Ermənistanda Rusiya əleyhinə etiraz aksiyası keçirilib
Tarix: 09-07-2025 17:29 | Bölmə: Dünya
Ermənistanda Rusiya əleyhinə etiraz aksiyası keçirilib

Bu gün Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin binası qarşısında Rusiya telekanallarının ictimai multipleks və kabel şəbəkələrindən çıxarılması tələbi ilə etiraz aksiyası keçirilib.

Reyting.az
Ermənistan mediasına istinadla xəbər verir ki, aksiyada siyasətçilər çıxış ediblər.

“Respublika Naminə” partiyasının sədri Arman Babacanyan hər hansı xarici telekanalın ictimai multipleksdə təkrar yayımının əleyhinə danışıb və əlavə edib ki, Ermənistan qanunvericiliyi bunu Rusiya telekanallarına münasibətdə də təmin etməyə imkan verir.

O, əmin olduğunu bildirib ki, bu telekanallar Ermənistanı hibrid müharibənin tərkib hissəsi adlandıraraq təhqir edir. Onun sözlərinə görə, Rusiyanın siyasəti Ermənistanın dövlətçiliyini aradan qaldırmağa yönəlib.

Adıçəkilən partiyanın sədr müavini Ruben Mehrabyan “Sputnik Ermənistan”ın da fəaliyyətini qadağan etməyə çağırıb.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts da Ermənistanda Rusiya telekanallarının yayımının kəsilməsinin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, bu telekanalların yaydığı məzmun Ermənistanın təhlükəsizliyinə təhdid yaradır.

Aksiya iştirakçıları əllərində “Düşmən kanallarına yox!”, “Rus nifrət nitqinə yox!” yazıları olan plakatlar tutub, həmçinin “Rus təbliğatına yox!”, “Rus zəhərinə yox!”, “Rusiya, sus!” şüarları səsləndiriblər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
6-07-2025, 20:08 BRICS Sammiti başlayıb