Nazir Mikayıl Cabbarov 7 nəfərə əlavə səlahiyyət verib - Əmr
Tarix: 23-01-2017 16:32 | Bölmə: Cəmiyyət

Qafqaz Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupun tərkibi açıqlanıb.

Reyting.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev qrupun sədri, Qafqaz Universitetinin Tədris işləri üzrə prorektoru Həmzağa Orucov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun baş məsləhətçisi Yaşar Ömərov, Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun məsləhətçisi Günay Ələkbərova, Təhsil Nazirliyinin Hüquq şöbəsinin sektor müdiri Rasim Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədrisin metodik təminatı və akkreditasiya bölməsinin müdiri Nazim Abbasov, Azərbaycan Texniki Universitetinin dosenti Bəxtiyar Namazov isə qrupun üzvü təyin ediliblər.

İşçi qrupa tapşırılıb ki, universitetdə təhsil alan tələbələrin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları bala, ixtisaslarına və tədris dilinə uyğun olaraq, habelə onların dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil alması nəzərə alınmaqla digər ali təhsil müəssisələrinə yerləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim etsin, akademik məzuniyyətdə olan və ya müxtəlif səbəblərdən ali məktəbdən xaric olunmuş tələbələr barədə arayış hazırlasın.

Əmrdə qeyd olunub ki, işçi qrupun sədrinə qrupun fəaliyyətinə əlavə əməkdaşlar cəlb etmək səlahiyyəti verilib.





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər