Ukrayna nümayəndə heyəti danışıqlar üçün Cenevrəyə yola düşüb
Tarix: 16-02-2026 10:04 | Bölmə: Siyasət

Ukrayna nümayəndə heyəti danışıqlar üçün Cenevrəyə yola düşüb

Ukrayna nümayəndə heyəti 17-18 fevral tarixlərində Ukrayna, ABŞ və Rusiya arasında müharibənin sona çatması ilə bağlı üçtərəfli danışıqların yeni mərhələsinin keçiriləcəyi Cenevrəyə yola düşüb.

Reyting.az bildirir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanov məlumat verib.

K. Budanov özünün və nümayəndə heyətinin digər üzvlərinin qatarda çəkilmiş şəklini paylaşaraq yazıb:

"Cenevrəyə gedirik. Növbəti danışıqlar mərhələsi qabaqdadır. Yolda həmkarlarımızla tariximizin dərslərini müzakirəyə çıxarıb düzgün nəticələr əldə edəcəyik. Ukraynanın maraqları qorunmalıdır".

Bu arada, Rusiyanın TASS xəbər agentliyi Qərb mənbələrinə istinadla bildirib ki, Cenevrədə keçiriləcək danışıqlarda enerji atəşkəsi müzakirə olunacaq.

Həmçinin qeyd olunur ki, İsveçrə üçtərəfli danışıqlar üçün Cenevrəyə gedən Rusiya nümayəndə heyətinin təhlükəsiz keçidini təmin edəcək.

Rusiya nümayəndə heyətinin tərkibində ən azı 15 nəfər olacaq. Xüsusilə, danışıqlarda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin iştirak edəcək. Rusiya prezidentinin köməkçisi Vladimir Medinski nümayəndə heyətinin rəhbəridir.

“Reuters” agentliyinin məlumatında isə bildirilir ki, səfirlər Stiv Uitkoff və Cared Kuşner də daxil olmaqla Amerika nümayəndə heyəti 17 fevral səhəri Cenevrədə İran tərəfi ilə görüşəcək. Daha sonra Uitkoff və Kuşner günortadan sonra Rusiya və Ukrayna nümayəndələri ilə üçtərəfli danışıqlarda iştirak edəcəklər.

E. KAMAL





Bölməyə aid digər xəbərlər