Elman Rüstəmov kredit borcu olanları aldadıb
Tarix: 22-09-2018 18:17 | Bölmə: İqtisadiyyat
Elman Rüstəmov kredit borcu olanları aldadıb

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xarici valyutada olan kreditlərə dair son qərarını verib.

Reyting.az
-ın xəbərinə görə, məhkəmə qərar verib ki, dollar ilə kredit götürənlər borclarını bugünkü məzənnə ilə ödəməli olacaqlar.

Ekspert Əkrəm Həsənov məsələni şərh edərkən deyib ki, Konstitusiya Məhkəməsinin qərarı gözlənilən idi:

"Möcüzə baş vermədi. Məhkəmə dedi ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi borc alan üçün gözlənilməz deyil, çünki o, krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürmüş hesab edilir və buna görə də devalvasiya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Başqa sözlə, borc alan devalvasiya faktına istinad edərək, kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya müqavilənin ləğv edilməsini tələb edə bilməz. Buna görə də borc alanlar xarici valyutada olan borclarını cari məzənnə ilə ödəməlidir”.

Ekspert qeyd edib ki, 2015-ci ilin may ayında da Konstitusiya Məhkəməsi dollar kreditləri məsələsini bir qədər fərqli prizmadan şərh etmişdi. Mahiyyət etibarı ilə yenə eyni qərarı verilib:

"Fərq yalnız ondan ibarətdir ki, 2015-ci ildə məsələnin Konstitusiya Məhkəməsinə çıxmasında banklar özləri maraqlı idi ki, problemini birdəfəlik həll etsinlər. İndi isə məsələ Konstitusiya Məhkəməsinə sırf məhkəmə sisteminin təşəbbüsü ilə çıxdı (səbəbi müəmmalı olaraq qalır!). Məhkəmə də dərhal Banklar Assosiasiyasına rəy üçün müraciət etdi və faktiki olaraq qərarında bankların mövqeyini təsbit etdi”.

Elman Rüstəmov kredit borcu olanları aldadıb

Ə. Həsənov
un sözlərinə görə, digər fərq ondan ibarətdir ki, əgər 2015-ci ildə qərar yalnız dövlət məmurlarının deyil, həmçinin digər hüquqşünasların da rəyi nəzərə alınmaqla qəbul edilmişdisə, yeni qərarın preambula hissəsindən görünür ki, bu dəfə ekspertlərin dairəsi sırf məmurlarla məhdudlaşıb:

“2015-ci ildə Konstitusiya Məhkəməsi məsələnin ictimaiyyət üçün geniş anonsunu verdi. Bu dəfə isə "örtülü bazar” idi. İctimaiyyətə açıqlama verilmədi. Hətta məhkəmənin iclasından sonra belə. Yalnız mənim açıqlamamdan sonra məhkəmə belə bir işə baxdığını etiraf etdi.

Bizim Konstitusiya Məhkəməmiz isə çox bəsit şəkildə dedi ki, devalvasiyanı "tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Ona görə ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyənləşdirir və elan edir. Göründüyü kimi, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin mümkünlüyü qanunvericilikdə təsbit edilmişdir”.

Ekspert deyir ki, bu məntiqlə heç bir halı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab etmək olmaz. Məsələn, qiymətlərin kəskin dəyişməsini və s. Demək olar ki, qiymətin dəyişməsi qanunun müqavilə azadlığı və bazar iqtisadiyyatı prinsiplərindən irəli gəlir:“Halbuki, xarici təcrübədə qiymətlərin kəskin dəyişməsi şəraitin əhəmiyyətli dəyişməsinin klassik və geniş yayılmış misalıdır. Onda belə çıxır ki, biz aparıcı ölkələrdən daha ağıllı və savadlıyıq?! Ən maraqlısı isə odur ki, bu yanaşması ilə Konstitusiya Məhkəməsi dolayısı ilə borc alanlara imkan yaratdı ki, Mərkəzi Banka qarşı iddia qaldırsınlar. Əgər devalvasiya sırf Mərkəzi Bankın "əməyinin” nəticəsidirsə, onda niyə də borc alanlar onlara dəyən zərəri Elman Rüstəmovdan tələb etməsinlər? Məsələn, desinlər ki, yaxşı, tutaq ki, biz devalvasiyanı qabaqcadan görməli idik, amma Elman müəllim ondan bir neçə gün əvvəl televiziyada çıxış edib bizi aldatdı ki, devalvasiya olmayacaq, buna görə də yalanına görə cavab versin! Belə olsa, yəqin ki, Konstitusiya Məhkəməsi məsələyə üçünü dəfə də baxmalı olacaq. Bu dəfə Mərkəzi Banka qarşı olan iddialar çərçivəsində”.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}