Ağdərə-Kəlbəcər və Zəngilan-Mehri-Naxçıvan yolu açılmalıdır
Tarix: 31-08-2023 12:40 | Bölmə: Slayd
Ağdərə-Kəlbəcər və Zəngilan-Mehri-Naxçıvan yolu açılmalıdır

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ötən gün BBC-yə müsahibə verib. Müsahibə kifayət qədər maraqlı və diqqətçəkəndir.

Hacıyevin müsahibəsində səsləndirdiyi üç məqam xüsusilə diqqət çəkir:

Birincisi, Ağdam-Xankəndi yolu açılandan sonra Laçın yolu da 24 saat ərzində açılacaq.

İkincisi, Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır.

Üçüncüsü, Qarabağdan olan ermənilərə Azərbaycanın digər vətəndaşları kimi dil, mədəni, dini, o cümlədən bələdiyyə hüquqları təklif olunur.

H. Hacıyev deyib ki, Ağdam-Xankəndi marşrutu açıldığı halda Azərbaycan Laçın yolundan da yüklərin daşınmasına icazə verəcək. Özü də bu proses 24 saat ərzində baş verəcək.

Sual yaranır: Bakı buna niyə razılıq verir?

Təəssüf ki, bəziləri Hacıyevin “Laçın yolu da 24 saat ərzində açılacaq”,- fikrinə daha çox fokuslanır. Halbuki diqqət yetirilməli olan hissə “Ağdam-Xankəndi yolu açılandan sonra” olmalı idi.

Əslində, rəsmi Bakı ermənilərin qarşısında şərt qoyur: “Ağdam-Xankəndi yolu mütləq açılmalıdır”. Yəni Laçın yolunun açılması və 24 saat fəaliyyət göstərməsi üçün qeyd-şərtsiz Bakının təklifi qəbul edilməlidir.

İndi isə H. Hacıyevin ikinci mühüm fikrinə diqqət yetirmək lazımdır. Çünki bu fikir məhz birinci fikrin strateji tərəflərini açır. O qeyd edir ki, “Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır”. Bu fikir perspektivdə rəsmi Bakının hədəflərinə dair ipucları verir.

Hacıyev konkret bir yoldan deyil, yollardan bəhs edir. Ağdam-Xankəndi yolu, Laçın yolu onlardan ikisidir. Lakin burada iki yoldan da bəhs etmək lazımdır.

1. Zəngəzur dəhlizinin əsas hissəsini təşkil edən Zəngilan-Mehri-Naxçıvan yolu;

2. Ağdərə-Kəlbəcər yolu.

Əslində, “yollar” ifadəsindən yola çıxaraq və regiondakı bir çox strateji yolu nəzərə alaraq bu siyahını uzatmaq da olar. Ehtimal ki, Hacıyev “Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır”,- deyərək Ağdam-Xankəndi yolu, Laçın yolu ilə birlikdə həm də Ağdərə-Kəlbəcər, Zəngilan-Mehri-Naxçıvan yolunu nəzərdə tutur.

O ki qaldı H. Hacıyevin “Qarabağdan olan ermənilərə Azərbaycanın digər vətəndaşları kimi dil, mədəni, dini, o cümlədən bələdiyyə hüquqları təklif olunur”,- sözlərinə, prinsip etibarilə bu ifadələrin səsləndirilməsi də tam təbiidir.

Rəsmi Bakı erməni əsilli vətəndaşlarına qeyri-adi heç bir imtiyaz vermir. Azərbaycan konstitusiyasına görə, ölkə ərazisində yaşan bütün etnik azlıqlara dil, mədəni, dini, o cümlədən bələdiyyə hüquqları verilib.

Hacıyevin bu məsələni növbəti dəfə dilə gətirməsi həm “ermənilərə muxtariyyət verilməlidir”,- deyən qüvvələrə mesajdır, həm də erməni icmasının narahatlığını aradan qaldırmaq məqsədi daşıyır.

Turan RZAYEV
Politoloq




Bölməyə aid digər xəbərlər