Ərdoğan-Putin görüşü Azərbaycan üçün də önəmlidir
Tarix: 14-08-2023 09:51 | Bölmə: Slayd
Ərdoğan-Putin görüşü Azərbaycan üçün də önəmlidir

"Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putinin avqustun sonu və ya sentyabrın əvvəlində görüşəcəyi bildirilir. Bununla belə, əksər rusiyalı və xarici analitiklər prezident Putinin Rusiya Federasiyası və bəzi müttəfiq ölkələrdən kənara getməyəcəyini iddia edirlər. Amma prezident Ərdoğanın Vladimir Putini Türkiyəyə dəvət etməsi Kreml üçün, ilk növbədə təbliğat məqsədi ilə, Rusiya liderinin NATO ölkəsində onu qəbul etməyə hazır olduqları halda əl sıxmasının təsdiqi kimi vacibdir".

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyov xatırladıb ki, bu yaxınlarda V. Putinə Cənubi Afrika Respublikasında keçirilən BRİKS sammitində Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi həbs orderi ilə bağlı iştirakının arzuolunmazlığı bildirilib.

R. Musabəyov əlavə edib ki, Ərdoğan ilə Putinin görüşü böyük ehtimalla Rusiya ərazisində baş tutacaq: "Tərəflərin müzakirə edəcəyi çox şey var. ABŞ və Ankaranın digər Qərb müttəfiqləri buna etiraz etmirlər, çünki prezident Ərdoğan Moskva ilə yeganə nüfuzlu ünsiyyət kanalı olaraq qalır. Bu görüş Bakı üçün də önəmlidir, çünki şübhəsiz ki, Ermənistan-Azərbaycan nizamlanması kontekstində təhlükəsizlik məsələlərinə toxunulacaq".

E. KAMAL




Bölməyə aid digər xəbərlər