Hikmət Hacıyev: Azərbaycan sülhü əbədi etmək istəyir
Tarix: 07-12-2025 11:41 | Bölmə: Slayd

Hikmət Hacıyev: Azərbaycan sülhü əbədi etmək istəyir


“Azərbaycan üçün müharibə və münaqişə bitib. Xalqlarımızı sülhə hazırlamalıyıq. Sülh rifah yaratmalı, inkişaf təmin etməli, Cənubi Qafqazın bütün geosiyasi mənzərəsini dəyişməlidir”.

Reyting.az xəbər verir ki, bunu Qətərdə keçirilən “Doha Forumu”nda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Bu aspektdə xalqlar arasında etimadın önəmli olduğunu vurğulayan Hikmət Hacıyev bildirib ki, Azərbaycan sülhü əbədi, davamlı və geridönməz etmək istəyir: “Bunun üçün çox çalışmalıyıq. Bilirik ki, bəzən sülhü pozmaq istəyən qüvvələr ola bilər. Biz elə regional təhlükəsizlik arxitekturası qurmalıyıq ki, sülhə qarşı bütün mənfi meyllərə tab gətirsin. Bunun üçün əvvəlcə hökumətlər arasında etimad lazımdır. Məmnuniyyətlə deyə bilərəm ki, Ermənistan və Azərbaycan hökumətləri arasında etimad elementləri formalaşır. Bu, mühüm təməldir. Amma daha önəmlisi xalqlar arasında etimaddır”.

H. Hacıyev xalqlarımızı sülhə hazırlamağın vacibliyini qeyd edib:

“Azərbaycanın mesajı həmişə belə olub ki, biz sülh sazişini yalnız Ermənistan hökuməti ilə imzalamaq istəmirik, həm də Ermənistan xalqı ilə imzalamaq istəyirik ki, gələcək nəsillər də bunun faydasını görsün. Biz etimad quruculuğu tədbirləri üzərində işləyirik. Bilirik ki, bu çətindir. Cəmiyyətimizdə yaralar hələ təzədir, 30 illik münaqişə, son beş ildə eskalasiyalar və real müharibə vəziyyəti yaşanıb. Amma ən əsası budur ki, Azərbaycan regional liderlik və məsuliyyəti üzərinə götürüb”.





Bölməyə aid digər xəbərlər