ATƏT-in fəaliyyətdə olan sədri: “Regiondakı vəziyyət dəyişib”
Tarix: 15-03-2021 13:29 | Bölmə: Siyasət
ATƏT-in fəaliyyətdə olan sədri: “Regiondakı vəziyyət dəyişib”

“Regiondakı vəziyyət dəyişib”.

Bunu Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan XİN başçısı Ceyhun Bayramov ilə görüşdən sonra deyib.

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağda atəşkəsin elan olunması ilə bağlı verdiyi bəyanatı alqışlayıb.

A.Linde qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi İsveçin əsas prioriteti Avropadakı təhlükəsizlik sistemini qorumaq və hərtərəfli təhlükəsizlik konsepsiyasını dəstəkləməkdir. O, ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiyini də əlavə edib/Report.

Ceyhun Bayramov isə bildirib ki, bölgədə yaranmış yeni reallıq, yeni tranzit imkanları Azərbaycan və ATƏT arasında dialoqun xeyli zənginləşməsinə səbəb ola bilər: “Ermənistanın növbəti təxribatına cavab olaraq 44 günlük Vətən müharibəsi nəticəsində 30 il işğal altında olan Azərbaycan torpaqları azad edilib. Azərbaycanın BMT qətnamələri, ATƏT qərarlarında qəbul olunan ərazi bütövlüyü bərpa edilib. Bölgədə yaranmış vəziyyət yeni təhlükəsizlik formatının yaradılmasına, ölkələr arasında əməkdaşlığın genişlənməsinə münbit imkan yaradır. Azərbaycan Helsinki Yekun Aktına, ərazi bütövlüyü, sərhədlərin pozulmaması əsasında ölkələr arasında münasibətlərin normallaşmasına tərəfdardır. 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlar bölgədə sülhün yaradılmasını təmin edir. ATƏT və Azərbaycan arasında həyata keçirilən layihələr bu istiqamətdə vəziyyətin stabilləşməsinə mühüm töhfə verə bilər. Postmüharibə dövründə minaların təmizlənməsi, icmalar arasında etimad mühitinin yaradılması və digər istiqamətlərdə mühüm imkanlar mövcuddur”.

Xarici işlər naziri qeyd edib ki, İsveç və Azərbaycan əməkdaşlığı bölgədə əməkdaşlığın inkişaf etdirilməsi baxımından da mühümdür.




Bölməyə aid digər xəbərlər