23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
On ikinci imza - Hacı Mirzə Səlim Axundzadə
Tarix: 26-05-2018 21:11 | Bölmə: Araşdırma / Xəbərlər
On ikinci imza - Hacı Mirzə Səlim Axundzadə

On ikinci imza

Mayın 28-də Azərbaycanın İstiqlal bəyannaməsini imzalayanlardan biri də Hacı Mirzə Səlim Axundzadədir

1918-ci il fevralın 8-də Bakıdan Lənkərana bir teleqram gəldi: «Müsavat» partiyasının yerli təşkilatına sanballı bir nümayəndəsini mərkəzə göndərmək tapşırılırdı. O, artıq sabah səhər tezdən Bakıda olmalı idi ki, axşam – yeni yaradılan Zaqafqaziya Seyminin azərbaycanlı üzvlərindən biri kimi – Tiflisə yola düşsün.
Firqədaşları bu tarixi missiyaya Hacı Mirzə Səlim axund Axundzadəni layiq bildilər.

Lənkərandan Bakıya paraxodla on iki saatlıq yol idi, odur ki, düz-əməlli səfər tədarükü görməyə macal olmadı. Axund evinə baş çəkib, özünü şəhər limanına çatdıranda gəmi artıq lövbərini yığışdırırdı.

Paraxod Lənkərandan uzaqlaşıb Bakıya yaxınlaşdıqca sanki onu indiyə qədərki həyatının müəyyənliyindən qoparıb məchul bir gələcəyə aparırdı…

Beləcə, bir teleqraf lentindəki üç-beş cümlə Hacı Mirzə Səlim axundun bütün həyat nizamını pozdu.

O, bu hadisədən 14 il sonra öz xatirələrində yazacaqdı: «Badkubədən izhar etmişdilər ki, bu məclisin müddəti-əmri bir həftə və yainki 15 gün olacaqdır. Amma mən yoldaşlarıma dedim ki, mənim zənnimcə, bu müsafirət 7-8 ay çəksin. Necə ki, 2 iləcən çəkdi. Mən cəmi cəhətdən avara oldum».

Müəllif bu sözlərində səmimidir. Nümunəvi ailə başçısı, el-obasına bağlı adam, müəllim və ruhani olan Hacı Mirzə Səlim axunddan ötrü sevdiklərindən uzaq düşdüyü iki il az müddət deyildi.

Amma ömrünün bu dövrünə «cəmi cəhətdən avara olmaq» kimi qiymət verməsini onun təvazökarlığına da yozmaq olar.

Axı bu iki təqvim ilində iki əsrə bəs edəcək hadisələr baş vermişdi və onların burulğanına düşən milyonlardan fərqli olaraq, Axundzadə bu tarixi prosesin fəal iştirakçılarından, ölkənin və regionun taleyinə özünəməxsus təsir göstərən insanlardan idi.

Onu bu imtiyazın və məsuliyyətin sahibi edən səbəblər vardı.

On ikinci imza - Hacı Mirzə Səlim Axundzadə

Səlim Axundzadə 1872-ci ildə Lənkəranda, Mirzə İsmayıl Qasirin ailəsində dünyaya göz açmışdı. Qasir dövrünün qabaqcıl ziyalısı, şair və maarif xadimi idi: Lənkəran ədəbi məclisini – «Fövcül-füsəhanı» o yaratmış, ilk müasir tipli, «Üsuli-cədid» məktəbini o açmışdı; XIX-XX əsrlərin qovuşuğundakı Lənkəran mədəni və ictimai mühitini onsuz təsəvvür etmək mümkünsüzdür. Qasir – böyük Seyid Əzim Şirvaninin qələm və əqidə yoldaşı, ümumazərbaycan miqyaslı ziyalı idi.


Səlim atasının həm genetik, həm mənəvi varisi idi – bu, hər oğula nəsib olmur. O, öncə «Üsuli-cədid» məktəbini, sonra Lənkəran şəhər gimnaziyasını bitirərək həm Şərq, həm Avropa qaydasınca təhsil aldı.

Bir müddət yerli məhkəmə və polis idarələrində, habelə mülkədar Əsgər xan Talışinskinin evində katib işlədikdən sonra Səlim ruhani təhsilini davam etdirməkçün Lənkəran mədrəsəsində ərəbcəsini təkmilləşdirib İrana getdi; 8 il ərzində Ərdəbil və Zəncan mədrəsələrində dini biliklərini artırdı; İraqın Nəcəf şəhərində böyük üləmalardan dərs aldı; müqəddəs Kəbəni ziyarət etdi. Bununla belə, onun maraq dairəsi İslam Şərqinin zəngin dini və elmi-mədəni irsi ilə məhdudlaşmırdı və Səlim Axundzadə Avropa dəyərlərinə bələd olmaqdan ötrü Türkiyəyə səfər etmiş, orada fransızcanı öyrənmiş, sonra bir çox Qərb ölkələrini gəzmişdi.

Təhsilində və dünyagörüşündəki bu ikilik onu ömrü boyu müşaiyət edəcək, onun fəaliyyətində özünü büruzə verəcəkdi. Hacı Mirzə Səlim axund, bir tərəfdən, mühafizəkar azərbaycanlı kişisi, imanında möhkəm din xadimi və təpədən-dırnağa milli bir adam olaraq qalacaq, digər yandan, qabaqcıl Avropa elmi-mədəni və ictimai-siyasi fikrinin nailiyyətlərini təqdir və təbliğ edəcəkdi.

Yaxın Şərqə və Avropaya ilk səfəri Axundzadəyə böyük təsir göstərdi: oxuyub-öyrəndikləri və müşahidə etdikləri onu müsəlmanların, o cümlədən Azərbaycan xalqının hazırkı durumu barədə düşünməyə sövq edirdi. Lənkəran məscidlərindən birinin axundu olaraq çalışan Mirzə Səlim öz moizələrində mövhumat və cəhaləti ən böyük ictimai bəla kimi tənqid edərək, azad fikirli çıxışlarıyla xalqın rəğbət və etimadını qazanmışdı. Hacı Mirzə Səlim axundun xalq kütlələri, ziyalılar və gənclər arasında artan nüfuzu çar hökumətinin yerli nümayəndələrini təşvişə salırdı. Və Lənkəranın əksər mollaları cavan axunda münasibətdə rus şovinisti və xristian təəssübkeşi olan çar məmurları və kilsə xadimləri ilə eyni cəbhədən çıxış edirdilər: həmkarları Hacı Mirzə Səlimin xalqı qəflətdən oyadıb hər sahədə tərəqqiyə səsləyən moizələrinə qısqanclıqla yanaşırdılar. Bütün bu təzyiqlər Axundzadəni məsciddən uzaqlaşmağa vadar etdi: 1911-ci ildə onu şəhər gimnaziyasına şəriət və rus-fransız dilləri müəllimi götürdülər. Hacı Mirzə Səlim burada da tələbələrinə uca İslam dininin əsaslarını tədris edirdi.

On ikinci imza - Hacı Mirzə Səlim Axundzadə

Axundzadə mahiyyətcə narahat, fəal adam idi, daha çox öyrənməyə can atırdı və deyəsən, «çox oxuyan çox bilməz – çox gözən çox bilər» qənaətinə inandığından idi ki, 1916-cı ildə yenidən Yaxın Şərq ölkələrinə səyahətə çıxdı. Bəlkə də, bu səfər Lənkəranın birləşmiş qaragüruh qüvvələrinin təqiblərindən müvəqqəti də olsa uzaqlaşmaq üçün düşünülmüşdü, ola bilər, başqa – bizə məlum olmayan səbəblər vardı. Hər halda Hacı Mirzə Səlim yola çıxmaq üçün çox namünasib vaxt seçmişdi: 1-ci Dünya müharibəsinin ən qızğın çağı idi və rus-türk cəbhə xətti lap yaxınlıqdan keçirdi.

Axundzadə Yaxın Şərqi – İranı, İraqı, Türkiyəni gəzib qayıdanda Vətəndəki ab-hava, ictimai-siyasi vəziyyət tamam dəyişmişdi: o, çar Rusiyasından imperiya təəbəsi kimi səfərə çıxmışdısa, səyahətini başa vurub müvəqqəti hökumətin Rusiyasına respublika vətəndaşı kimi dönmüşdü. Əslində Vətəndə nə hakimiyyətdən, nə üsul-idarədən əsər-əlamət vardı, xaos və dərəbəylik hökm sürürdü. Yerlərdə düz-əməlli sabitlik yaratmaq, ictimai asayişi bərpa etmək bölgələrdəki elitanın – zadəganların, ziyalıların, ruhanilərin, el ağsaqqalarının üzərinə düşürdü. 1917-ci ildə, fevral inqilabından az sonra Lənkərana qayıdan Hacı Mirzə Səlim axund – tərəddüd etmədən – çiynini bu məsuliyyətin altına verənlərin sırasına qoşuldu.

Bu qarmaqarışıq zamanda onun kimi sabit əqidəli insana böyük ehtiyac vardı.

1917-ci ilin sonunda onu yeni yaradılan, bölgədə yeganə hakimiyyət orqanı olan Lənkəran qəza kommissarlıq nümayəndəliyinin və İctimai Təşkilatların İcraiyyə Komitəsinin tərkibinə daxil etdilər. Həmçinin humanitar və maarifçi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyan «Ümid» Xeyriyyə Cəmiyyətinin üzvləri arasında keçirilən gizli səsvermə nəticəsində Hacı Mirzə Səlim axund cəmiyyətin sədri seçildi.

Səlim Axundzadə ümummilli partiya olan «Müsavat»ın sədri Məhəmməd Əmin Rəsulzadə ilə Lənkəranda tanış olmuşdu: o bura mühüm hadisələr ərəfəsində lənkəranlıların ictimai-siyasi təşkilatlanmasına yardım etmək məqsədi ilə gəlmişdi. Onlar yenidən Bakıda, Müsəlman Milli Şurasının iclasında görüşdülər. Hacı Mirzə Səlim axund burada digər müsavatçılarla da ünsiyyət qurdu və sonda öz seçimini etdi: məramnaməsindəki ideya və prinsipləri tanış və doğma bildiyi üçün bu firqəyə üzv yazıldı, «Müsavat»ın Lənkəran şöbəsinin yaradıcılarından və rəhbərlərindən biri oldu.

On ikinci imza - Hacı Mirzə Səlim Axundzadə

O öz «Xatirat»ında belə yazır: «Badkubənin üç gün yığıncağı tamam olandan sonra mən… «Müsavat»ın ləvazimati-dəfatir və möhür və qeyri əşyalarını götürüb, Lənkərana övdət elədim. Bir gözəl intellegentni təşkilat dürüst elədim… Badkubədə «Müsavat»ın şöhrəti və zahir-qüvvəti olduğu üçün Lənkəranda günü-gündən «Müsavat»ın qüvvəti və qüdrəti artıb, yüksək mərtəbəyə yetişdi».

1917-ci il noyabrın 26-da Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə «Müsavat»ın Lənkəran qəzası üzrə ən çox səs toplamasının bir səbəbi partiyanın Azərbaycan xalqının tarixi perspektivləri barədə aydın və sabit mövqeyə malik olması idisə, digər səbəbi Hacı Mirzə Səlim axund və onun silahdaşlarının yerli xalq kütlələrinin dəstəyini qazanan ictimai-siyasi fəaliyyətləri idi.

Və 1918-ci ilin 8 fevralında, Lənkəran qəzasını Zaqafqaziya Seymində təmsil eləmək məsələsi ortaya çıxanda bu haqqın Axundzadəyə verilməsi təəccüblü deyildi …
Lənkəran - Bakı marşrutuyla üzən paraxodda Hacı Mirzə Səlim axund fevralın 8-dən 9-na keçən gecəni birtəhər keçirib, səhəri dirigözlü açdı: gələcək barədə şübhə-gümanlar onu yatmağa qoymamışdı.

Bakı limanından birbaşa Məhəmməd Əminin naşiri və redaktoru olduğu «Açıq söz» qəzetinin redaksiyasına gəldi. «Müsavat» sədri qonağını gözlənilən səfər barədə məlumatlandırandan sonra, dincini almasından ötrü «Müsavat» Xeyriyyə Cəmiyyətinin mehmanxanasına yerləşdirdi. Axşam dəmiryol vağzalında görüşdülər. Yol yoldaşları – gələcək həmkarları: Zaqafqaziya Seyminin azərbaycanlı nümayəndələrindən bir qismi – Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Məhəmmədhəsən bəy Hacınski və başqaları Tiflis qatarının yanına toplaşmışdılar.

Yəqin ki, o günlər Bakı-Tiflis qatarı, bir növ, səyyar siyasi disput klubu imiş bu sərnişinləri ilə: hərəsi bir əqidə, söz, nüfuz yiyəsi, baqajları da tək çamadanlarından yox, ağıllarından, savadlarından, mübarizə təcrübələrindən ibarət…

Axundzadə «Xatirat»ında o səfəri belə yada salacaqdı: «Yolda vaqon ahəstə hərəkət edib, hər bir münasib məqamda vaqon dayanıb, vəkillər cənabları onlar üçün nitq edib, camaatı dürüst və sadiq olub, hər bir məqamatda vətən xüsusunda sabir və sabit-qədəm olmağı tövsiyə edirdilər».

Gəncə vağzalında Nəsib bəy Yusifbəyli başda olmaqla o ətrafın say-seçmələri də onlara qoşuldu.

Tiflisə çatanda narahat bir yolun yorğunu idilər, amma yeni gözləntilər və ümidlərlə dolu idi içləri…

Yeni tarixlə fevralın 23-də Zaqafqaziya Seyminin iclasına qatıldılar.

Seym qaynar bir qazanı xatırladan Cənubi Qafqaz regionuna, necə deyərlər, «bir gün ağlamaq» üçün toplaşmışdı…

1918-ci il aprelin 22-də böyük bir tarixi hadisə baş verdi – Zaqafqaziya Seymi Cənubi Qafqazın Rusiyadan müstəqilliyini elan edərək Zaqafqaziya Federativ Demokratik Respublikasını yaratmaq barədə qərar qəbul etdi.

Qısa bir zamanda möhkəm şəxsiyyəti, işıqlı kimliyi ilə Seymdəki həmkarlarının, o sıradan digər millətlərdən olan deputatların hörmətini qazanan Hacı Mirzə Səlim axunda «Müsavat» rəhbərliyi və Zaqafqaziya hökuməti mayın 1-də çox məsul bir vəzifə tapşırdı: onu və qaxlı əsilzadə və ziyalı İslam bəy Qəbulovu Zaqatala bölgəsinə ezam etdilər. Tiflisdə belə bir narahatlıq vardı ki, milli və dini rəngarəngliyi ilə seçilən dairədə etnik və konfessional zəmində qarşıdurma gözlənilir. Bölgənin müsəlman və xristian əhalisi arasında ədavətin qarşısının alınması məqsədilə Seymin nümayəndələri bütün icma rəhbərləri ilə görüşüb danışmalı, mövcud mübahisəli məsələləri yoluna qoymaqdan ötrü səy göstərməli idilər.

