"Legiya"nın direktoru: "Mahir Emreli yaxşı hərəkət etmir, özünə xələl gətirir"
Tarix: 17-01-2022 16:56 | Bölmə: İdman
"Legiya"nın direktoru: "Mahir Emreli yaxşı hərəkət etmir, özünə xələl gətirir"

"Məncə, bu, mütləq Emrelinin günahı deyil, yəqin ki, onun məsləhətçilərinindir".

Bunu Polşa "Legiya"sının idman direktoru Yatsek Zelinski Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin toplanışa qoşulmaması barədə "TVP Sport"a açıqlamasında deyib.

Zelinski 25 yaşlı hücumçunun müqavilə ilə Varşava təmsilçisinə məxsus olduğunu xatırladıb: "Məncə, mövzunu çox pis oynayırlar. O, bizim oyunçumuzdur. Azarkeşlərlə insidentdən öz ehtiyaclarınız üçün istifadə axmaqlıq etmək cəhdidir. O, hər şeydən əvvəl özünə, komandaya və gələcəkdə başqa klubların özünü necə görməsinə xələl gətirir. Bu, yaxşı hərəkət deyil. Hazırda iş vəkillərin müzakirəsi səviyyəsində gedir. Mənə elə gəlir ki, bizim arqumentlərimiz kifayət qədər güclü, balanslaşdırılmışdır. Qarşı tərəf isə müxtəlif arqumentlərdən istifadə edirlər və oyunçunu daha da zədələyirlər. Bunun necə həll olunacağını söyləmək çətindir".

Klub rəsmisi Emrelinin adının Türkiyənin "Qalatasaray" və "Başakşehir" komandaları, həmçinin Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə hallanmasına da toxunub: "Bu komandalardan təkliflər alırıqmı? Bilirəmki, bu, agentlərin işidir. Onlar vəziyyəti elə idarə edirlər ki, sanki Emreli azad agentdir. Bu, qətiyyən doğru deyil. O, "Legiya"nın futbolçusudur. Qarşıda bizi araşdırma gözləyir. Hesab edirəm ki, mübahisəli məsələdə bizim xeyrimizə olan ciddi arqumentlər var. Mahirin nümayəndələri onu sərbəst oyunçu kimi təklif etməyə çalışırlar. Bəlkə də bu maraq ondan irəli gəlir. Çünki söhbət klubdan gedirsə, Emreliyə heç bir təklif gəlməyib"/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər