Lavrovun Türkiyə səfəri - Qara qovluqda nələr var?
Tarix: 07-06-2022 14:28 | Bölmə: Slayd
Lavrovun Türkiyə səfəri - Qara qovluqda nələr var?

Ukrayna müharibəsinin yaratdığı ərzaq böhranının həlli üçün hərəkətə keçən Türkiyə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ankaraya səfəri zamanı bu problemi gündəmə gətirəcək. Rusiyalı nazirlə müzakirə ediləcək digər mühüm məsələ Türkiyənin Suriyada yeni hərbi əməliyyata hazırlığı ilə bağlı olacaq.

Reyting.az
xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin 104-cü gününə girdiyi bir vaxtda Sergey Lavrov müharibə səbəbiylə böyüyən ərzaq böhranının həlli üçün bu gün Türkiyəyə gəlir. Diplomatik mənbələrdən verilən məlumata görə, Sergey Lavrov xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Nazir Çavuşoğlu dünənki açıqlamasında qida böhranının həlli üçün böyük səy göstərdiklərini diqqətə çatdıraraq, “Bu mövzuda BMT, Ukrayna və Rusiya ilə əlaqə saxlayırıq. Çərşənbə günü Lavrov bu məsələləri müzakirə etmək üçün nümayəndə heyəti ilə Ankaraya gəlir. Biz Ukraynanın xarici işlər naziri Kuleba ilə daim əlaqə saxlayırıq”, - deyib.

Xatırladaq ki, dünyanın aparıcı taxıl istehsalçılarından olan Ukraynanın Qara dəniz limanları müharibə səbəbindən bağlanıb və limanlarda 20 milyon tondan çox taxıl qalıb. Rusiyanın “İzvestiya” qəzeti yüksək səviyyəli rəsmilərə əsaslanan xəbərində Rusiyanın taxıl yüklü gəmilərin Odessadan yola salınması ilə bağlı Türkiyə ilə müvəqqəti plan razılaşdırdığını iddia etsə də, Türkiyə rəsmiləri bu iddianı təsdiqləməyiblər. Ukraynanın da bu plana şübhə ilə yanaşdığı iddia edilirdi.

Diplomatik qaynaqlardan sızan məlumatlarda bildirilir ki, Lavrovun gündəmində taxıl böhranı ilə yanaşı, Türkiyənin Suriyadakı əməliyyata hazırlığı, Rusiya-Ukrayna müharibəsi, atəşkəs səyləri, Qara dənizdə minaların təmizlənməsi və NATO məsələsi də var. Lavrovun Mövlud Çavuşoğlu ilə yanaşı milli müdafiə naziri Hulusi Akarla da görüşü gözlənilir.

Məlumata görə, səfərin gündəmə gətirilməsinə səbəb Türkiyənin Suriyada planlaşdırdığı hərbi əməliyyatdır. Suriya ilə bağlı Lavrov ötən ay verdiyi açıqlamada “Türkiyə təbii ki, bunlara biganə qala bilməz. Biz bu problemlərin Suriyanın müstəqilliyi və ərazi bütövlüyünə hörmət çərçivəsində həll olunmasını istəyirik”, - deyib. Bu ifadənin açıqlaması belədir ki, Türkiyə problemlərini qaydaya salmaq üçün Bəşər Əsədlə birgə hərəkət etsin.

Digər tərəfdən, səfər ABŞ-da da yaxından izlənilir. ABŞ Dövlət Departamentinin sözçüsü Prays, Lavrovun Türkiyəyə səfəri ilə bağlı sualı cavablandırarkən “Bilmirəm, çox vacib bir şey gözləməliyik. Təbii ki, səfərdən sonra yaxından təqib edib türk dostlarımızla söhbət edəcəyik”, - ifadəsini işlədib.

ABŞ dövlət katibi Antoni Blinken dünən deyib ki, Ukraynanın taxılının Rusiya tərəfindən oğurlaması ilə bağlı xəbərlər inandırıcıdır.

Qeyd edək ki, Ukrayna Rusiyanı oğurladığı taxılı Türkiyə və Suriya da daxil olmaqla bir sıra ölkələrə satmaqda ittiham edir.




Bölməyə aid digər xəbərlər