Lökbatanda güclü yanğın: həyatını itirən 4 nəfərdən 2-si uşaqdır - (Yenilənib)
Tarix: 05-12-2025 11:30 | Bölmə: Cəmiyyət

Lökbatanda güclü yanğın: həyatını itirən 4 nəfərdən 2-si uşaqdır - (Yenilənib)

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında güclü yanğın baş verib.

Reyting.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında dərhal əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

***

05.12.2025-ci il tarixində saat 03:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış massivində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

Reyting.az xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.

***

Baş Prokurorluğun Mətbuat xidməti isə bildirir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Bildirilib ki, yanğının başvermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.

Hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-si azyaşlıdır) boğularaq ölüb.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında 4 nəfərin ölümü, 4 nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanıb.

Baş Prokurorluqdan Reyting.az-a bildirilib ki, Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə tapşırılıb.

Cinayət işi üzrə aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icra edilib.

İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaq.





Bölməyə aid digər xəbərlər
Dünən, 12:21 Sabah yağış yağacaq
8-12-2025, 13:06 Sabah yağış yağacaq
6-12-2025, 13:58 Sabah yağış yağacaq