Baş Prokurorluq KİV-lərə və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib
Tarix: 05-02-2021 13:12 | Bölmə: Cəmiyyət
Baş Prokurorluq KİV-lərə və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib

Vətən müharibəsi ilə bağlı mövzulara münasibətdə həssaslıq nümayiş etdirilməsi, yayılmış məlumatların düzgünlüyünün yoxlanılması üçün dəfələrlə tövsiyələr verilməsinə baxmayaraq, təəssüf ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri süni ajiotaj yaratmaq məqsədilə məlumatı dəqiqləşdirmədən ictimailəşdirirlər.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Belə ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu aparılmış araşdırmalarla Rüstəmova Əfsanə Süleyman qızının “Facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə iki övladının Vətən müharibəsində itkin düşdüyünü bildirən Rəna Kazımova adlı qadının videogörüntülərini ictimailəşdirməsi, övladlarından xəbər ala bilmədiyini diqqətə çatdıran həmin qadına köməklik göstərilməsi ilə bağlı çağırışını müəyyən edib:

“Əfsanə Rüstəmova tərəfindən yerləşdirilmiş məlumatlar yoxlanılarkən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının və inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinin pozulması aşkarlanıb.

Qeyd edilənlərlə əlaqədar Əfsanə Rüstəmova Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ictimai rəyi çaşdırmaq, sensasiya naminə dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi güdməklə konkret faktlara əsaslanmayan məlumatların qanunsuz olaraq yayılmasını davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib”.

Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən yaranmış hazırkı həssas vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunmaqla bir daha nəzərə çatdırılır ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq