Qarabağdakı separatçıların başçısı istefa verib, digərlərini də istefaya səsləyir
Tarix: 31-08-2023 13:13 | Bölmə: Slayd
Qarabağdakı separatçıların başçısı istefa verib, digərlərini də istefaya səsləyir

"Sabah mən "parlament"ə istefa məktubu təqdim edəcəyəm". Reyting.az xəbər verir ki, bu, Qarabağdakı separatçı ermənilərin başçısı, Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlərə rəhbərlik etmiş Araik Arutyunyanın bəyanatda yer alıb.

Arutyunyan bildirib ki, 2020-ci il mayın 21-də "prezident seçkiləri”nin nəticələri əsasında "prezident" kimi fəaliyyətə başlayıb:

"Ertəsi gündən müdafiə qabiliyyətini gücləndirmək üçün işlərə başladım. Təəssüf ki, cəmi dörd aydan sonra Azərbaycan 44 günlük müharibəyə başladı və bizim məğlubiyyətimizlə başa çatdı.

Əlbəttə ki, siz məğlubiyyətin bütün məsuliyyətini 4 aydır bu vəzifədə işləyən mənim üzərimə qoya bilərsiniz və mən məsuliyyətdən tamamilə imtina etmirəm, amma inanın ki, hər birimizin burada öz payımız var. Hər halda, mən artıq bir neçə dəfə bəyan etmişəm, indi də öz məsuliyyətimə görə bir daha erməni xalqından üzr istəyirəm".

Separatçıların başçısı əlavə edib ki, 2020-ci ilin 44 günlük müharibəsində bütün addımları atıb, amma bunun xeyri olmayıb:

"44 günlük müharibədən sonra da vəziyyət ağır idi və bu, heç də az məsuliyyət tələb etmirdi. Mən, bu müddət ərzində bütün potensialımı daxili sabitliyin möhkəmləndirilməsinə, həmin şəraitdə gözlənilən cinayətin artmasının qarşısının alınmasına yönəltmişəm. Bəli, bəzi məsələlərdə uğur qazana bilmədik, amma ümumən ən qısa zamanda işlər gördük”.

Arutyunyan qeyd edib ki, dünyada hökm sürən qeyri-sabit geosiyasi vəziyyət, regional hadisələr, hadisələrin proqnozlaşdırılan inkişafı, ətrafda baş verən hadisələr daxili siyasi və sosial atmosfer yanaşmalarının və addımların dəyişdirilməsinin, çeviklik nümayiş etdirilməsinin zəruriliyini tələb edir: “Bu səbəbdən məndən başlayaraq əsas aktyorları dəyişmək lazımdır. Dəyişiklik məndən başlamalıdır. Sabah mən "prezident vəzifəsindən" istefa məktubu təqdim edəcəyəm”.

Separatların başçısı deyib ki, bütün daxili, xarici aktorlar və geniş ictimaiyyətlə son təmaslarını nəzərə alaraq son qərarını iki gün əvvəl verib: “Bu, məndə olan məlumatların təhlili əsasında yalnız mənim tərəfimdən düşünülərək verilmiş qərardır".

Separatçı daha sonra qeyd edib ki, bugünkü "sərəncamla" "dövlət naziri" Qurgen Nersisyanı tutduğu vəzifədən azad edib, Samvel Şahramanyan “dövlət naziri” təyin olunub və ona geniş səlahiyyətlər verilib.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər