Dilənçi qız - Təranə Dəmirin şeiri
Tarix: 21-08-2023 16:48 | Bölmə: Xəbərlər
Dilənçi qız
Təranə DƏMİR

Təranə Dəmir ixtisasca jurnalistdir. Uzun illərdir, bədii yaradıcılıqla məşğul olur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir neçə şeir kitabı çıxıb.

Baxıram bu qızın baxışlarına,
Dərd, ələm danışır burda, İlahi.
Bu gözlər hər yerdə səni axtarır,
Harda gizlənmisən, harda, İlahi?

Təkcə bir qarınlıq çörək dilənmir,
Bu əllər sevgiyə uzanır hər gün.
Hər gün ürəyində ümid göyərir,
Ümidlər qırılır, budanır hər gün.

Hər gün buğda boyda uzanır bu əl,
Nə qədər uzanır Tanrıya çatmır.
Əgər səxavətin belə böyüksə
Bəs niyə çörəyin hamıya çatmır?

Təkcə bu qız deyil bu göyün altda
Bu şəhər, bu küçə, bu daş dilənir.
Göyün üzündəki ulduzlar da ac,
Bu külək, bu bulud, yağış dilənir.

Hər gün min baxışda sınıb tökülür,
Hər gün min baxışda döyülür bu qız.
Hər gün itinə də, çaqqalına da
Gözünün önündə əyilir bu qız.

Dilənir bu qızın ovuclarında,
Bu qızın gözündə dünya dilənir.
Bu qızın üzündə isməti, arı,
Bu qızın üzündə həya dilənir.

Hər gün bir yalanda boğulub gedir,
Hər gün bir yanlışda kirlənir bu qız.
Sənin dərgahında günaha batır,
Sənin dərgahında pirlənir bu qız.

Bu qız ovuc-ovuc xəyallarını
Bu lal küçələrə qoyur, İlahi.
Nə qədər gec deyil özünü göstər,
Bu qızı sevgiylə doyur, İlahi.




Bölməyə aid digər xəbərlər
14-10-2025, 15:38 Azərbaycan əhalisi artıb