AFFA milli komandaya cəlb etmək istədiyi şəxslərlə danışıqları dayandırıb
Tarix: 23-04-2020 12:35 | Bölmə: İdman
AFFA milli komandaya cəlb etmək istədiyi şəxslərlə  danışıqları dayandırıb

AFFA Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərlə danışıqlara müvəqqəti fasilə verib.

Reyting.az
xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilir ki, bu qərar koronavirus səbəbindən yaranan fasiləyə görə verilib:

"Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi istiqamətində ötən müddət ərzində AFFA tərəfindən müvafiq işlər görülüb.

Əvvəlcə namizədlərin geniş siyahısı tərtib olunub və həmin siyahı ilə bağlı İcraiyyə Komitəsinin 2020-ci il 28 yanvar tarixində keçirilmiş iclasında fikir mübadiləsi aparılıb. İcraiyyə Komitəsinin və Məşqçilər Komitəsinin tövsiyələri nəzərə alınmaqla namizəd məşqçilərin qısa siyahısı hazırlanıb. Lakin dünyanın əksər ölkələrini əhatə edən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bir çox fəaliyyət sahələrində işlərin sürətinin azaldılması və bir sıra hallarda dayandırılması, ölkədaxili və beynəlxalq futbol turnirlərində oyunların qeyri-müəyyən müddətə təxirə salınması, müvafiq yarışların təqvimləri ilə bağlı dəqiqləşdirmələrin aparılmasının hələ ki, mümkünsüzlüyü nəzərə alınaraq, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərlə danışıqlara müvəqqəti fasilə verilib. Bununla belə, AFFA tərəfindən müvafiq məşqçilərlə mütəmadi qaydada əlaqə saxlanılır".

Qeyd edilir ki, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müvafiq məlumatlar AFFA-nın saytı vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər