Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar, yoxsa kəşfiyyatın növbəti oyunu?
Tarix: 17-02-2018 17:41 | Bölmə: Araşdırma / Slayd
Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar, yoxsa kəşfiyyatın növbəti oyunu?

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar nəticə vermir. Amma böyük dövlətlər, beynəlxalq təşkilatlar, eləcə də münaqişə tərəfləri danışıqların nəticə vermədiyini bəyan edərək, fərqli müstəviyə keçid barədə düşünmürlər.


İki il öncə aprel ayında baş verən lokal hərbi əməliyyatlardan sonra əldə edilən razılaşmaya əsasən, Qarabağ cəbhəsində nisbətən sakitlikdir. Amma deyəsən, bu il sükut yenidən pozula bilər. Maraqlısı odur ki, bu iddianı bir müddət əvvəl Amerika kəşfiyyatı irəli sürüb.

Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar, yoxsa kəşfiyyatın növbəti oyunu?

Bu günlərdə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts ölkə Senatının Kəşfiyyat məsələləri komitəsinin dinləmələrində ənənəvi illik hesabatla çıxışı zamanı Qarabağda gərginliyin alovlanacağını bəyan edib. D. Kouts deyib ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ətrafında gərginlik 2018-ci ildə genişmiqyaslı hərbi münaqişəyə səbəb ola bilər.

Hesabatda 2018-ci ildə ABŞ milli təhlükəsizliyi üçün yarana biləcək bütün təhdidlər barədə danışılır. Dağlıq Qarabağla bağlı hesabatın bir hissəsində "tərəflər güzəştə getməyə tələsmirlər",- deyilir.

ABŞ kəşfiyyatının direktoru hesab edir ki, Azərbaycanda sabit hərbi modernləşmənin aparılması və Ermənistanın Rusiyadan yeni silah sistemləri alması 2018-ci ildə böyük hərbi münaqişələrə səbəb ola bilər.

Hesabata əsasən, Kreml postsovet məkanında öz təsirini daha da genişləndirəcək. Moskva bu məqsədlərlə "aqressiv və oportunist siyəsət" aparacaq.

Qeyd edək ki, Dağlıq Qarabağ ətrafındakı vəziyyətə dair şərhlər Koutsun ABŞ Konqresi Senatının xüsusi Kəşfiyyat komitəsində dinləmələr üçün hazırlanan giriş nitqindəki mətnində əks olunub. Bu müntəzəm dinləmələrdə ABŞ milli təhlükəsizliyi üçün gözlənilən təhdidlər nəzərdən keçirilir. Kouts rəsmi olaraq 16 ABŞ kəşfiyyat təşkilatının işinin koordinatoru hesab edilir.

Diqqətçəkən məqamlardan biri də odur ki, ABŞ kəşfiyyatının belə xəbərdarlığı Ermənistan cəmiyyəti və ekspert çevrələrində narahatlıq yaradıb. Erməni cəmiyyəti ABŞ-ın strateji xəttini müəyyənləşdirən idarənin proqnozuna xüsusi həssaslıqla yanaşır və həyəcan siqnalı çalır. Ermənistanın nüfuzlu 1in.am nəşri bu xüsusa diqqət çəkərək yazıb ki, Yerevan diplomatik cəbhədə hərəkət etməyə, siyasi diversifikasiyanı, iqtisadi effektivliyi təmin etməyə, korrupsiya ilə aktiv mübarizə aparmağa məcburdur.

Ermənistanın narahatlığı başadüşüləndir, əgər cəbhədə “ikinci aprel müharibəsi” yaşanarsa, bundan çox əziyyət çəkəcək. 2016-cı ilin aprelində cəbhədə Azərbaycanın uğur qazanmasından sonra özünə gəlməyən Ermənistanın ABŞ kəşfiyyatının bu xəbərdarlığı qarşısında immuniteti yox dərəcəsindədir.

Azərbaycanın silahlarını modernləşdirməyə getdiyi, hərbi potensialını dünya standartlarına çatdırdığı bir zamanda Ermənistanda bu proses ləngiyir. Buna görədir ki, Ermənistan mətbuatı və ekspert çevrələri təlaşa düşərək, ölkə ordusunu müdafiə qabiliyyətini artırmağa çağırır.

Yuxarıda adını çəkdiyimiz nəşr yazıb ki, Ermənistan ictimaiyyəti hökumətdən təhlükəsizlik naminə effektiv idarəetmə tələb etməlidir. “Çünki Ermənistanın başqa çıxış yolu yoxdur. Amma ola bilər ki, Ermənistanda sülhü və təhlükəsizliyi təmin etmək üçün başqa üsul mövcud deyil. Biz inkişaf etməliyik, müasir olmalıyıq”,- deyə yazıda bildirilib.

Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar, yoxsa kəşfiyyatın növbəti oyunu?

Politoloq Qabil Hüseynli fikirlərini “Reytinq”lə bölüşərkən deyib ki, ABŞ kəşfiyyatı çox dəqiq işləyən və vaxtında informasiya əldə edə bilən təşkilatdır. Bu səbəbdən də, o qurumun hazırladığı hesabatı təkzib etmək üçün əsas yoxdur.

Azərbaycan ermənilərin şıltaqlığına dözməyəcək


Q. Hüseynlinin sözlərinə görə, Ermənistan tərəfi problemin həllində yenə də sərt mövqe tutmaqda davam edir və hər hansı formada gərginliyin dərinləşəcəyi qaçılmazdır:

“Ermənistanın bu mövqeyi Azərbaycan tərəfini ciddi şəkildə hiddətləndirir. YAP-ın qurultayında cənab Prezident İlham Əliyevin Zəngəzur, Göyçə, İrəvan məsələlərinə müraciət etməsi o dərəcədə də uzaq olmayan tarixi hadisələrin yenidən gündəmə gətirilməsidir. Bu bir fatdır ki, ermənilərin Qərbi Azərbayacana gəlməsi, oranı ilhaq etməsi, onun ardınca Dağlıq Qarabağı və ətraf rayonları işğal etməsi beynəlxalq hüquq normalarını çox ciddi şəkildə pozmaq deməkdir, həm də Azərbaycanın milli ləyaqətini təhqir etməkdir. Azərbaycan prezidentinin son çıxışında qeyd etdiyim məsələləri milli hədəf kimi göstərməsi subut edir ki, ölkədəki proseslərə ciddi stimul vermək istəyən bir siyasi iradə mövcuddur. Bu siyasi iradə nə erməni işğalı ilə barışacaq, nə də ermənilərin bu bölgədə “at oynatmasına” imkan verəcək. Biz bu mövqeyi ortaya qoymaqla böyük güclərə çatdırırıq ki, siz bu məsləyə ikili standartla yanaşırsız.

Bu gün Azərbaycanın ilkin hədəfi ölkənin ərazi bütövlüyünü təmin etmək və Qarabağ problemində Azərbaycanın mövqeyini ortaya qoymaqdır. Amma son dövrlər bəzi proseslər göstərir ki, dünya ictimaiyyəti real vəziyyəti qavramağa və Azərbaycanın haqlı mövqeyinə hörmət etməyə başlamaqdadır. Zənnimcə, bu səbəbdən Azərbaycan ermənilərin məsələyə etinasız yanaşmasına və danışıqlar prosesindəki şıltaqlıqlarına dözüm nümayiş etdirməyəcək. Danışıqlar prosesi yoxdursa, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün əlində olan bütün imkanlardan istifadə edəcək. Bu mənada ABŞ kəşfiyyatının hesabatı həqiqətə yaxın xarakter daşıyır”.

“Qərbdən ciddi təpkilər gözləmirəm”

Politoloq vurğulayıb ki, Qarabağ cəbhəsində başlayacaq hərbi əməliyyatlar daha geniş miqyaslı ola bilər. “Güman edirəm ki, bu dəfə hərbi əməliyyatlar bütün cəbhə boyunu əhatə edəcək. Burada söhbət Dağlıq Qarabağın - Xankəndi də daxil olmaqla, işğaldan azad edilməsi və Qarabağ adlanan ərazinin Azərbaycanın nəzarətinə keçməsi ilə bitən hərbi əməliyyatlardan gedir. Hesab edirəm ki, bu, bizim haqqımızdır və buna görə bizə hər hansı bir reaksiya olmamalıdır. Qərbdən ciddi təpkilərin olacağını gözləmirəm. Çünki Qərbi maraqlandıran Bakı-Ceyhanın təhlükəsizliyidir.

Amma Rusiya amilini ciddiyə almaq lazımdır. Görünür, bu istiqamətdə də Azərbaycan diplomatiyası, Azərbaycanın siyasi rəhbərliyi müəyyən işlər aparıb. Bu səbəbdən də ortaya inamlı siyasi mövqe qoyulub”, - deyə Qabil Hüseynli fikrini tamamlayıb.

...Rusiya üçün təhdidə çevrilə bilər

Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar, yoxsa kəşfiyyatın növbəti oyunu?

Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli isə bir qədər fərqli mövqedədir. O, “Reytinq”in əməkdaşına deyib ki, ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatı 2018-ci ildə Qarabağda cərəyan edəcək situasiyadan daha çox ABŞ-ın görmək istədiyi vəziyyəti, yaxud onun uzaq hədəflərə yönələn niyyətini ifadə edir:

“Hesabatda göstərilən arqumentlərin heç biri Qarabağda irimiqyaslı müharibənin başlaması üçün əsas verə bilməz. Əvvəla ona görə ki, hər iki ölkə - həm Azərbaycan, həm də Ermənistan atəşkəs elan ediləndən indiyədək fasiləsiz olaraq hərbi gücünü artırmağa, silahlanmaya xeyli vəsait xərcləyir. Müharibənin başlaması üçün isə indiki beynəlxalq münasibətlər sistemində silahların olması yetərli deyil. Bunun üçün həm də güclü və etibarlı siyasi tərəfdaşlar lazımdır. Cənubi Qafqaz regionuna isə indi daha çox Rusiya təsir göstərə bilir. Rusiya isə iki müttəfiq dövlətin bir-biri ilə müharibə aparmasına razı ola bilməz. Çünki sərhədləri ətrafında hər hansı gərginlik gələcəkdə Rusiya üçün təhdidə çevrilə bilər”.

ABŞ Qafqazdan əl çəkmək istəmir

Müsahibimiz hesab edir ki, ABŞ kəşfiyyatının bu mesajının arxasında Qafqaz regionu uğrunda gedən geosiyasi savaşda Birləşmiş Ştatların kənara çəkilməyəcəyi iddiası var: “Bu açıqlama ilk növbədə Rusiya və Türkiyəyə, daha sonra isə Azərbaycan və Ermənistana ünvanlanmış xəbərdarlıqdır. Rusiyanın bölgədə nüfuzunun artması son vaxtlar ABŞ-ı narahat etməyə başlayıb. Ona görə də ABŞ belə bir açıqlama ilə Rusiyaya xatırladır ki, asanlıqla bu regiondan əl çəkməyəcək.

ABŞ Kəşfiyyatının hesabatının əksinə olaraq, mən, Azərbaycanla Ermənistan arasında hər hansı müharibənin başlayacağına inanmıram. Baxmayaraq ki, torpaqlarımızın azad edilməsi üçün indiki halda müharibəni yeganə çıxış yolu kimi görürəm”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər