qılıncının altından" keçən əməkdar və xalq artistləridir. Bu səbəbdən də xalq tərəfindən sevilmirlər"
O ki qaldı vergi qalmaqalına, müğənni deyib ki, Vergilər Nazirliyi çoxun hesabına azı da - yəni yaxşı oxuyanları da bada verir: "Öz aramızdır, onlar toylardan 2 min qazanmırlar axı. Belə olan halda tələb olunan pulu necə versinlər? Bəs, özü necə dolansın?".
Ə.Mirəliyevin fikrincə, xalqımızın adətini heç bir məmur əlindən ala bilməz: "Adət də bizimdir, toylar da. Toylarda müğənni olar, oxuyar, ona şabaş verərlər. Yaxşı olar ki, Vergilər Nazirliyi gedib özünə başqa iş tapsın. Camaatın toylarına gəlib şuluq salmasınlar. Onsuz da camaat borc içindədir. Gəlib toy sahibinin qapısının ağzını kəsdirməsinlər. Ayıbdır!".
Vergilər Nazirliyinin şadlıq saraylarına nümayəndə qoydurması ilə bağlı məsələyə gəlincə, müğənni Vergilər Nazirliyinə xitabən "bunlar "yolçular" nazirliyidir",-deyib.
Ə.Mirəliyev bu sənətdə illərlə olan şəxs kimi ölkə başçısına da müraciət etdi:
"Bu oyunların yığışdırılmasında bizə dəstək olun! Müğənnilər hamısı yalandan çıxıb efirdə "Toya 5 minə gedirəm", "10 minə gedirəm",- deyirlər. Yalandır, onlara heç 5 min manat da verən yoxdur. Maşınları da kreditlədir. Arvadları, evləri də bankla alıblar. Onların hər birinin banka borcu var. Yazıqdırlar, imkan versinlər ki, bunlar işləsinlər. Ya bunların heç birini efirə buraxmayın, ya da acından öldürün. Niyə gözəl oxuyanları efirə buraxmırlar?".
Adı Vergilər Nazirliyinin borclular siyahısında olan müğənnilər qurumla razılaşmadıqlarını bəyan etsələr də, dərhal borcu ödəməyə çalışırlar. Ə.Mirəliyev isə bunu onların qorxması ilə əlaqələndirir: "Qorxurlar, neyləsinlər? Nəsə qəmbərquluları var. Bəs mən niyə qorxmuram? Nazirlik birinin əməlinə göz yumur, o birinə "Ödə!"- deyir. Niyə məndən ala bilmirlər?
Arvadından, ərindən boşanan müğənnilər dəstəsinə hər 6 aydan bir fəxri ad verirlər. Amma onların heç birinin fəxri ada layiq ifası yoxdur. Onlar oxuya bilmirlər, qışqırırlar. Xalq artisti də qışqırar?
İndi hamı qışqırır, hətta biri dərvişlik, digəri mollalıq edir. Mahnı janrı qalıb bir kənarda, bunlar farsı, türki, hindi calaq edirlər. Üzeyirin janrı isə batıb. Belə olan halda Vergilər Nazirliyi üstümüzə gələcək də".
Son vaxtlar efirdə az-az görünməsi ilə bağlı sualın cavabında Ə.Mirəliyev "Nanəli" verilişindən küsdüyünü dilə gətirdi: "Mən o verilişdən küsdüm. Mən dedim ki, Emin Sabitoğlunun, Cahangir Cahangirovun, Elza İbrahimovanın mahnılarının qışqırıqla oxunmasına icazə verməyin.
Dedim ki, mahnı oxumaq üçün üç amil lazımdır: bəm, zil, orta. Buna görə də məni xoşlamadılar.
İndi kim oxuyursa, qışqırır. Çünki bunlar oxuya bilmirlər. Axı, muğam çətin janrdır.
Əvvəl Səməd Səmədovu, Nazpərini də efirə buraxmırdılar. Çünki oxuya bilmirlər. Qəndab Quliyeva də həmçinin.
Bu gün efiri zəbt edən xalq, əməkdar artistləri, Prezident təqaüdçüləri var ki, onların heç biri vaxtilə efirə buraxılmayıb. Efirdə İslam Rzayev, Gülağa Məmmədov, Şövkət Məmmədova idi. İndi isə hamı efirdədir.
Azərbaycan musiqisini oxumaq çətindi. "Nanəli" isə deyir ki, ona İrandan da baxırlar. Amma yalan deyir. Gərək yalandan istifadə eləməsin.
Bir daha deyirəm, Azərbaycan musiqisi indi oxunmur. Muğam ifaçıları isə oxumaq əvəzinə qışqırırlar".
Reyting.az
Bölməyə aid digər xəbərlər