BMT Putinin qərarına ümid bəsləyir
Tarix: 01-09-2023 13:55 | Bölmə: Slayd
BMT Putinin qərarına ümid bəsləyir

BMT Baş katibi Antonio Quterreş Rusiya xarici işlər naziri Sergey Lavrova Ukrayna taxılının Qara dənizdən təhlükəsiz şəkildə ixracına imkan verəcək taxıl sazişinin yenilənməsinə yönəlmiş “konkret təkliflər toplusu” göndərib.

Reyting.az
xəbər verir ki, məktub Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü ərəfəsində yazılıb.

İki türk mənbəyi “Röyter” agentliyinə bildirib ki, cütlük bazar ertəsi, sentyabrın 4-də görüşəcək və ilk növbədə Qara dənizdən taxıl ixracını müzakirə edəcək.

“Biz sazişin uzadılması üçün əsas ola biləcək bir təklif təqdim etdik”,- BMT Baş katibi təfərrüatlara varmadan yazıb. A. Quterreş əlavə edib ki, böhrandan böhrana, dayandırılmadan dayandırılmaya keçən Qara Dəniz Təşəbbüsü ola bilmərik. Hər kəsin xeyrinə işləyən mexanizm olmalıdır.

Xatırladaq ki, Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdən sonra Lavrov “Rusiya Qara dəniz taxıl müqaviləsini bərpa etməyə imkan verəcək zəmanətlər alacağına dair heç bir əlamət görmür”, - deyib.

Rusiya tərəfi bildirib ki, özünün taxıl və gübrə ixracını yaxşılaşdırmaq tələbləri yerinə yetirilərsə, Qara dəniz sazişinin yenilənməsini nəzərdən keçirəcək. Moskvanın əsas tələblərindən biri “Rosselxozbank”ın SWIFT beynəlxalq ödəniş sisteminə qoşulmasını bərpa etməkdir. Rəsmi Moskva bildirir ki, ərzaq və gübrə ixracı Rusiyanın Ukraynaya təcavüzündən sonra tətbiq edilən Qərb sanksiyalarına məruz qalmasa da, ödənişlər, logistika və sığorta ilə bağlı məhdudiyyətlər tədarükə mane olur.

“Bizim konkret olaraq bəzi həll yollarımız var: Rusiyanın ərzaq və gübrəsinin adekvat qiymətlərlə dünya bazarlarına daha səmərəli çıxışını təmin etmək üçün. İnanıram ki, ciddi işləməklə hamı üçün müsbət həll yolu tapa bilərik”, - Quterreş məktubunda yazıb.

Qeyd edək ki, 2023-cü ilin iyulunda Rusiya Federasiyası “taxıl sazişi”ndən çıxıb. Hələlik Putin Ərdoğanın taxıl sövdələşməsini müzakirə etmək cəhdlərinə məhəl qoymur. Amma bunun uzun müddət davam edəcəyini gözləmək mümkün deyil, Putin sonda türk liderin dediyi ilə razılaşmalı olacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər