Qara dəniz region ölkələri üçün böyük təhlükəyə çevrilib - Fotolar
Tarix: 09-08-2023 15:44 | Bölmə: Slayd
Qara dəniz region ölkələri üçün böyük təhlükəyə çevrilib

Ukraynanın yazın sonunda başladığı əks-hücum əməliyyatı ləng gedir. Rusiya 1000 kilometri keçən xətdə əks-hücumun qarşısını almağa çalışır. Pilotsuz uçuş aparatları (PUA) yay aylarında ön plana çıxsalar da, son günlər müharibəyə damğa vuran pilotsuz dəniz vasitələridir.

Reyting.az
xəbər verir ki, Rusiyanın Qara dəniz sahilindəki Novorossiysk şəhərində rus desant gəmisinin hədəfə alınmasının ardınca Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus dəniz vasitələri Rusiya materikini Krım yarımadası ilə birləşdirən kritik Kerç körpüsünü vurub. Rusiyaya məxsus gəmiyə hücumdan 24 saat keçməmiş daha bir rus tankeri Kerç boğazında eyni vasitənin hədəfinə çevrilib.



Buna paralel olaraq, Taxıl müqaviləsində əsas rol oynayan Türkiyə rəsmiləri bu məsələdə yenidən aktivlik nümayiş etdirirlər. Ötən həftə rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışan prezident Rəcəb Tayyib Ərdoğan iyulun 17-də dayandırılan Taxıl dəhlizi razılaşmasında Moskva ilə ortaq məxrəcin əldə ediləcəyinə inandığını bildirib.

Ərdoğan bir xəbərdarlıq da səsləndirib:

“Müharibənin Qara dənizə yayılması bütün regionumuz üçün fəlakətə çevriləcək”.

Ərdoğanın sözləri beynəlxalq xəbər agentlikləri, eləcə də analitiklər üçün yeni mövzu olub.

Amerikanın “Nev York Times” qəzetində bu gün “Turbulent sular: Qara dəniz necə Ukrayna müharibəsinin qaynar nöqtəsinə çevrildi?” başlıqlı məqalə dərc edilib.



Qəzet yazır ki, çox vaxt diqqətdən kənarda qalan Qara dəniz indi Rusiya, Ukrayna və Qərb üçün son dərəcə əhəmiyyətli hala gəlib. Qeyd olunur ki, Türkiyənin ən böyük sahil xəttinə malik sular indi hərbi və geosiyasi gərginlik məkanına çevrilib.

“Politico” nəşri isə bildirir ki, həm Rusiya, həm də Ukrayna bu dözülməz müharibədə bir-birinin nəzarətindən və ya təhlükəsiz keçiddən imtina etdiyi üçün Qara dəniz yenidən “Soyuq dəniz” və ya “Qonaq dənizi”nə çevrilib.

Qara dənizin keçmişdə olduğu kimi tez-tez qarşıdurma mərkəzinə çevrildiyini yazan “Politico” qeyd edib ki, dəniz cəmi bir neçə əsrdir müharibə ilə yadda qalmayıb və Ukraynada münaqişənin davam etdiyi bir vaxtda Qara dəniz dinc insanlar üçün yararsız olub.



İşğalın ilk günlərində ukraynalılar Rusiya donanmasının Odessaya və Qara dəniz sahilindəki digər limanlara eniş edərək Dnestryanı separatçı bölgə və Ukraynanın şərqindəki Donbas arasında quru xətti quracağından ehtiyat edirdilər. Sözügedən xətt Ukraynanın Qara dənizlə əlaqəsini tamamilə kəsə bilərdi. Lakin Ukrayna ordusu martın sonunda Rusiya donanmasına ilk böyük zərbəni vurdu və Qara dənizlə əlaqənin kəsilməsinin qarşısını aldı.

Xatırladaq ki, Ukraynanın Berdyansk şəhərində, Azov dənizi sahilində, rusların işğalı altında olan ərazidə “Saratov” hərbi gəmisi vurulub. Berdyansk limanında Rusiya hərbi gəmilərində güclü partlayışlar müxtəlif rakurslardan qeydə alınıb, “Saratov” isə Qara dənizin soyuq sularına qərq olub. Bunun ardınca rusların iri desant gəmisi “Orsk” və digərləri zədələnib.

2022-ci ilin aprelində Rusiyanın Qara Dəniz Donanmasının ən böyük gəmisi olan “Moskva”nın vurulması çoxlarını şoka salıb. Kreml bir ay sonra “Moskva”nın Qara dənizdə batdığını, ukraynalıların isə sonrakı aylarda Qara dənizdə hərbi gəmilərə hücumlarını davam etdirdiyini etiraf edib.

2014-cü ildə Kreml tərəfindən ələ keçirilən Krım yarımadasındakı Rusiya donanmasının əsas bazasına zərbələr endirilib, bir çox döyüş gəmiləri zədələnib və ən əsası, daha bir böyük gəmi - “Admiral Makarov” hədəfə alınıb. Üstəlik, ukraynalılar ilk aylarda Rusiya gəmilərinə raketlərlə hücum edərkən, keçən ilin yayından etibarən pilotsuz təyyarələrdən və pilotsuz dəniz nəqliyyatından istifadə etməyə başlayıblar. Rusiyanın dəniz müharibəsinin gedəcəyini düşünmədiyini bildirən “Politico”ya görə, Rusiya donanması sualtı qayıqlarını Krımdan Rusiyanın cənubuna çəkərək Ukrayna sahillərindən uzaq tutmaq məcburiyyətində qalıb.



Onu da xatırladaq ki, Taxıl müqaviləsinin sona çatması ilə Moskva Ukrayna limanlarına gedən bütün gəmiləri, hətta mülki şəxsləri belə hədəfə alacağını bəyan edib. “Politico”nun şərhinə görə, Kiyev administrasiyası Kremlin Taxıl müqaviləsinə qayıtmaq məsələsinə yenidən baxması üçün Kerç boğazında Rusiya tankerini vurub.

“Əl-Cəzirə” telekanalı isə Ukrayna lideri Zelenskinin Qara dənizdə Rusiyadan qisas aldığını bildirib. Çərşənbə axşamı çıxış edən Zelenski deyib ki, Rusiyanın Qara dənizdə Ukraynanı yenidən blokadaya alması və atəş açması halında eyni şeyi edəcəklər.

Moskvanı Ukrayna limanlarına raket atmağı dayandırmağa çağıran Zelenski deyib: “Bizim çoxlu döyüş gəmilərimiz yoxdur. Amma ruslar aydın başa düşməlidirlər ki, müharibə bitəndə onların gəmiləri sıfır olacaq”.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər