Bakıdakı məktəbdə 8 şagird saqqızdan zəhərlənib - Yenilənib
Tarix: 11-12-2025 13:56 | Bölmə: Slayd

Bakıdakı məktəbdə 8 şagird saqqızdan zəhərlənib

Bu gün Bakı şəhərinin 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 8 şagirdində ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.

Reyting.az xəbər verir ki, təhsil müəssisəindən bildiriblər ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıblar.

Məlumata görə, məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da paylayıb. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss etməyə başlayıblar.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Qeyd olunan şagirdlər müvafiq müayinə və uyğun tibbi prosedurlara cəlb olunub. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

***

Bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, 14 saylı orta məktəbdən təcili çağırış qeydə alınıb.

Bu barədə TƏBİB-dən bildiriblər.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına 5 nəfər (kişi cinsli), Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentlərdən 1-nə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər 7 pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib.

Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə evə buraxılıb", - məlumatda qeyd olunub.





Bölməyə aid digər xəbərlər