Mühüm Soçi görüşü: “Moskvada daha heç kim Ərdoğana güvənmir”
Tarix: 04-09-2023 10:54 | Bölmə: Slayd
Mühüm Soçi görüşü: “Moskvada daha heç kim Ərdoğana güvənmir”

Bazar ertəsi Soçiyə səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas məqsədi Rusiya prezidenti Vladimir Putinlə son bir neçə ayda açıq çatlar müşahidə olunan münasibətlərini yaxşılaşdırmaqdır.

Reyting.az
xəbər verir ki, bu barədə “Al Monitor” yazıb.

ABŞ nəşrinin təhlilində qeyd olunur:

Analitiklərin fikrincə, Ankaranın müxtəlif addımları, o cümlədən Ukraynaya ikitərəfli səfərlər və NATO-nun genişlənməsinə zəmin yaradılması Rusiyanın Ərdoğana inamsızlığını artırıb.

Ərdoğan indi Moskva ilə Ukraynaya taxılını Qara dəniz vasitəsilə dünya bazarlarına çatdırmaq imkanı verən müqaviləni bərpa etməklə beynəlxalq uğur hekayətinə can atır.

Moskva iyulun 17-də müqaviləyə xitam verib. Ərdoğanın keçən il BMT-nin vasitəçiliyi ilə əldə etdiyi razılaşma ona beynəlxalq alqış qazandırmışdı və onun bərpası bu ayın sonunda BMT Baş Assambleyasına qatıldıqda onu yenidən diqqət mərkəzində saxlayacaq.

Türk tərəfinin bu yaxınlarda adada Kipr türk polisi ilə BMT sülhməramlıları arasında toqquşmalara görə BMT Təhlükəsizlik Şurasından töhmət verilməsi Ərdoğanın müsbət atmosferə ehtiyacını artırıb.

Prezident Ərdoğan iyul ayında Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfəri zamanı bəyan etmişdi ki, Putin taxıl müqaviləsini müzakirə etmək üçün avqustda Ankaraya səfər edəcək. Ancaq səfər baş tutmadı və indi Ərdoğan bazar ertəsi Rusiya lideri ilə görüşmək üçün Soçiyə getməyə hazırlaşır. Görüşdən əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla bu səfərin təfərrüatlarını araşdırmaq və yeni taxıl sazişini araşdırmaq üçün Moskvaya səfər edib.

Ərdoğanın dəvəti blef idi?

“Vaqner” qruplaşması və onun indi mərhum lideri Yevgeni Priqojinin də iştirak etdiyi son hadisələr fonunda Putinin Rusiyanı tərk edə bilməyəcəyi bəlli olduğu halda Ərdoğanın niyə Putinin Türkiyəyə səfərində israr etdiyi sual olaraq qalır.

İstanbulun Bilgi Universitetinin beynəlxalq əlaqələr üzrə professoru İlter Turan “Al Monitor”-a deyib: “Ərdoğan bilir ki, Putin hazırda heç yerə səyahət edə bilməz. Bununla belə, o, türk mediasına tam nəzarət etdiyi üçün hekayəti öz yerli auditoriyası üçün istədiyi şəkildə çevirə bilər”.

İ. Turan vurğulayıb ki, görüşü təyin edən Putin olub. O, təkcə son hadisələrlə bağlı Türkiyədən narazılığını bu şəkildə əks etdirməyib, həm də Türkiyə ilə əlaqələrə gəldikdə daha yüksək pillədə dayandığını göstərib.

Rusiya üzrə aparıcı türkiyəli ekspert Hakan Aksay deyir ki, Moskvada daha heç kim Ərdoğana güvənmir.

Qərbə qarşı ortaq nifrətdən qaynaqlanan Ərdoğan və Putin əvvəllər işgüzar əlaqələr qurmaq istəyirdilər. Amma Aksay “Al Monitor”-a deyib ki, Moskva Ərdoğanın “yenidən seçildikdən sonra üzünü Qərbə çevirərək dəyişdiyini” düşünür.

Ekspert deyib ki, Ankara Rusiya tərəfindən əsir götürülmüş və məhbus mübadiləsi müqaviləsi ilə Türkiyəyə göndərilən ukraynalı komandirləri orada qalmaq şərti ilə azad etdikdən sonra bu pis niyyət ittihamı yenidən gündəmə gəlib. İyulun 7-də Türkiyəyə səfəri zamanı komandirlərin azad edilərək Zelenskiyə təhvil verilməsi Rusiyanın qəzəbini daha da artırıb.

Moskvada Ərdoğana etimadsızlığı artıran digər hadisələrə Zelenskinin səfəri zamanı Ankaranın Kiyevin NATO-ya üzvlük təklifini dəstəkləməsi də var.
Putinin taxıl sazişindən çıxması, onun Ərdoğanı üzbəüz görüşlə bağlı təxminlərdə saxlaması və avqust ayında Rusiya qüvvələrinin Ukraynaya gedən Türkiyə yük gəmisinə basqın etməsi Rusiyanın narazılığının əlamətləri kimi qəbul edilib.

Ərdoğan keçmişdə Qərblə pisləşən əlaqələri tarazlaşdırmaq üçün Rusiya ilə strateji tərəfdaşlıq arzuladığını gizlətmirdi. Ankara ilə Moskva arasındakı ciddi fikir ayrılıqları bunu həmişə çətin, hətta qeyri-mümkün perspektivə çevirib.

İqtisadi əlaqələr dayanır

Türkiyə lideri, deyəsən, indi mövqeyini dəyişib və mart ayında yenidən prezident seçildikdən sonra yenidən Qərblə müxtəlif səviyyələrdə əlaqə saxlayır.

Ankara və Moskvanın milyardlarla dollar dəyərində iqtisadi əlaqələri var, lakin bu, Suriyadan Liviyaya, Qafqazdan Kiprə qədər məsələlərdə fikir ayrılıqlarını yumşaltmağa kömək etməyib.

Analitiklər iddia edirlər ki, Ərdoğanla fikir ayrılıqlarına baxmayaraq, Putin Türkiyə ilə əlaqələri tamamilə poza bilməz. Bununla belə, onun BMT Baş Assambleyasına qədər Ərdoğana yeni taxıl sazişi hədiyyə etməyə hazır olub-olmadığı açıq sual olaraq qalır.

Ötən həftə Moskvada Fidanla görüşündən sonra Lavrov vurğulayıb ki, Qərb paytaxtları Rusiyanın gübrə və taxıl ixracına müəyyən zəmanət verməsə, ölkəsi bu sazişə qayıtmayacaq.

İ. Turan bildirib ki, taxıl sövdələşməsində çıxılmaz vəziyyət, “Qərbdəki dostlarına və müttəfiqlərinə Rusiya ilə vasitəçi kimi Türkiyənin onlara əvəzolunmaz müttəfiq olduğunu göstərmək üçün yollar axtaran Ərdoğan üçün xüsusilə uğursuz olacaq”.

Rusiya da alternativ taxıl müqaviləsi təklif etmişdi və bu müqaviləyə əsasən, Qətərin maliyyə dəstəyi ilə Türkiyəyə güzəştli qiymətlə bir milyon ton taxıl göndəriləcək, Türkiyədə emal edilərək ən çox ehtiyacı olan ölkələrə göndəriləcək.

Y. QACAR




Bölməyə aid digər xəbərlər