Ərəstun Oruclu: “Azərbaycan və Ermənistan arasında sülh Rusiyanın maraqlarına uyğun deyil”
Tarix: 07-08-2023 11:32 | Bölmə: Slayd
Ərəstun Oruclu: “Azərbaycan və Ermənistan arasında sülh Rusiyanın maraqlarına uyğun deyil”

“Tələsik hazırlanmış sülh müqaviləsi regiona dayanıqlı sülh gətirməyəcək. Əksinə, bu, gələcəkdə yeni münaqişə və faciələrə yol aça bilər. Bu işdə prioritet sürətə yox, balanslaşdırılmış və qarşılıqlı məqbul həllərin keyfiyyətli hazırlığına üstünlük verilməlidir”.

Reyting.az
xatırladır ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin 4-cü MDB departamentinin direktoru Denis Qonçar səsləndirib. Bundan əvvəl isə Rusiya prezident və XİN səviyyəsində tam fərqli mövqe sərgiləyirdi.

Siyasi şərhçi Ərəstun Oruclu isə qeyd edir ki, Moskva hər dəfə öz vasitəçilik xidmətini Brüssel və Vaşinqton danışıqlarının ardınca təklif edir:

"İndi görünən budur ki, "sülhyaratma" oyunundan yorulan Rusiya Azərbaycanla Ermənistan arasında sülh anlaşması ilə bağlı əsl mövqeyini sərgiləyir".

Ə. Oruclu deyir ki, Moskvanın əsl mövqeyi belədir: "Azərbaycan-Ermənistan sülh anlaşmasının əldə olunması Rusiyanın geosiyasi maraqlarına uyğun deyil, çünki bu halda Rusiya hərbi kontingenti öncə Qarabağın dağlıq hissəsindən, ardınca da Ermənistandan çıxarılacaq. Odur ki, yuxarıda gətirdiyim sitatda Rusiya XİN rəsmisi danışıqlarda iştirak edən bütün tərəfləri açıq şəkildə təhdid edir. O cümlədən də danışıqlarda vasitəçilik edənləri. Bu da təbiidir, çünki bölgədə sülhə kim nail olacaqsa, onun bölgəyə təsiri artacaq”.

Ə. Oruclunun fikrincə, sülhyaratma prosesindən görünən odur ki, Azərbaycan-Ermənistan münasibətlərinin sülh müstəvisinə keçməsində maraq təkcə sülhə nail olmaq deyil, həm də bölgəyə nəzarət uğrunda mübarizədə qalib gəlməkdir.

Amma bu cür geosiyasi rəqabət onun girovuna çevrilmiş Azərbaycan və Ermənistan üçün riskləri artırmaqla yanaşı, həm də yeni imkanlar yaradır. Bu şəraitdə ən əsas imkan isə ikitərəfli danışıqlar formatına keçməkdir. Təbii ki, buna imkan verilərsə.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər