Moskva müharibə şəhərinə çevrilir
Tarix: 02-08-2023 17:08 | Bölmə: Slayd
Moskva müharibə şəhərinə çevrilir

Ukraynanın “müharibəni Rusiyaya gətirmək” planına uyğun olaraq, bu ölkəyə qarşı pilotsuz təyyarə hücumları artır. Rusiyanın paytaxtı Moskva da son günlər tez-tez PUA-ların hücumuna məruz qalır.

Reyting.az
xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi paytaxt Moskvaya PUA hücumlarının arxasında Ukraynanın dayandığını iddia edir.

Nazirliyin məlumatına görə, bazar günü PUA-lardan ikisi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Moskva meri Sergey Sobyanin bildirib ki, Moskva gecələr pilotsuz təyyarələrin hədəfinə çevrilir.

TASS Xəbər Agentliyi hücumlardan sonra Moskva hava limanının eniş üçün qısa müddətə bağlandığını açıqlayıb.

Bazar günü Moskvaya PUA hücumundan sonra videomüraciəti yayılan Ukrayna prezidenti Vladimir Zelenski müharibənin Rusiya ərazisinə doğru getdiyini bildirib. Zelenski bunun “qaçılmaz, təbii və ədalətli” olduğunu deyib.

Xatırladaq ki, Moskva keçən həftəyə qədər nadir hallarda hədəfə alınsa da, artıq şəhərə hücumların sayı artır.

Moskvaya pilotsuz təyyarə hücumlarının paytaxtda yaşayan ruslara təsir etdiyi və müharibədən daha çox xəbər tutmalarına səbəb olduğu bildirilir. Çünki rus xalqı həm Kremlyönlü KİV-lərin təbliğatı nəticəsində, həm də müharibənin təsirini gündəlik həyatlarında hiss etmədiyinə görə bu günə qədər müharibəyə dəstəyini davam etdirib.



Bildirilir ki, Moskvaya hücumlardan sonra “Yandex” kimi şirkətlər işçilərinə gecə saatlarında ofislərdə olmamaları barədə xəbərdarlıq edib. Bir çox şirkət isə ev proqramları ilə işləməyə başlayıb. Göydələndə yerləşən nazirlik əməkdaşları da artıq evdən işləyirlər.

Qeyd edək ki, dünən Ukrayna prezidentinin müşaviri M. Podolyak Rusiyanın, xüsusilə də Moskvanın getdikcə müharibə reallığını hiss edəcəyinə dair xəbərdarlıq etmişdi.

Moskvaya qarşı hücumların Ukrayna istehsalı olan PUA-larla həyata keçirildiyi təxmin edilsə də, ABŞ Rusiyanı ABŞ istehsalı olan silahlarla vurmayacağına dair vədinə əməl etdiyini bildirir.

Digər tərəfdən, Ukrayna Qara dənizdə üzən Rusiyaya məxsus patrul gəmilərinə də PUA-larla hücum edib. Rusiya Müdafiə Nazirliyi Sevastopoldan 340 kilometr cənub-qərbdə Ukraynaya məxsus “pilotsuz qayıqların” Rusiya patrul gəmilərinə hücum etdiyini açıqlayıb. Hücumun dəf edildiyi bildirilir.

Moskvaya hücumlarda eyni göydələnin hədəf seçilməsi də diqqət çəkir. Göydələndə iqtisadiyyat və rabitə nazirliklərinin ofisləri də yerləşir. Həmin bina paytaxtda biznes mərkəzlərin olduğu “Moskva-Siti” rayonundadır.

Pilotsuz təyyarələrin hücumlarını Ukrayna öz üzərinə götürməsə də, hücumların bu ölkənin ərazisindən olduğu bildirilir. Ukrayna ilə Rusiya arasındakı sərhəd bölgəsindən Moskvaya ən yaxın nöqtə 450 km məsafədədir. Buna görə də PUA-ların uçuş məsafəsi belə hücumlar üçün kifayətdir. Hətta Ukraynanın PUA-ları sərhəddən uzaqdan qaldırması da mümkündür. PUA-lar aşağı hündürlükdə uça bilir, eyni zamanda, gövdələri karbon lifindən hazırlandığı üçün radara asanlıqla görünmür.

“New York Times qəzeti” Ukraynadan Moskvaya yüzlərlə kilometr uzaqdan uçan və Rusiyaya qarşı hücumlarda istifadə edilən üç pilotsuz təyyarə modelinin aşkarladığını iddia edir. Bildirilir ki, Rusiyada hədəfləri vuran pilotsuz təyyarələr “Bober”, “UJ-22 Airborne” və adı məlum olmayan digər bir modeldir.

Məlumata görə, may-iyul ayları arasında Ukraynadan Rusiyaya uçan PUA-ların sayı iki dəfədən çox artıb. Xüsusilə “UJ-22”-nin səmada 6 saat qala və 800 km yol qət edə bilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər