Sülhməramlıların türk ölkələrinin polis missiyası ilə əvəzlənməsinə start verilə bilər - Zülfüqarov
Tarix: 07-08-2023 20:11 | Bölmə: Slayd
Sülhməramlıların türk ölkələrinin polis missiyası ilə əvəzlənməsinə start verilə bilər

“Azərbaycan Qarabağda münaqişəyə son qoymaq, orada yaşayan ermənilərə vətəndaşlıq verməklə onları inteqrasiya etmək istəyir. Ermənistan isə çalışır ki, Azərbaycan 1975-ci il sərhədlərini tanısın. Ermənilər həm də istəyir ki, beynəlxalq səviyyədə “hüquq və təhlükəsizlik” məsələsini yenidən gündəmə gətirib, Azərbaycana ərazi iddialarını davam etdirsinlər”.

Bunu Reyting.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov regionda baş verəcək proseslərlə bağlı proqnozlarını açıqlayarkən deyib.

T. Zülfüqarovun fikrincə, Ermənistanın və xarici oyunçuların münaqişəni davam etdirmək istəyini görən Azərbaycan “güzgü” prinsipindən istifadə edərək “Qərbi Zəngəzur və Göyçə məhəlləsi”, eləcə də “Qərbi Azərbaycan icmaları” mövzusunu irəli sürür. Buna görə də Azərbaycan 1975-ci il xətti üzrə sərhədlərin müəyyən edilməsi ilə razılaşmayacaq və 1920-ci ilin payızına qədər mövcud olmuş xətdə israr edəcək.

Keçmiş nazir əlavə edib ki, siyasi və müdafiə potensialının üstünlüyünü nəzərə alaraq, Azərbaycan münaqişə zonasını Qərbi Zəngəzur ərazisinə və ondan kənara qədər genişləndirməyə hazır olacaq.

Zülfüqarov deyib ki, Azərbaycan Şərqi Zəngəzurun reinteqrasiyası prosesində kənar iştiraka imkan verməyəcək: “Rusiyanın reinteqrasiya prosesinə qarşı çıxacağı təqdirdə, hətta 2025-ci ilə qədər sülhməramlıların Türk Dövlətləri Təşkilatı ölkələrinin üzvlərindən ibarət polis missiyası ilə əvəzlənməsi prosesinə start verilə bilər”.

Zülfüqarov sonda əlavə edib ki, Türkiyə mətbuatının yazdığına görə, İran ərazisindən Ermənistana gətirilən və çatdırılması gözlənilən təkcə Hindistan silahlarının həcmi 750 milyon dollara çatıb.

Y. QACAR
Reyting.az





Bölməyə aid digər xəbərlər