Nazirliyin bəzi səlahiyyətləri digər quruma verilib - Dəyişiklik
Tarix: 06-02-2018 10:32 | Bölmə: İqtisadiyyat
Nazirliyin bəzi səlahiyyətləri digər quruma verilib

Azərbaycanda taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirən orqan dəyişib.

Nazirlər Kabineti bununla bağlı "Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə"də dəyişiklik edib.

Dövlət nəzarətinin məqsədi taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal və ixracını nizamlayan standartlara və tələblərə əməl edilməsini təmin etməkdir. İndiyə qədər taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal edilmiş və ixracı nəzərdə tutulan məhsulun keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün standartlara və müvafiq tələblərə riayət edilməsinə səlahiyyətli orqan kimi İqtisadiyyat Nazirliyi tərəfindən öz səlahiyyətləri daxilində nəzarət edilib.

Dəyişikliyə əsasən bundan sonra İqtisadiyyat Nazirliyinin bu sahədə səlahiyyətlərini Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Beləliklə, Qida Təhlükəsizliyi Agentliyi taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal edilmiş və ixracı nəzərdə tutulan məhsulun keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı tələblərə riayət edilməsinə nəzarət edəcək:

- taxıl məhsullarının insanın həyatı, sağlamlığı, dövlətin əmlak maraqları və ətraf mühitin təhlükəsizliyinin qorunmasını təmin edəcək standart və tələblərə uyğunluğuna;

- istehsal edilən, habelə ixracı nəzərdə tutulan qablaşdırılmış taxıl məhsullarının üzərindəki etiketlərin və digər yazıların müvafiq xarici dillərlə yanaşı, dövlət dilində olmasına;

- Azərbaycanda istehlak üçün idxal olunmuş qablaşdırılmış taxıl məhsullarının üzərindəki etiketlərin və adların, onlardan istifadə qaydaları barədə izahat vərəqələrinin başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmasına;

- qablaşdırılmış taxıl məhsullarının etiketinin üzərində məhsulun adının, həcminin növünün və tərkibinin, istifadə sahəsi və qaydalarının, istehsal tarixinin və yararlılıq müddətinin, saxlanma şərtlərinin, istehsalçının adının, ünvanının, əmtəə nişanının və normativ sənədlərdə tələb olunan digər məlumatların olmasına;

- taxıl məhsullarının qablaşdırılmasında və bükülməsində istifadə olunan köməkçi materialların uyğunluq və gigiyenik sertifikatlarının olmasına;

- taxıl məhsullarının tədarükü, saxlanması və daşınması zamanı normativ sənədlərin tələblərinin pozulması nəticəsində baş verə biləcək hər hansı bir tərkib dəyişmələrinə və çirklənmələrə səbəb olan halların (şəraitin) mövcud olub-olmamasına;

- səlahiyyətli orqanlar tərəfindən verilmiş və ya tanınmış qüvvədə olan sertifikatın mövcudluğuna;

- uyğunluq nişanından, müalicəvi, pəhriz , ekoloji təmiz adlarından müvafiq dövlət orqanının icazəsi əsasında istifadəsinə;

- sertifikat və razılıq verilmiş məhsulun normativ sənədlərinə və ya istehsalın texnoloji proseslərinə edilmiş dəyişikliklər barədə sertifikat və razılıq verən səlahiyyətli orqana vaxtlı-vaxtında məlumatın verilməsinə;

-taxıl məhsulunun istehsalının müvafiq səlahiyyətli dövlət orqanında qeydiyyatdan keçmiş normativ sənədlər (standartlar, normalar) əsasında aparılmasına, o cümlədən beynəlxalq, regional və xarici ölkələrin milli standartları əsasında istehsal olunan taxıl məhsullarının keyfiyyətinə olan tələblərə cavab verməsinə və göstərilən standartların standartlaşdırma və sertifikatlaşdırma sahəsində milli orqanda qeydiyyata alınmasına;

- taxılçılıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilən məhsulların sınaqlarının dövri olaraq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş və müvafiq qaydada akkreditasiya olunmuş laboratoriyalarda (mərkəzlərdə) aparılmasına;

- Azərbaycana idxal edilmiş taxıl məhsullarının standartlara və tələblərə uyğunluğu araşdırılarkən istehsalçı ölkənin müvafiq orqanları tərəfindən verilmiş məhsulun mənşəyini, keyfiyyətini və təhlükəsizliyini xarakterizə edən uyğunluq, gigiyenik, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda fitosanitar və baytarlıq sertifikatların rəsmi tərcüməsinin mövcudluğuna.

Qida Təhlükəsizliyi Agentliyinin taxıl məhsullarına dövlət nəzarəti sahəsində aşağıdakı səlahiyyətləri var:

- taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl məhsullarının keyfiyyətinə dair müəyyən olunmuş standartlara və tələblərə riayət edilməsini yoxlamaq;

- taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxalı və ixracı ilə məşğul olan taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl haqqında qanunvericiliyə əməl olunmasını yoxlamaq;

- müəyyən edilmiş qaydada keyfiyyətinin təmin edilməsi üçün taxıl məhsullarından nümunələr götürmək, taxılçılıq fəaliyyətinin subyektlərindən taxıl məhsullarının keyfiyyəti barədə müvafiq məlumatlar tələb etmək;

- taxılçılıq fəaliyyətinin subyektlərinə taxıl haqqında qanunvericiliyin pozulması hallarının aradan qaldırılması haqqında icrası məcburi olan göstərişlər vermək;

- keyfiyyət göstəriciləri standartlara və tələblərə uyğun gəlməyən taxıl məhsullarının istifadəsini qadağan etmək, onların götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə müvafiq qərarlar qəbul etmək və təkliflər vermək;

- hüquqi və fiziki şəxslərin müraciəti əsasında taxıl məhsullarının keyfiyyətinin ekspertizasını aparmaq;

- qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.(APA)




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}