Ermənistanda növbəti gərginlik: təyyarədən əsirlərin əvəzinə general düşüb - Fotolar
Tarix: 09-04-2021 08:56 | Bölmə: Siyasət
Ermənistanda növbəti gərginlik: təyyarədən əsirlərin əvəzinə general düşüb

Dünən axşam saatlarında Ermənistanda Bakıdan uçan təyyarədə erməni hərbi əsirlərin gətiriləcəyi ilə bağlı məlumatlar yayılıb.

“Sputnik Armeniya” xəbər verir ki, məlumatı Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın mətbuat katibi Njde Ovsepyan açıqlayıb. N. Ovsepyan bildirib ki, Azərbaycandan növbəti hərbi əsirlər qrupu İrəvana yola salınıb.

Nəticədə İkinci Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçilərin ailələri və yaxınları Bakıdan İrəvana yola düşən təyyarəni qarşılamaq üçün “Erebuni” aeroportuna toplaşıblar.

Bakıdan yola düşən təyyarə “Erebuni”yə endikdə məlum olub ki, hava gəmisində hərbi əsirlər deyil, Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovdur.

Aeroporta toplaşanlar bundan sonra itkin düşmüş hərbçilərin valideynlərinin aksiyasına qoşulmaq üçün Müdafiə Nazirliyinin binasına doğru istiqamət götürərək binanı mühasirəyə alıblar.

Reyting.az xatırladır ki, Ermənistanın hərbi əsir kimi təqdim etdiyi və Azərbaycanda saxlanılan həmin hərbçilər üçtərəfli razılaşmaya əməl etməyərək Qarabağda terror-dversiya törətmiş şəxslərdir. Atəşkəsdən sonra onların törətdikləri terror nəticəsində Azərbaycanın mülki şəxsləri və hərbçiləri həlak olub. Bu səbəbdən rəsmi Bakı haqlı olaraq onları hərbi əsir hesab etmir.





Bölməyə aid digər xəbərlər