Yeni terror təhlükəsi - İran xəbərdar edir - Foto
Tarix: 01-08-2024 09:50 | Bölmə: Slayd
Yeni terror təhlükəsi - İran xəbərdar edir

HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürüldükdən sonra təcili toplanan BMT Təhlükəsizlik Şurasında İran tərəfi İsrailə lazımi şəkildə cavab verəcəklərini bəyan edib.

Reyting.az
-ın xəbərinə görə, BMT Təhlükəsizlik Şurası İranın tələbi, Rusiya, Çin və Əlcəzairin dəstəyi ilə fövqəladə iclas keçirib.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Haniyənin öldürülməsindən sonra İsrailə lazımi vaxt və şəkildə cavab verəcəklərini açıqlayıb.

“Haniyə sionist işğalçı İsrail rejiminin terror fəaliyyətləri nəticəsində öldürülüb”, - deyən İrəvani bu hücumun İsrailin bölgədəki terror və təxribat fəaliyyətlərinin davamı olduğunu bildirib.

İrəvaninin sözlərinə görə, İsrailin siyasi gündəmi var və regionda sülh və sabitliyi prioritet hesab edən İranın yeni hökumətinin ilk gününə kölgə salmaq istəyir.


Əmir Səid İrəvani

Hücumu ən sərt şəkildə qınadığını ifadə edən İrəvani bəyan edib ki, beynəlxalq hüquqa uyğun olaraq, İran özünün müdafiə haqqını qoruyur.

İrəvani İsrailə qəti şəkildə cavab verəcəklərini bildirib, İranın beynəlxalq hüquq prinsiplərinə və BMT Nizamnaməsinə sadiqliyini təsdiqləyib.

“İsrail rejiminin müharibə qızışdıran liderləri”nin heç bir şəkildə beynəlxalq hüququn təməl prinsiplərinə hörmət etmədiyini deyən İrəvaninin iddiasına görə, bu məsələdə ABŞ da məsuliyyət daşıyır.

Livanın BMT-dəki Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili Hadi Hachem isə Livan hökuməti və xalqının müharibə istəmədiyini deyib: “Livan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə tam sadiq qalmağa davam edir”.

Tarixin hər kəsi mühakimə edəcəyinə işarə edən Hachem bildirib ki, mövcud vəziyyət çox ağrılıdır: “Gələcək qaranlıqdır. Yaxın Şərqdə bir şey başlasa, bütün dünyaya yayılacaq".

E. KAMAL




Bölməyə aid digər xəbərlər
27-10-2024, 09:59 İki rayona qar yağıb