Ermənilərin nəzərinə: Ağdam-Xankəndi yoluna alternativ yoxdur
Tarix: 16-08-2023 16:26 | Bölmə: Slayd
Ermənilərin nəzərinə: Ağdam-Xankəndi yoluna alternativ yoxdur

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başlayıb. 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçidən ibarət heyət Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmiryolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olacaq.

Bu məsələni Reyting.az-a şərh edən politoloq Turan Rzayev deyib ki, Qarabağa gələn qonaqlara eyni zamanda 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilmiş dağıntılar haqqında da məlumat veriləcək.

Qonaqların hazırda şəhərdə davam edən genişmiqyaslı quruculuq işləri ilə yaxından tanış olması da nəzərdə tutulur.

T. Rzayevin fikrincə, prinsip etibarilə rəsmi Bakının bu addımı atacağı əvvəlcədən gözlənilirdi. O, hesab edir ki, Azərbaycanı iki başlıca səbəb buna vadar edib:

“Birincisi, Azərbaycanda çalışan xarici diplomatlar ölkələri üçün müxtəlif hesabatlar hazırlayırlar və bir çoxu hadisələri özləri üçün aydınlaşdırmağa çalışırdı”.

Rzayev əlavə edib ki, ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üzvlərini düşündürən əsas sual Qarabağdakı ermənilərin sosial durumunun həqiqətən ağır olması, yoxsa məsələnin şişirdilməsidir:

“Rəsmi Bakı həm bu suallara cavab vermək, həm də görülən işlərlə diplomatları yerindəcə tanış etmək üçün bu səfəri təşkil edib. Hesab etmək olar ki, bu səfərdən sonra iştirakçılar mənsub olduqları ölkələrə həm Ağdam-Xankəndi avtomobil yolu, həm də Bərdə-Ağdam dəmiryolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə bağlı məlumat verəcəklər. Ümumiyyətlə, indiki həssas zamanda rəsmi Bakı bu kimi səfərlərin sayını artırmalıdır”.

İkinci səbəbə gəlincə, politoloq xatırladıb ki, Ermənistan bir müddət öncə akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələrini Azərbaycanla sərhəddə yerləşən, hazırda “humanitar yük” adı ilə göndərilmiş 19 TIR-ın dayandığı Kornidzor kəndinə gətirib: “Onlara burada öz maraqları kontekstində məlumatlar verildi. Hətta diplomatlara rəsmi Bakının guya Qarabağ ermənilərinə blokada tətbiq etməsi barədə yanlış məlumat verildi. Rəsmi Bakının indiki məqamda Azərbaycanda akkreditə olunmuş diplomatları Ağdama aparması İrəvanın addımına cavab mahiyyəti daşırır. Azərbaycan həm də bununla İrəvanın “blokada”, “humanitar böhran” iddialarının yalan olduğunu sübuta yetirmək istəyir. Xüsusilə Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmiryolunun diplomatlara təqdim edilməsi humanitar yüklərin bu yolla daha tez və təhlükəsiz çatdırılması ilə bağlı sübut mahiyyəti daşıyır”.

T. Rzayev sonda əlavə edib ki, nəticə etibarilə Qarabağ ermənilərinin Azərbaycan qanunlarını qəbul etməkdən başqa alternativləri yoxdur. Humanitar yüklər isə yalnız Ağdam-Xankəndi yolu ilə daşına bilər və rəsmi Bakı bunu bir daha elan edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər