Lavrov və Fidan nəyi müzakirə edib?
Tarix: 01-09-2023 10:52 | Bölmə: Slayd
Lavrov və Fidan nəyi müzakirə edib?

Rusiyanın baş diplomatı Sergey Lavrov bildirib ki, Qərb Rusiyanın gübrə və taxıl ixracını asanlaşdırmaq üçün zəmanət verməsə, Moskva Qara dəniz razılaşmasına qayıtmayacaq. Onun bu sözləri Moskvada iki günlük səfərdə olan türkiyəli həmkarı Hakan Fidanla görüşdə deyilib.

Reyting.az
xəbər verir ki, bu barədə “Al Monitor” yazıb.

ABŞ nəşrinin təhlilində qeyd olunur:

Qərbi Rusiyanın gübrə və taxıl ixracını əngəlləməkdə ittiham edən Lavrov, BMT və Türkiyənin sövdələşməni canlandırmaq üçün intensiv səylər göstərdiyini, lakin bu səylərin Moskvanın istədiyi təminatlardan heç birini təmin etmədiyini söyləyib.

“Deyirlər ki, daha sürətli olacaqlar, daha aktiv olacaqlar. Amma bizə verilən mesajlarda heç bir təminat yoxdur”, - deyə Lavrov Fidanla birgə mətbuat konfransında deyib. - Əgər təminatlar gəlsə, sabah razılaşmanı həyata keçirə bilərik, lakin təminat olmadan heç bir irəliləyiş ola bilməz".

Lavrov, həmçinin, Ankara, Doha və Moskva arasında üçtərəfli mexanizmi nəzərdə tutan alternativ təklifi irəli sürüb. Rusiya Qətərin maliyyə dəstəyi ilə 1 milyon ton taxılın emal olunaraq qida təhlükəsizliyi böhranı yaşayan Afrika ölkələri üçün Türkiyəyə göndərilməsini təklif edib.

Fidan, öz növbəsində, Qara dəniz razılaşmasının yenidən canlanmasına nikbin münasibət bəsləyərək, BMT-nin Moskvanın narahatlığını aradan qaldırmaq üçün yeni təklif irəli sürdüyünü söyləyib: “Xüsusən də BMT ciddi səylər göstərir. Xüsusilə, Rusiyanın mövqeyini daha yaxşı anlamaq və onun tələblərini yerinə yetirmək məqsədi daşıyan proses davam edir. Bu, maliyyə əməliyyatlarından sığorta əməliyyatlarına qədər bir çox texniki detalları əhatə edən çox mürəkkəb və ciddi məsələdir”.

Moskva ötən ay Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən istifadəsinin qarşısının alınmasının və sığorta ilə bağlı sanksiyaların Rusiyanın ərzaq və gübrə ixracının dünya bazarlarına çıxışına təsirli şəkildə mane olduğunu əsas gətirərək, “taxıl sazişi”ndən çıxıb.

Qərb paytaxtları, öz növbəsində, sanksiyaların Rusiyanın gübrə və ərzaq məhsullarının ixracını hədəf almadığını iddia və Moskvanı məsələni siyasi məqsədlər üçün silahlandırmaq cəhdində ittiham edirlər.

Keçən il Türkiyə və BMT-nin vasitəçiliyi ilə əldə olunan razılaşma 30 milyon tondan çox Ukrayna taxılının dünya bazarlarına çıxarılmasına imkan verib. Razılaşmaya əsasən, İstanbulda yaradılan müştərək mərkəzlə Ukrayna və Rusiya rəsmiləri öz limanlarına gedən yük gəmilərini yoxlamaq üçün birlikdə çalışıblar. Müqavilənin müddətini bir neçə dəfə uzatdıqdan sonra Moskva iyulun 17-də, müddət başa çatdıqdan sonra müqaviləni yenidən uzatmaqdan imtina edib.



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında gələn həftə Rusiyanın Qara dəniz sahilində yerləşən kurort şəhəri Soçidə keçiriləcək görüşün gündəminin əsas mövzusu razılaşmanın canlandırılmasının olacağı gözlənilir.

Fidan bildirib: “Bu gün liderlərimizə təqdim edəcəyimiz brifinqlərə ilkin hazırlıq üçün mövzunun texniki detallarını dərindən müzakirə etdik. Səylərim davam edəcək. Bu saziş həm qlobal ərzaq təhlükəsizliyi, həm sabitlik, həm də Qara dənizdə sülh üçün son dərəcə vacibdir”.

Suriya ilə bağlı əlavə addımlar

İki diplomatın görüşü Moskvanın sazişdən çıxmasından sonra Qara dənizdə gərginliyin artması fonunda baş tutub. Bu ayın əvvəlində Rusiya qüvvələri Türkiyənin Qara dəniz sahillərində Türkiyə vətəndaşına məxsus, Ukraynaya gedən yük gəmisinə basqın edərək, Rusiya rəsmilərinin “təftiş” kimi təsvir etdikləri Moskva-Ankara əlaqələrindəki gərginliklə bağlı fərziyyələrə səbəb olub.

Birgə mətbuat konfransında həm Lavrov, həm də Fidan bir sıra ikitərəfli və regional məsələlər üzrə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar. Lavrov bildirib ki, iki nazir Ankara və Moskvanın rəqib tərəfləri dəstəklədiyi Suriyadakı son hadisələri də müzakirə ediblər.

Rusiya Suriya hökuməti ilə Suriya prezidenti Bəşər Əsədi devirmək üçün mübarizə aparan Suriya sünni müxalifət qruplarını dəstəkləyən Türkiyə arasında yüksək səviyyəli danışıqlara vasitəçilik edib, lakin Türkiyənin Suriyadakı hərbi mövcudluğu ilə bağlı ziddiyyətli mövqelərə görə proses dayanıb.

Rusiyalı diplomat əlavə edib ki, iki baş diplomat Ankara-Dəməşq danışıqlarını canlandırmaq üçün əlavə addımları da müzakirə ediblər.

Ölkəsinin baş diplomatı kimi Rusiyaya ilk səfərini edən Fidan cümə günü Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə də görüşəcək.

Y. QACAR




Bölməyə aid digər xəbərlər