Şuşanın adından icazəsiz istifadə mümkün olmayacaq
Tarix: 19-04-2022 17:00 | Bölmə: Mədəniyyət
Şuşanın adından icazəsiz istifadə mümkün olmayacaq

Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşir.

Bununla bağlı "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna dəyişiklik təklif edilir.

Layihəyə əsasən, Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallar istisna olmaqla, aşağıdakı hallarda “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir:

- hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında;

- mükafatların və təltiflərin adlarında;

- yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında;

- kommersiya və reklam məqsədilə;

- əmtəə nişanlarında və coğrafi göstəricilərdə.

Həmin hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir/APA.

Bununla yanaşı, Şuşa şəhərinin ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətinə dair tələblər sərtləşdirilir.

Hazırda qüvvədə olan qanuna əsasən, Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən arxeoloji abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğuna məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədə qərar Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən qəbul edilir.

Layihəyə əsasən, artıq bu tələb tək arxeoloji deyil, bütün abidələrə şamil ediləcək. Başqa sözlə, Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğuna məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədə qərar Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən qəbul ediləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər