











Tarix: 12-11-2015 13:18 | Bölmə: Slayd
Bu gün Azərbaycan müstəqil siyasət yürüdən,
demokratik, dinamik inkişaf edən və yüksək beynəlxalq nüfuza malik ölkədir.
Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir, hər kəsin fikir, söz
və məlumat azadlığı təmin olunmuşdur, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının
və kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün zəruri şərait
yaradılmışdır.
Məlumata görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov bu gün Ombudsmanların XIII Bakı Beynəlxalq
Konfransında çıxışında bildirib.
Ə.Həsənov bildirib ki, 1990-ci illərin əvvəllərində müstəqillik əldə etdikdən
sonra Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratik, plüralist cəmiyyətin
formalaşdırlması qarşıda duran başlıca vəzifə kimi müəyyən edilmişdir.
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və bu gün 20 yaşı tamam olan
müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında hakimiyyət
bölgüsünün, liberal iqtisadiyyatın, vətəndaş cəmiyyəti quruculuğunun, insan
hüquq və azadlıqlarının təməl prinsipləri təsbit olunmuş və sonrakı mərhələdə
uğurla həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəti mövqeyi ondan
ibarətdir ki, müasir dövrdə müstəqil siyasi kurs, liberal iqtisadi sistem və
güclü vətəndaş cəmiyyəti hər bir ölkənin dinamik inkişafını təmin edən başlıca
vasitələrdir. Məhz buna görə də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi,
insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının daha
da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində
ardıcıl siyasət həyata keçirir.
Müstəqillik illərində Azərbaycan özünün yeni inkişaf modelini yaratmış və mütərəqqi
təcrübə kimi onu bütün dünyaya təqdim etmişdir. Cəmi 10 il ərzində iqtisadi
potensial 3 dəfədən çox artmış, yoxsulluq və işsizlik kimi problemlər əsaslı şəkildə
həll edilmiş, sosial-iqtisadi infrastruktur ən qabaqcıl standartlara uyğun
yenidən qurulmuş, davamlı sosial rifah və ümumilikdə, ölkənin müasir simasının
formalaşdırılması istiqamətində nəhəng işlər görülmüşdür.
Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də
beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və
etibarlı tərəfdaş imici qazanmışdır. Mübaliğəsiz demək olar ki, bu tarixi
sıçrayış məhz Prezident İlham Əliyevin milli iradəyə əsaslanan, müstəqil və
düşünülmüş siyasəti sayəsində mümkün olmuşdur.
Ancaq bütün bu nailiyyətlər heç də asan əldə edilməmişdir. Ötən əsrin
sonlarında Azərbaycan qonşu Ermənistanın ərazi iddiaları və təcavüzkar siyasəti
ilə üz-üzə qalmışdır. Birmənalı şəkildə demək olar ki, ermənilər məqsədyönlü şəkildə
münaqişəni silahlı mübarizə müstəvisinə keçirmişdir. Hələ 1980-ci illərin
sonlarında Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı deportasiya
olunmuşdur. 1992-ci ilin əvvəllərində isə Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara
başlamışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlıların
yaşadığı Xocalı şəhərində soyqırımı törədilmiş, yüzlərlə insan qətlə
yetirilmiş, mindən artıq sakin isə əsir götürülmüşdür. Daha sonra Dağlıq
Qarabağ bölgəsinin (4 400 kv. km) hüdudlarından kənarda yerləşən və onun ərazisindən
4 dəfə böyük olan ətrafındakı 7 rayon ( 17 000 kv.km) ermənilər tərəfindən
işğal olunmuş, bir milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə
salınmışdır. Hazırda Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Qarabağ
uğrunda döyüşlərdə 20 mindən çox Azərbaycan vətəndaşı həlak olmuş, 100 000 nəfərədək
yaralanmış, 50 000 nəfər isə əlil olmuşdur. İşğal edilmiş ərazilərdə bütün
sosial, iqtisadi və mədəni infrastruktur dağıdılmışdır.
BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini
işğal etməsi ilə əlaqədar 7 bəyanat və 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul
etmişdir. Lakin Ermənistan indiyə kimi bu qətnamələrin tələblərini yerinə
yetirmir və beynəlxalq hüquqa zidd mövqeyini davam etdirir.
1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında
münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil edən sənəd qəbul
olunmuşdur. Zirvə toplantısı zamanı Prezident Heydər Əliyevin gərgin əməyi və
diplomatik istedadı sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivələrini
müəyyənləşdirən xüsusi bəyanat qəbul edildi. Bu bəyanat Ermənistan istisna
olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olunmuş və Lissabon sammitinin
yekun qərarında öz əksini tapmışdır.
Dünyanın digər nüfuzlu beynəlxalq təşkilatları da münaqişənin həllində Azərbaycanın
ədalətli mövqeyini dəstəkləyən çoxsaylı qərar və qətnamələr qəbul etmişlər.
2005-ci il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi
qətnamədə Azərbaycan ərazilərinin böyük bir hissəsinin Ermənistan silahlı qüvvələrinin
işğalı altında olduğu və separatçıların Dağlıq Qarabağ regionuna nəzarət etdiyi
göstərilmişdir. Qətnamədə Ermənistanın yeritdiyi etnik təmizləmə siyasəti pislənmiş,
bu siyasətin və hərbi əməliyyatların monoetnik ərazilərin yaranmasına gətirib
çıxarmasından narahatlıq bildirilmişdir. Bununla yanaşı, sənəddə deyilmişdir
ki, Avropa Şurasının üzvü olan ölkənin başqa ölkənin ərazilərini işğal altında
saxlaması onun öhdəliklərinə açıq-aşkar ziddir.
2015-ci il oktyabrın 1-də AŞPA-nın Siyasi məsələlər komitəsinin iclasında
"Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin
artması" adlı məruzənin hazırlanması üçün məruzəçi təyin edilmişdir.
Avropa Parlamenti də Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə mane olan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sənədlər qəbul
etmişdir. 2010-cu il mayın 20-də qurumun qəbul etdiyi "Cənub Qafqaz üçün Avropa
İttifaqının strategiyasına ehtiyac üzrə” qətnamədə "Dağlıq Qarabağ da daxil
olmaqla, Dağlıq Qarabağı əhatə edən bütün işğal olunmuş Azərbaycan
torpaqlarının tez bir zamanda boşaldılması” tələb olunmuşdur.
Onu da qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini
ehtiva edən 20-yə qədər sənəd qəbul etmişdir.
2010-cu il noyabrın 20-də NATO-nun qəbul etdiyi Bəyannamədə bildirilmişdir ki,
təşkilat Azərbaycan, Gürcüstan, Ermənistan və Moldovanın ərazi bütövlüyünü dəstəkləyir
və bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdar çıxır.
Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda sülh və təhlükəsizliyin təmin
edilməsi məsələsinə böyük önəm verir və bu istiqamətdə məqsədyönlü siyasət həyata
keçirir. Azərbaycan torpaqlarının 20%-i işğal altında saxlayan, digər region
ölkələrinə qarşı ərazi iddiaları, həmçinin Türkiyəyə qarşı qondarma "erməni
soyqırımı” tələbi irəli sürən, torpaq və təzminat tələb edən Ermənistan isə öz
təcavüzkar siyasəti ilə regional təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ermənistan
bu iddialarını həyata keçirmək üçün terroru da bir vasitə kimi seçmişdir. Belə
ki, 1984-cü ildən bu günə qədər erməni terrorçu qrupları Azərbaycan ərazisində
388 terror aktı törətmiş və nəticədə 1189 nəfər ölmüş, 1705 nəfər yaralanmış və
əlil qalmışdır.
Qeyd etmək istərdik ki, Azərbaycan Xəzər hövzəsini Qərb dövlətlərinin üzünə
açan, bu ərazini beynəlxalq əməkdaşlıq arenasına çevirən ölkədir. Müstəqillik
illərində Azərbaycanın öz tərəfdaşları ilə həyata keçirdiyi transmilli enerji layihələri
regionun inkişafında, bölgənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm
rol oynamışdır. Bu gün Azərbaycan həm də Avropanın enerjiyə olan ehtiyaclarının
ödənilməsinə önəmli töhfə verir.
Ermənistan isə Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayır və regionda
sabitliyi təhdid etməklə həm də mühüm enerji və nəqliyyat layihələrinin
reallaşmasına mane olmağa çalışır.
SSRİ dağıldıqdan sonra Ermənistanın həyata keçirdiyi siyasətin təhlili onu deməyə
əsas verir ki, bu ölkə regionun iqtisadi və siyasi inkişafını şərtləndirən
layihələrdən kənarda qalmış, özünütəcrid vəziyyətinə düşmüş və ciddi sosial və
iqtisadi problemlərlə üzləşmişdir. Ermənistan Xəzər hövzəsi enerji
resurslarının Avropa bazarlarına daşınmasında münasib məkanda yerləşməsinə baxmayaraq,
geosiyasi mövqeyinin ona verdiyi bu fürsətdən istifadə etməmişdir ki, bu da
onun üçün ağır nəticələrə səbəb olmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də regionda demokratiyanın
inkişafı, insan hüquq və azadlıqlarının təmin olunmasında ən böyük maneədir.
Şübhəsiz, bu problem olmasaydı və yaxud vaxtında həllini tapsaydı, region ölkələri
daha çox inkişaf edər, sülh və təhlükəsizlik daha etibarlı şəkildə təmin
olunardı.
Trend.az
Bölməyə aid digər xəbərlər