Fazil Mustafa: “Ermənilərin yenidən revanş götürmək niyyətləri var”
Tarix: 18-08-2021 16:09 | Bölmə: Siyasət
Fazil Mustafa: “Ermənilərin yenidən revanş götürmək niyyətləri var”

“Bölgədəki bütün proseslərin bir-birilə əlaqəsi var. Azərbaycan Türkiyə ilə müttəfiqdir və hər hansı bir məsələ ortaya çıxdıqda onu koordinasiyalı şəkildə həll etməyə çalışırlar”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan Müdafiə naziri Zakir Həsənovun Türkiyə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, həm Qarabağda, həm də Azərbaycan-Ermənistan sərhəddində təxribatlar artmağa başlayıb: “Görünür müharibədən sonra ermənilərin yenidən revanş götürmək niyyətləri var. Amma buna nail olmaq məsələsində illuziya yaşayırlar. Anlamırlar ki, bu dəfə daha böyük məğlubiyyətlə qarşılaşacaq və Qarabağda ermənilərin mövcudluğu sual altına düşəcək. Ona görə də belə yanaşmalar bizi narahat etməməlidir. Eyni zamanda bizdə arxayınlıq da yaranmamalıdır. Bu, bölgədə daha diqqətli şəkildə siyasət həyata keçirməyimizə şərait yaradar. Əgər arxayınlaşsaq, düşünəcəyik ki, tədricən, vaxtı tələsdirmədən bu işləri həyata keçirək. Amma elə məsələlər var, bizi də düşündürür və belə qənaət yaradır ki, prosesi sakit məcrada aparmaq olmaz. Böyük ehtimalla Azərbaycanın Müdafiə naziri də Türkiyəyə vəziyyəti müzakirə etmək üçün yollanıb. Real vəziyyət ölkədə çox az adama bəllidir”.

F. Mustafa bildirib ki, Rusiyanın nə tələb etdiyi, hansı addımlar atmaq istədiyi, ermənilərin hansı hərəkət etdiklərinə dair bizdə məlumat yoxdur: “Bunu müvafiq qurumlar daha yaxşı bilirlər. Ona görə də belə zərurət yaranıb k, nazir Türkiyəyə getsin və real vəziyyətlə əlaqədar müzakirələr aparsın”.

Məlumat üçün bildirək ki, “IDEF-2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyənin Milli müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşüb. Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}