Nazir teatra baş baletmeyster təyin edib - Fotolar
Tarix: 15-04-2022 20:40 | Bölmə: Mədəniyyət
Nazir teatra baş baletmeyster təyin edib
Anar Kərimov

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu baletmeysteri, xoreoqraf, Əməkdar artist Emin Əliyev çalışdığı kollektivə baş baletmeyster vəzifəsinə təyin olunub.

Reyting.az
xəbər verir ki, Emin Əliyev ona göstərilən etimada görə Mədəniyyət nazirinə minnətdarığını bildirib:

“Cənab nazir Anar Kərimova mənə göstərilən etimada görə təşəkkür edirəm. Bu etimadı böyük məsuliyyətlə doğruldacağıma, teatrın balet truppasının üzvləri ilə birgə səylərimizi əsirgəməyəcəyimə söz verirəm. Bu gün Akademik Musiqili Teatr ailəsinin bir üzvi kimi özümü çox xoşbəxt hiss edirəm. Uğurlarıma sevinən hər kəsə təşəkkür edirəm”.



Qeyd edək ki, Emin Eldar oğlu Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. 1996-cı ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Akademik Opera və Balet Teatrında tamaşaya qoyulan Xalq artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb və bu obrazla Rusiyanın Böyük Teatrında, Sankt-Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin “Anadolu Atəşi” və 2017-ci ildə “Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib.

2008-ci ildə “Əməkdar artist” adına layiq görülən E. Əliyev dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətini təmsil edib. Həmçinin o, maestro Niyazinin “Rast” simfonik muğamı və “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında “Dəryadan damla” balet-tamaşasına quruluş verib.

Emin Əliyev 2019-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrıda balet artisti kimi fəaliyyətə başlayıb, 2020-ci ildən isə quruluşçu baletmeyster vəzifəsini icra edib.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər