Rus sülhməramlıları Qarabağdan çıxarılmalıdır - Professor
Tarix: 30-08-2023 15:08 | Bölmə: Slayd
Rus sülhməramlıları Qarabağdan çıxarılmalıdır

“Azərbaycanın öz vətəndaşları olan Qarabağ ermənilərinə tonlarla yük göndərməsi, onların qayğısına qalması çox müsbət haldır. Amma göründüyü kimi, yük maşınları hazırda Ağdam-Xankəndi yolunda dayanıb. Onların qarşısını tikan məftillərlə, digər maneələrlə kəsən rus sülhmərmlılarıdır. Əvvəlcədən dediyimiz kimi, bölgəni qatan, bir-birinə vuran sülhməramlılar və rus amilidir. Hazırda yük avtomobillərinin qarşısını da kəsən “rus sülhməramlıları” adlandırılan hərbi kontingentdir”.

Bunu Reyting.az-a professor Qabil Hüseynli deyib.

Q. Hüseynli əlavə edib ki, Qarabağda qarşıdurmaların, gərginliyin ssenarisini ruslar yazır. Onun fikrincə, rus amili yoxa çıxmayana və ya zəifləməyənə qədər əmin-amanlıq olmayacaq:

“Mən, son hadisələrə görə, əslində, daha çox Fransadan şübhələnmək istərdim. Dünən Azərbaycan və Fransa arasında yüksək səviyyəli telefon danışığı oldu. Prezident Əliyev və Makron arasında aparılan müzakirələrə baxdıqda belə qənaətə gəlmək olar ki, ola bilsin, fransızlar erməniləri qızışdırır, nəyəsə sövq etməyə çalışırlar. Amma Fransanın regionda real gücü və imkanları yoxdur”.


Q. Hüseynli

Q. Hüseynlinin sözlərinə görə, rus əsgərləri Bakıdan Xankəndiyə humanitar yük aparan avtomobillərin qarşısını kəsməməlidir: “Normalda onlar avtomobilləri müşayiət etməli, lazımi ünvanlara aparmalı və yüklərin paylaşdırılması üçün lazım olan şəraiti yaratmalıdırlar. Amma onlar bunun əksini edir, yola tikanlı məftillər düzürlər. Deməli, problemin həlli, işlərin rəvan getməsi onları qane etmir”.

Professorun fikrincə, vəziyyət və proseslər getdikcə mürəkkəbləşir:

“Görünən odur ki, ruslar yeni ssenarilər düşünürlər. Hesab edirəm ki, Azərbaycanın siyasi rəhbərliyi ruslarla açıq və ciddi söhbət etməlidir. Eyni zamanda sülhməramlıların bölgədən çıxarılması məsələsi gündəmə gətirilməli, onlara yeri göstərilməlidir. Ümid edirəm ki, Azərbaycan hakimiyyəti məsələyə çox ciddi yanaşacaq”.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər