Yeni büdcə acınacaqlı vəziyyətdədir; Hökumət xalqın yaşayışında müsbət dəyişiklik edə bilməyəcək
Tarix: 25-11-2017 11:10 | Bölmə: Araşdırma / Slayd
Yeni büdcə acınacaqlı vəziyyətdədir; Hökumət xalqın yaşayışında müsbət dəyişiklik edə bilməyəcək


Milli Məclisdə 2018-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatıb. Sonuncu iclasda spiker Oqtay Əsədov deyib ki, hökumət dekabrın 1-nə kimi qaldırılan məsələlərə baxa bilər, çünki dekabrın 1-də büdcə layihəsi səsverməyə çıxarılacaq.

Maliyyə naziri Samir Şərifov isə bildirib ki, deputatların təklifləri hökumətə çatdırılacaq: "Bizə ayrılan müddət ərzində təkliflər təqdim olunacaq və dəyərləndiriləcək”.

Deputatlar etiraz edir

Yeni büdcə acınacaqlı vəziyyətdədir; Hökumət xalqın yaşayışında müsbət dəyişiklik edə bilməyəcək

Məlumat üçün nəzərə çatdıraq ki, büdcə müzakirələri zamanı hökumət üzvləri qarşıdakı dövr üçün nikbin fikirlər səsləndirsələr də, deputatların mövqeləri sərt olub. Büdcə zərfinin müzakirəsində deputat Yevda Abramov qiymət artımı ilə bağlı sərt mövqe ifafə edib:

“Biz bilirik ki, respublikanın iqtisadiyyatı liberaldır. Tələb və təklif qiyməti müəyyən edir. Dünya bazarında neftin qiymətinin qalxıb düşməsi bir sıra ölkələrdə qiymətlərə elə də təsir etmir. Qonşu Rusiyada ən azı 18 məhsul dövlət tərəfindən qorunur. Bu da əhalinin rifahının qorunub saxlanılmasına xidmət edir. Ancaq bizdə, təəssüflər olsun ki, neftin qiyməti 60 dollar olanda da qiymətlər eyni səviyyədə qalır. Azərbaycanda qiymət qalxdısa, onun enməsi çətin olur”.

Deputat Əli Məsimli də narazılığını ifadə edib. O bildirib ki, yaşayış minimumunun hesablanması zamanı müasir metodologiyadan istifadə olunmalıdır: “116 manatlıq ehtiyac meyarı və ya 173 manatlıq yaşayış minimumu ilə bir ay yaşamaq olarmı? Təbii ki, olmaz. Bəs neçə gün yaşamaq olar? Bunu bilmək üçün bir dəfə bazara gedib, qiymətlərə baxmaq lazımdır. Yaşayış minimumu hesablananda minimum istehlak səbəti hər üç ildən bir hesablanmamalıdır. Çünki qiymətlər artır. Hər il ehtiyac meyarının yaşayış minimumu səviyyəsinə çatdırılmasını hökumətə təklif edirik”.

Millət vəkili Fazil Mustafa da maraqlı müqayisə ilə yadda qalıb. F.Mustafa deyib ki, bu gün uşağa verilən birdəfəlik müavinət 45 manat olduğu halda bir buzova görə verilən subsidiya 140 manatdır: “Elə hər şeyi bundan görmək olar. Odur ki, bu məsələlərə baxış fəlsəfəsi dəyişməlidir. Nə qədər ki, yeni doğulan uşaqlara baxış fəlsəfəsi dəyişməyib ciddi problemlərin şahidi olacağıq”.

YAP-çı deputat Siyavuş Novruzov da tənqidi fikirlər səsləndirib: "Əgər kiminsə 50 yaşı varsa və o, pensiyaya çıxmaq istəyirsə, onların pensiya təminatı 65 yaşından başlayırsa, 63 yaşlı insan nə qədər daş daşımalı, asfalt tökməlidir ki, gəlib 65 yaşına çatsın?! Bu baxımdan, onlar başqa yollarla əlillik alıb pensiyaya çıxmalı olurlar”.

S.Novruzov bildirib ki, ünvanlı sosial yardımların əvəzində müəyyən biznes yerləri açıla bilər, bu da yeni iş yerləri hesab olunur: "Bunun üçün maliyyə ayrılmalıdır. Biz onları ələbaxımlılıqdan uzaqlaşdırmalıyıq. Onlar özləri çalışıb pul qazanmalıdır. Əks halda ələbaxımlılıqla bunun effektivliyi olmayacaq”.

“Hökumət xalqı düşünmür”

Yeni büdcə acınacaqlı vəziyyətdədir; Hökumət xalqın yaşayışında müsbət dəyişiklik edə bilməyəcək

Mövzu ilə bağlı fikirlərini “Reytinq”lə bölüşən Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu deyib ki, Azərbaycanda nə parlament, nə də deputat var və bu səbəbdən də orada gedən müzakirələri ciddi qəbul eləmək olmaz. T.Yaqublunun sözlərinə görə, son üç gündə parlamentdə gedən müzkirələr formal xarakter daşıyıb:

“Normal ölkələrdə büdcənin ictimai müzakirləri keçirilir, parlamentdə dəfələrlə dartışılır, bir neçə oxunuşdan sonra qəbul olunur. Orda hökumətə qarşı ciddi bir fikir söyləyə biləcək adam olmadığına görə, müzakirələrdən nəsə gözləməyə dəyməz. Kimlərsə xırda-para nəsə narazılıq edə bilər.

Büdcə xalqın puludur. Rəqəmlər üzərində hansısa manipulyasiya eləmək lazım deyil. Ümumi mahiyyətə varmaq lazımdır”.

Başqan müavini qeyd edib ki, hökumətin proqramına görə, gələn il 70-ə qədər dövlət xəstəxanası pullu olacaq: “Əgər hökumət insanları düşünürsə, niyə belə addım atır? Bu gün cəmiyyəti narahat edən problemlərdən biri müalicə məsələsidir. Dərmanlar baha, müayinələr baha... Bunun üçün gülünc miqdarda az vəsait ayırırlar. Bax, bu kimi məsələlərə görə deyirəm ki, hökumət xalqı düşünmür, nə edirsə, öz maraqlarına uyğun edir.

İqtisadçılar araşdırdılar və ortaya qoydular ki, büdcə heç bir halda sosialyönümlü deyil. Məlum oldu ki, gələn il yenə tikintiyə daha çox pul ayrılır. Bunun da səbəbi var. Çünki tikintidə pulu daha çox “silə” bilirlər. Bir hökumət ki, 10 milyarddan çox pulu oğurlasın və buna görə heç kim cavab verməsin, ondan nə gözləmək olar? Onların büdcə sənədində nəsə yazmağının əhəmiyyəti yoxdur”.

Deputatların tələbi qıcıq doğurur

Yeni büdcə acınacaqlı vəziyyətdədir; Hökumət xalqın yaşayışında müsbət dəyişiklik edə bilməyəcək

İqtisadçı ekspert Natiq Cəfərli isə “Reytinq”in əməkdaşına deyib ki, büdcə müzakirələri normal ölkələrdə detalları ilə polemikaya çıxarılır, dartışmalar aparıldıqdan sonra qəbul olunur. Onun qənaətincə, Azərbaycanda büdcə müzakirələri sanki görüntü xarakteri daşıyır:

“Normal ölkələrdə cəmiyyətin müxtəlif təbəqələri büdcə müzakirələrinə cəlb olunur və ciddi analizdən sonra qəbul edilir. Çox təəssüf ki, bizdə büdcə müzakirələri zamanı analitik polemikadan daha çox maraqlardan doğan emosional çıxışlar görürük. Deputatların da çıxışlarına baxsaq, görərik ki, bu, şəxsi maraqların güdüldüyü populizmdən başqa bir şey deyil. Bu müzakirələr zamanı ortaya maraqlı məqamlar çıxır. Sanki deputatlar cəmiyyətə şikayət edirlər. Halbuki büdcəni qəbul edəcək mərkəz elə parlamentdir. Onların bu çıxışları ilə hüquqi nonsens yaranır. Onu bilməlidirlər ki, büdcənin istənilən maddəsinə deputatların dəyişiklik etmək haqqı var. Bizdə isə sanki hər şey tərsinə işləyir”.

Ekspert qeyd edib ki, deputatları, eləcə də cəmiyyəti narahat edən sosial sahədir. Büdcədə bu sahəyə ayırmalarla bağlı ciddi dəyişikliklərin ediləcəyi gözlənilən deyil. Çünki büdcənin strukturu imkan vermir ki, insanların həyatını dəyişəcək artım olsun: “Güman ki, təqaüdlərin, maaşların indeksləşməsi ilə bağlı qərarlar qəbul ediləcək. Rəsmi inflyasiya səviyyəsinə uyğun olaraq, müəyyən artımlar da ola bilər. Bir də deputatların maaşında və xərcləmədə dəyişiklik mümkündür. Bu da ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Şəxsən mən deputatların, nazirlərin yüksək maaş almasına normal baxıram. Təbii ki, seçilmiş insanların, siyasi vəzifə tutmuş şəxslərin maddi təminatı yüksək olmalıdır. Ortalama əhalinin gəlirləri səviyyəsinə baxdıqda deputatların əməkhaqqına artım tələbi vətəndaşlarda qıcıq doğurur. Ola bilər ki, maaş artmadan deputatların müəyyən xərclərində artımlar olsun. Hər halda, gələn ilin büdcəsində digər nəzərəçarpacaq dəyişikliklər real deyil”.

Sosial siyasətdə kritik vəziyyət yaranıb

Yeni büdcə acınacaqlı vəziyyətdədir; Hökumət xalqın yaşayışında müsbət dəyişiklik edə bilməyəcək

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay da büdcə müzakirələri ilə bağlı maraqlı fikirlər səsləndirib. İ.Altay “Reytinq”ə deyib ki, Azərbaycanda dövlət büdcəsinin bugünkü vəziyyəti həm miqdar, həm də onun düzgün sistemli və ədalətli bölgüsü baxımından acınacaqlı vəziyyətdədir: “Xüsusən də sosial məsələlərə ayrılan vəsaitlər və yardımlar ciddi narahatlıq doğurur. Eyni zamanda ciddi sosial problemlər yarada bilər. Əhalinin sosial problemləri üzrə aparılan siyasətdə əsas bir neçə istiqamətdə ciddi kritik vəziyyət yaranıb.

Birincisi, pensiyaçılarla bağlı roblemdir və bu, çöx mühümdür. Çünki bu problem ölkənin 1 milyon 300 min əhalisini, yəni 15-20 faizini əhatə edir. Əvvəla pensiyaların miqdarı yaşayış minimumuna uygun gəlmir, azlıq təşkil edir. Gəlsə belə, 30-40 il ölkə, xalq üçün can qoyub, işləyib, xeyir verən şəxs niyə minimum həddində yaşasın? Niyə maksimum işləyib qocalanda minimum yaşayış həddinə qapılsın?

Başqa bir məsələ bu sahədə yaş həddinin hamıya eyni cür tətbiq edilməsi, ixtisas və peşə üzrə ayrıca yanaşılmamasıdır. Məsələn, müəllim, həkim kimi zehni sahələrdə çalışanların fəhlə kimi ağır fiziki sahədə işləyənlərlə bir yaş həddində pensiyaya göndərilməsi problemlər yaradır. Bir halda ki, müəllimin, həkimin pensiya məbləği bu qədər aşağıdır, onlar normal işləyib, normal maaş aldıqları halda pensiyaya göndərilməsi təbii ki, onların həyatına zərbədir.

Daha bir mühüm məsələ uşaqlara görə verilən müavinət və yardımın hətta ağlasığmaz dərəcədə azlığıdır. Bu cür münasibət indiki işsizlik, işləyənlərin də maaşların azlığı, üstəlik də tənha anaların çox olduğu vaxtda ölkənin, xalqın körpə-uşaq fonduna zərbədir. Qidasızlıq, geyim, şərait, qayğısızlıq, baxımsızlıq bu uşaq fondunun cırlaşmasına, oradan da xalqın gələcəyinin cırlaşmasına, deformasiyasına, xəstəliklərə aparır. Ən kiçik nəslin - uşaqların genetik roblemlərindən tutmuş inkişaf, fiziki və əqli zəifliyinə qədər gətirib çıxaran bu halın qarşısı alınmalı və büdcədən bu sahəyə vəsait ayırmaları artırılmalıdır”.

Yaşayış minimumu düzgün hesablanmır

Yeni büdcə acınacaqlı vəziyyətdədir; Hökumət xalqın yaşayışında müsbət dəyişiklik edə bilməyəcək

Müsahibimiz yaşayış minimumunun düzgün hesablanmadığını düşünür. İ.Altay hesab edir ki, yaşayış minimumu real vəziyyətə uyğunlaşdırılmalıdır: “Bu qədər inflyasiya və bahalaşma gedir, yaşayış minimumu yerində qalır, bu necə ola bilər? Xüsusilə, heç olmasa ərzaq, qida məhsullarını götürsək, bu sahədə günü-gündən bahalaşma gedirsə, ona da uyğun yaşayış minimumu olmalıdır. Yaşayış minimumu və ona uyğun maddi imkanlar qalxmırsa, bahalaşmanın qarşısı alınmırsa, onda bu uyğunsuzluqla camaat nə yesin, necə qidalansın? Hələ mən qidaların keyfiyyətini, onların tərkibinə nəzarəti, bu aşağı keyfiyyətin, saxta qida tərkibinin insanlara nə qədər ziyan vurduğunu, hansı sağlamlıq fəsadları törətməsini demirəm. Xüsusən də ölkədə qida inhisarının başında duran “Azərsun” şirkətinin ölkəyə, xalqa vurduğu cinayət tərkibli ziyanlar barədə danışmıram. Bu, ayrıca mövzudur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər