Ərazi müqabilində sülh? - Daha 5 ssenari müzakirə olunur
Tarix: 04-06-2022 13:16 | Bölmə: Slayd
Ərazi müqabilində sülh? - Daha 5 ssenari müzakirə olunur

Rusiya prezidenti Vladimir Putin Ukraynanın separatçı Donbass bölgəsində hədəfinə yaxınlaşır. Artıq hərbi ekspertlər və müşahidəçilər gələcək üçün 5 ssenarini nəzərdən keçirirlər.

Reyting.az
xəbər verir ki, Ukrayna və Rusiyadakı hərbi ekspertlər Donbass bölgəsinin Rusiya tərəfindən ilhaqı ilə müharibənin bitməyəcəyini bildirsələr də, müharibənin sonrakı 100 günü üçün daha 5 yeni ssenarini müzakirə edirlər.

Ukrayna Baş Qərargahının keçmiş sözçülərindən olan polkovnik Vladislav Seleznev deyib ki, iyunun sonunda ruslar tərəfindən 5 mümkün ssenari hazırlanacaq.

V. Seleznevin sözlərinə görə, Rusiya 2011-ci ildə Luqansk torpaqlarını nəzarətə götürüb və bu ərazinin 95 faizi ruslardadır.

Polkovnik diqqətə çatdırıb ki, Severodonetsk şəhərinin süqutu ilə digər separatçı bölgə - Donetsk istiqamətində ikinci cəbhə açılır: “Bura on minlərlə əsgər toplayan Rusiya Donbassı müdafiə edən Ukrayna qoşunlarını mühasirəyə almağa çalışır. Açılacaq yeni Donetsk cəbhəsində müvafiq olaraq Slavyansk və Krematorsk şəhərləri də hədəfə alınacaq. Beləliklə, 2015-ci ildə Donetskdə yaradılmış müdafiə xətti arxadan vurulacaq. Belə olan halda, təəssüf ki, qüvvələrimiz Ukraynanın içərilərinə, Zaporojye vilayəti istiqamətində çəkilməli ola bilər”.

Dənizdən qoparma planı

Rusların Ukraynanın şərqindən sonra cənuba doğru hərəkət edəcəyini bildirən polkovnik Seleznevin fikrincə, ruslar Xerson və Zaporojye bölgələrində işlərini tamamlamadıqlarını düşünürlər. Yəni Donbass bölgəsindən sonra bu iki rayonu tamamilə ələ keçirmək istəyəcəklər. Bundan əlavə, ruslar Odessa yolunda Mikolayev liman şəhərini də tutmağa çalışacaqlar. Sonra onlar kifayət qədər ehtiyat əsgər toplayıb qurudan və dənizdən Odessanı tutmağa cəhd edə bilərlər. Odessadan sonra Moldovada rusiyapərəst separatçı Dnestryanıya qədər uzanaraq Ukraynanı dənizdən tamamilə kəsməyi hədəfləyirlər.

Xarkovu tutmaq ssenarisi



Ukrayna üzrə hərbi ekspert, polkovnik Sergey Qrabski deyir ki, ruslar Donbass bölgəsindən sonra yenidən Xarkov şəhərini ələ keçirməyə çalışacaqlar. Putinin Xarkovu Rusiya şəhəri hesab etdiyini xatırladan Qrabskinin sözlərinə görə, Xarkov Rusiya sərhədinə çox yaxındır və Ukrayna ordusu son həftələrdə rus qoşunlarını sərhədə doğru sıxışdırsa da, bu, müvəqqəti xarakter daşıyır: “Donbass əməliyyatı başa çatdıqdan sonra, düşünürəm ki, fevralın 24-də olduğu kimi, ruslar yenə də bura yollanacaqlar. Onların sənaye mərkəzi Xarkovdan yan keçmələri mümkün deyil”.

Dnepr də hədəf ola bilər

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyir ki, Rusiya Donbass bölgəsindən sonra Ukraynanın ortasında yerləşən Dnepr şəhəri istiqamətində hərəkət edəcək: “Rusiya ordusu Donbass sərhədində dayana bilməz. Ukraynanın qalan hissəsinin bizim qatı düşmənimiz olacağından, ordumuz Dnepr şəhəri istiqamətində irəliləyəcək. Dneprdən sonra hədəf Xarkov, Kiyev və Odessa olmalıdır”.

Kiyevə yenidən hücum?

Ən təhlükəli ssenarini Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik səsləndirib. Rusiyanın bütün Ukraynanı ələ keçirmək fikrindən əl çəkmədiyini ifadə edən Motuzyanik, “Putin bütün Ukraynanı ələ keçirmək fikrindən əl çəkməyib. O, paytaxt Kiyevi almağa çalışacaq. Bu dəfə ona sadiq olan Belarus lideri Aleksandr Lukaşenkonu müharibəyə qoşulmağa razı salmaqla üstümüzə yeriməyə cəhd edəcəklər. Onlar bizim təslim olmağımızı istəyəcəklər”,- deyib.

Sülh və atəşkəs

Hərbi ekspertlərdən fərqli olaraq, siyasi müşahidəçilər beşinci ssenariyə də diqqət yetirirlər. Buna uyğun olaraq, ölkənin Şərq və Cənub cəbhələrində Ukrayna ordusuna ciddi zərbə vurmağı planlaşdıran ruslar təxminən “ərazi müqabilində sülh” formulu ilə Kiyev administrasiyasını masaya oturtmaq istəyir.

İddia olunur ki, Krım və Donbass bölgələrinin Rusiyaya rəsmi təhvil verilməsi ilə müharibə bitə bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər