Yeni müharibə təhlükəsi: indi də Çini mühasirəyə alırlar
Tarix: 30-08-2023 13:01 | Bölmə: Slayd
Yeni müharibə təhlükəsi: indi də Çini mühasirəyə alırlar

ABŞ və Çin arasında mümkün müharibə ssenarisi yenidən gündəmə gəlib.

Reyting.az
xəbər verir ki, ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks ölkəsinin Çin ordusuna qarşı mənfi cəhətlərini aradan qaldırmaq üçün yaxın iki il ərzində həyata keçiriləcək planı açıqlayıb.

Xatırladaq ki, XXI əsrin əvvəllərində İraqı işğal edən və Yaxın Şərqi mərkəz nöqtəsinə gətirən ABŞ, Donald Trampın prezidentliyi dövründə bu məsələdə müəyyən dəyişiklik etdi. Vaşinqton administrasiyası Suriya və digər ölkələrdəki əsgərlərinin sayını azaldaraq, Cənubi Asiyadakı müttəfiqləri ilə Çini mühasirəyə almağa başladı. Amma sonradan Rusiyanın Ukraynaya hücumu balansı əsaslı şəkildə dəyişib. Kiyev administrasiyasına on milyardlarla dollarlıq silah verən ABŞ, Avropadakı NATO müttəfiqlərini də Vaşinqton administrasiyasının ardınca getmək məcburiyyətində qoyub.



Ötən illərdə Cənubi Asiyada, xüsusən də Tayvan məsələsində ən ciddi rəqibi Çinlə gündəmə gələn ABŞ mübahisəli Cənubi Çin dənizi ətrafındakı ölkələrlə müqavilə bağlayıb, demək olar ki, Çini mühasirəyə alıb.

Qeyd edək ki, 30 ildən sonra Amerika əsgərlərinin Filippinə qayıtmasına imkan verən razılaşma ilə 2023-cü ilin fevral ayından etibarən ABŞ-ın Cənubi Çin dənizi ətrafında yaratmağa çalışdığı müdafiə qalxanı tamamlanmalıdır. Cənubda Avstraliya, şimalda Yaponiya və Cənubi Koreya ilə eyni xəttdə çatışmayan yeganə ölkə Filippin idi.

Pekin administrasiyası ABŞ-ın təyyarədaşıyan gəmilərinə, xüsusən də Tayvan boğazı və Cənubi Çin dənizinə daxil olmasının mümkünlüyünə qəzəbini gizlədə bilmir. Tərəflərə məxsus döyüş təyyarələri havada dəfələrlə bir-birinin yolunu kəsib. Pekin Vaşinqtonun himayəsində olan Tayvanı işğal edə biləcəyini dəfələrlə bəyan edib.

Tayvana hər il milyonlarla dollarlıq silah satan ABŞ-ın Çinə qarşı yeni planı pilotsuz uçuş aparatlarıdır (PUA). ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmisi bildirib ki, Pentaqon Çinin şəxsi heyət və hərbi texnika baxımından say üstünlüyünə qarşı çıxmaq üçün qarşıdakı iki il ərzində minlərlə pilotsuz təyyarə istehsalını planlaşdırır.

Pekinin əsas üstünlüyünün “kütləvilikdə” olduğunu bildirən müdafiə nazirinin müavini Ketlin Hiks deyib ki, Çin raket, canlı qüvvə və gəmi baxımından onlardan üstündür: “Çinə öz kütləmizlə cavab verəcəyik. Bununla belə, cavabımız daha planlı və qarşısıalınmaz olacaq”.



Onu da qeyd edək ki, Çin ən həssas problemi olan Tayvana görə Cənubi Çin dənizində davamlı olaraq ABŞ-la qarşı-qarşıya gəlir. Pekin administrasiyası mübahisəli sularda qurduğu süni adalarda çoxlu hərbi bazalar və infrastruktur obyektləri yerləşdirib, lakin ABŞ-ın müttəfiqi olan Tayvan, Vyetnam, Filippin, Malayziya və Bruney kimi ölkələr də adalara iddialıdırlar.

Y. QACAR
Reyting.az





Bölməyə aid digər xəbərlər