Türkiyə qonşu ölkədə hərbi əməliyyata başlayacaq
Tarix: 02-06-2022 18:11 | Bölmə: Slayd
Türkiyə qonşu ölkədə hərbi əməliyyata başlayacaq

Türkiyə prezidenti Ərdoğanın Suriyada yeni hərbi əməliyyata başlamaq xəbərdarlığından sonra bu ölkədə hərbi aktivlik artıb. Yerli mənbələrin məlumatına görə, Bəşər Əsəd administrasiyası mümkün əməliyyata qarşı hazırlaşır.

Reyting.az
xəbər verir ki, Finlandiya və İsveçin NATO üzvlüyünə etirazları səbəbindən gərginliyin artdığı bir vaxtda Türkiyənin cənubunda da müəyyən fəallıqlar müşahidə olunur.

Xatırladaq ki, prezident Ərdoğan ötən həftə Suriyada hərbi əməliyyatın başlaya biləcəyinə işarə edib. O, dünənki açıqlamasında isə bildirib ki, Türkiyənin cənub sərhədləri boyunca 30 kilometr dərinlikdə təhlükəsiz zona yaratmaq səyləri yeni mərhələyə qədəm qoyur.

Terror təşkilatı PKK-nın Suriya qolu YPG-yə dəstək verən ABŞ əməliyyatla bağlı açıqlama yayıb. Dünən NATO-nun baş katibi Yens Stoltenberqlə görüşən ABŞ dövlət katibi Antoni Blinken “Suriyanın şimalında gərginliyi artıracaq addıma qarşı çıxacağıq”,- deyib.

Bildirilib ki, müzakirələr davam edərkən Suriya rəhbərliyi Türkiyənin mümkün əməliyyatına qarşı hərəkətə keçib.

“Middle East Monitor” saytının xəbərinə görə, Bəşər Əsəd hökumətinin ordusu Tel Rıfat və Hələb şəhərinin şimalına əsgər və hərbi texnika yeridir.

Yerli mənbələr YPG-yə bağlı Suriya Demokratik Qüvvələrinin nəzarətində olan bölgələrə 4 hərbi birləşmənin daxil olduğunu açıqlayıblar. Suriya televiziyası isə hökumətin nəzarətindəki ərazilərdə və Minniq Hava Bazasının ətrafında yerləşdirilən Suriya ordusunun ağır silahlar və tanklarla təchiz olunduğunu bildirib.

Mümkün əməliyyatlardan danışan təhlükəsizlik və terror məsələləri üzrə mütəxəssis Abdullah Ağar deyib ki, Türkiyə prosesin arxasında Rusiya və ya ABŞ-ın dayanmasına məhəl qoymayacaq:

“Burada qarşımıza çıxan bir təhlükə var və biz haqlıyıq. Bu əməliyyatın olması son dərəcə vacibdir. Bir tərəfi Rusiyanın nəzarətində, digər tərəfi isə ABŞ-ın nəzarəti altındadır. Ancaq ekzistensial təhlükə ilə üzləşirsinizsə, mübarizə çətinliyi ilə qarşılaşırsınız. Bunu etməsəniz, sizə qarşı əməliyyat keçirəcəklər”.





Bölməyə aid digər xəbərlər