Türk birliyi daha da möhkəmlənir
Tarix: 22-08-2023 10:06 | Bölmə: Slayd
Türk birliyi daha da möhkəmlənir

"Bu gün Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri başlayır. Maraqlıdır ki, Özbəkistan prezidenti yenidən bu vəzifəyə seçildikdən sonra ilk rəsmi səfərini ölkəmizə edir. Bu, təkcə dövlətlərarası münasibətlərin xüsusi mahiyyətini deyil, həm də hər iki lider arasında möhkəm dostluq əlaqələrini göstərir".

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Musabəyov xatırladıb ki, ötən il Azərbaycan prezidenti İlham Əliyev Özbəkistana üç dəfə səfər edib. Onun sözlərinə görə, ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələr inkişaf edir, aviasiya və dəmir yolu əlaqələri möhkəmlənir. “Özbəkistanın ixrac-idxal əməliyyatlarının əhəmiyyətli hissəsi Türkmənistan, Xəzər dənizi, daha sonra Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyə və Avropaya yönləndirilir. Amma siyasi əlaqələr, o cümlədən təhlükəsizlik və hərbi sənaye kompleksi sahəsində əməkdaşlığın gücləndirilməsi daha vacibdir”, - Musabəyov əlavə edib.

Politoloq bildirib ki, Özbəkistan üçün silahlı qüvvələrdə islahatlar, müasir müharibə vasitələri və üsulları ilə silahlanma böyük maraq doğurur: “Bununla belə, Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq ikitərəfli münasibətlərin hüdudlarından kənara çıxır. Bir neçə onilliklər ərzində türk dövlətləri arasında əməkdaşlığın yaxınlaşması və möhkəmlənməsi əsasən Ankara-Bakı oxundan asılı olub. Azərbaycan ilk olaraq latın qrafikasına keçdi, Türkiyə ilə strateji kommunikasiyalar (neft kəmərləri, qaz kəmərləri, dəmir yolu, avtoban) qurdu, ordunu türk sisteminə keçirdi, ən əsası isə hərbi-siyasi ittifaq bağladı (Şuşa Bəyannaməsi). İndi Ankara-Bakı oxunu Daşkənd tamamlayır. Və bu, son dərəcə vacibdir. Axı Özbəkistan təkcə əhalisinin sayına görə (təxminən 40 milyon nəfər) Mərkəzi Asiyanın ən güclü dövləti deyil. Bu güc özünü hərbi cəhətdən də göstərir. Özbəkistan bu regionun mərkəzində yerləşir, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistanla həmsərhəddir. Daşkəndin bütün bu ölkələrlə mehriban qonşuluq münasibətləri var və prezident İslam Kərimovun dövründə mövcud olan anlaşılmazlıqlar aradan qaldırılıb”.

Musabəyov sonda qeyd edib ki, Qərbdə Türkiyə, Şərqdə Özbəkistan, türk oxunun mərkəzində isə Azərbaycan türk birliyinin daha da möhkəmlənməsi, türk dövlətlərinin təhlükəsizliyi və rifahı naminə çoxtərəfli əməkdaşlığın dəstəkləyici strukturuna çevrilə bilər və belə də olmalıdır.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər