Ceyhun Bayramov Hakan Fidanla mövcud təhlükəsizlik vəziyyətini müzakirə edib
Tarix: 04-12-2025 09:22 | Bölmə: Siyasət

Ceyhun Bayramov Hakan Fidanla mövcud təhlükəsizlik vəziyyətini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 3-də ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Reyting.az Xarici İşlər Nazirliyinə istinadla bildirir ki, görüşdə Azərbaycan-Türkiyə arasında möhkəm dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə inkişafı məsələləri, habelə geniş bölgədə mövcud təhlükəsizlik vəziyyəti, regional sülh və sabitliyin təmin olunması istiqamətində görülən tədbirlər müzakirə olunub.

Bu çərçivədə iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə davam etməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər iqtisadiyyat və ticarət, energetika və nəqliyyat-kommunikasiya layihələri, o cümlədən regional bağlantı təşəbbüslərinin reallaşdırılması ilə bağlı perspektivləri nəzərdən keçiriblər.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətindən söz açaraq, Azərbaycan və Türkiyənin bir-birini qarşılıqlı şəkildə dəstəkləməsinin regional əməkdaşlığa müsbət töhfə verdiyini vurğulayıblar.

Nazirlər həmçinin digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.





Bölməyə aid digər xəbərlər