Prezident Mərkəzi Bankla bağlı fərman imzalayıb - Yenilənib
Tarix: 31-07-2023 12:25 | Bölmə: Slayd
Prezident Mərkəzi Bankla bağlı fərman imzalayıb

Prezident İlham Əliyev “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə 6 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

Reyting.az
 xəbər verir ki, fərmanla quruma tövsiyyə edilib ki, aşağıdakı normativ xarakterli aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat versin:

- Kredit təşkilatlarında və qanuna müvafiq olaraq ödəniş xidmətlərini həyata keçirən şəxslərdə kassa əməliyyatlarının aparılması qaydaları, habelə həmin təşkilatlar tərəfindən istifadə olunan nağd pul avadanlıqlarına dair minimum tələblər;

- İnvestisiya pul nişanlarının satışı qaydası;

- Pul nişanlarının reproduksiyası qaydası;

- Ödəniş xidmətləri təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması və onlar arasında hesablaşmaların həyata keçirilməsi qaydaları, həmçinin ödəniş alətlərinə dair tələblər;

- Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı qaydası;

- Xüsusi tənzimləmə rejiminin tətbiqi qaydası;

- Lisenziya və icazələrin verilməsi üçün təqdim olunan sənədlərin forması və məzmunu;

- Yoxlama haqqında hesabatın tərtib edilməsi qaydası, habelə forması və məzmunu.

Bundan başqa, Mərkəzi Bank yenilənmiş qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

***

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) üzvlərinin sayı 7-dən 9-a çatdırılıb.

Reyting.az
xəbər verir ki, bu, prezident İlham Əliyevin təsdiqlədiyi “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Sənədə əsasən, İH AMB-nin kollegial ali idarəetmə orqanıdır. Onun tərkibi sədr, daimi əsaslarla işləyən 6 üzv (hazırda 4 üzvdür) və 2 kənar üzv daxil olmaqla 9 üzvdən ibarətdir.

***

Prezident İlham Əliyevin təsdiqlədiyi “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunla quruma iqtisadi müstəqillik verilib.

Reyting.az
 xəbər verir ki, sənədə əsasən, AMB iqtisadi müstəqilliyə malikdir və aktivlərinin satışından və yaxud onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir.

Bu Qanunda nəzərdə tutulmuş hal istisna olmaqla, AMB dövlətin öhdəlikləri, dövlət isə AMB-nin öhdəlikləri üçün cavabdeh deyil.




Bölməyə aid digər xəbərlər