Qaimə-fakturadan istifadə etməyən sahibkarlara sanksiya tətbiq olunacaq - Xəbərdarlıq
Tarix: 05-04-2017 15:24 | Bölmə: İqtisadiyyat


Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturadan ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Reyting.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin sahibkarlara etdiyi xəbərdarlıqda deyilir.

Nazirliyin xəbərdarlığında qeyd olunur ki, eyni nöqsana ikinci dəfə yol verildikdə sanksiya 20%, üç və daha çox dəfə yol verildikdə isə 40% olur.

Qeyd edək ki, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-fakturanın verilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilib.

Mövcud qanunvericiliyə əsasən, sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olan ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2017-ci il 1 aprel tarixindən elektron qaimə-faktura təqdim edilməlidir. Bütün digər vergi ödəyiciləri isə bunu 2018-ci il 1 yanvar tarixindən etibarən etməlidir.

Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilir.

Elektron qaimə-faktura "Onlayn rejimdə” Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən, "Asan İmza") vasitəsi ilə elektron qaydada tərtib edilərək və ya "Lazımi proqramlar”dan istifadə edilməklə "Oflayn rejimdə” tərtib edilkdən və elektron imza vasitəsi ilə imzalandıqdan sonra alıcıya göndərilir.

"Odur ki, qanunvericiliklə nəzərdə tutulmuş hallarda qeyd edilmiş müddətdən etibarən elektron qaimə-fakturanın tətbiqinə başlanılmalıdır. Risklərin yaranmaması, ödəyicilərin hər hansı maliyyə itkilərinə məruz qalmaması üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməyiniz tövsiyə olunur", - deyə Nazirliyin müraciətində qeyd olunub.(Mənbə:Report)





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər