Ombudsmanın səlahiyyəti artırılır
Tarix: 18-10-2022 12:51 | Bölmə: Cəmiyyət
Ombudsmanın səlahiyyəti artırılır

Ombudsmana yeni səlahiyyətlər veriləcək.

Reyting.az
xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklərdə əks olunub.

Layihəyə əsasən, ombudsmanın fəaliyyətinin əsaslarına dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər) və büdcə təşkilatları, onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası da daxil edilir.

Ombudsman publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin (informasiya sahibləri) “İnformasiya əldə etmək haqqında” qnunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə də nəzarəti həyata keçirəcək.

Müvəkkilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın və “Uşaq hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirmək də həvalə olunur. Eyni zamanda Müvəkkil insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilər.

Qanun layihəsi deputatların müzakirəsindən sonra səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər