Rusiya Ukrayna ilə Avropa arasındakı təchizat xəttini vurub
Tarix: 03-06-2022 16:52 | Bölmə: Slayd
Rusiya Ukrayna ilə Avropa arasındakı təchizat xəttini vurub

Rusiya qüvvələri Ukraynanın qərbindəki təchizat xəttinə zərbə endirib. Hücum zamanı hipersonik raketlərdən istifadə edildiyi bildirilir. Məlumata görə, hədəf seçilən dəmiryolu tuneli Ukraynanı NATO üzvü Slovakiya ilə birləşdirir. Dəmiryolu Lvov və Avropa Birliyi arasında əsas nəqliyyat xəttidir.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti məlumat yayıb.

Bildirilir ki, Qara dənizdəki döyüş gəmisindən atılan raketlər Karpat dağlarında yerləşən Beskidi dəmiryolu tunelinə düşüb.

Ukrayna rəsmisi Anton Geraşenko və Lvov qubernatoru Maksim Kozitski bu barədə açıqlama veriblər. Hər iki şəxs hücumu təsdiqləyib və məqsədin dəmiryolunu sıradan çıxarmaq və təchizat xətlərini pozmaq olduğunu bildiriblər.

Rusiya mənbələri isə hücumların “Kalibr” raketləri ilə həyata keçirildiyini açıqlayıblar.

Qeyd edək ki, hipersəs döyüş başlıqlarından mart ayında Ukraynanın hərbi infrastrukturuna hücum zamanı da istifadə edilib.

Onu da xatırladaq ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Qərb dövlətlərinin, xüsusilə ABŞ-ın ötən dövrdə Ukrayna administrasiyasını silahla təmin etməklə böyük səhvə yol verdiklərini bəyan edərək, silah daşımaları aşkar edildikdə Rusiya qüvvələrinin hədəfi olacağını bildirmişdi.




Bölməyə aid digər xəbərlər