Üç erməni deputat Tiflis vağzalına gedən avtomobili saxlatdırıb nümayəndə heyətinə yaxınlaşdı. Onlardan biri İslam bəyə bir bükülü verdi. Bükülüdə üstünə «La ilahə illəllah, Mühəmmədən rəsulillah» yazılan bayraq vardı: bu, rus-türk cəbhəsində gərgin vuruşmalardan birində rusların qənimət götürdüyü, sonra nə yollasa bir erməni daşnakının əlinə keçən türk hərbi bölməsinin döyüş bayrağı idi. Sən demə, fevral inqilabından sonra rus əsirliyindən azad edilib Zaqatalada məskən salan türk zabit və əsgərləri həmin müqəddəs rəmzin bir tiflisli ermənidə olmasını eşidərək, bunu qeyrətlərinə sığışdırmayıb dairədəki erməni icmasına ultimatum veriblər ki, Tiflis erməniləri döyüş bayrağını onlara göndərməsələr, yerli ermənilərin təhlükəsizliyinə qətiyyən təminat vermirlər. Onsuz da türk hərbçiləri cəbhədəki məğlubiyyətlərinin bir səbəbini də erməni əsilli təəbələrinin Osmanlı səltənətinə xəyanətində görür, üstəlik bu arada erməni-daşnak silahlı birləşmələrinin Qars, Ərdahan, Naxçıvan, Zəngəzur və Qarabağ tərəflərdə türk və azərbaycanlı əhalisinə qarşı qətliam törətdiklərindən xəbər tutub intiqam almağa bəhanə gəzirdilər. Hacı Mirzə Səlim axund və İslam bəy Qəbulovdan ibarət missiya bölgədəki türk hərbi komandirləri, azərbaycanlı, gürcü, erməni və dağlı camaatının ağsaqqalları, islam və xristian din xadimləri, yerli ziyalılarla ardıcıl görüşlər keçirərək səmərəli danışıqlar sayəsində vəziyyəti yüngülləşdirə, gərginliyi aradan qaldıra, xristian əhalisi arasındakı separatçı meyilləri xeyli məhdudlaşdıra bildilər.
Əslində Səlim axund və İslam bəy Zaqatala dairəsini Azərbaycandan ayırmaq məqsədi daşıyan böyük bir təxribatın qarşısını aldılar…

Seym nümayəndələri bölgənin digər ərazilərində – Qax və Şəkidə də müəyyən iş apardıqdan sonra Tiflisə qayıtdılar. Hacı Mirzə Səlim axund və Aslan bəy Tiflisə gələndə federativ respublika gürcü, erməni və azərbaycanlı nümayəndələrin daxili narazılıqları üzündən dərin böhran keçirirdi. Nəticədə Gürcüstan federasiyadan çıxıb öz dövlət müstəqilliyini elan etdi. İki gün sonra ermənilər və azərbaycanlılar eyni addımı atdılar. 1918-ci il mayın 28-də Seymin azərbaycanlı üzvlərindən ibarət Milli Şura Azərbaycanın İstiqlal bəyannaməsini qəbul etdi.

Bu müqəddəs tarixi sənədin – «Misaği-milli»nin altındakı on ikinci mübarək imza Hacı Mirzə Səlim axund Axundzadənindir.

O, əqidə yoldaşları ilə birlikdə adi kağıza yox, Azərbaycan tarixinə imza atmışdı.

İllər sonra öz xatirələrində o tarixi hadisəni «təsmiyə» - «adqoydu» mərasimi ilə müqayisə edib fəxrlə yazacaqdı: «Bu təsmiyədə iştirak edənlər cümlətən 28 nəfər azərbaycanlı Seym vükəlalarından idi. Və 12-ci vəkil Hacı Mirzə Səlim Axundzadə idi».

Bu an o, ömrünün zirvəsində idi və bu anın xətrinə bir yox, bir neçə ömür yaşamağa dəyərdi! Bir azərbaycanlı üçün onun xalqının istiqlalına qərar verənlərin siyahısında yer almaqdan böyük səadət varmı?!

Dövlət müstəqilliyini elan etmək işin yalnız başlanğıcı idi, o dövləti qurmaq, yaşatmaq və qorumaq lazım idi. Hacı Mirzə Səlim axund yenə də ön cərgədə idi. Bu dəfə o, tarix səhnəsinə özü üçün də, tanıyanları üçün də tamam yeni bir qiyafədə çıxdı: azərbaycanlı qardaşlarının köməyinə yetişən türk qoşunları – Qafqaz İslam Ordusu hissələrindən və yeni yaradılan Azərbaycan ordu bölmələrindən təşkil olunmuş 4 minlik hərbi qüvvənin komanda heyətində Gəncədən Zəngəzura yollandı; erməni daşnaklarına qarşı qızğın və qanlı döyüşlərdə iştirak etdi, bölgənin müsəlman əhalisinin müdafiə olunmasında igidlik və rəşadət göstərdi. Hacı Mirzə Səlim axund ulu peyğəmbərimizin müqəddəs «Vətən sevgisi - imandandır» kəlamını təkcə düşüncəsi və sözləriylə yox, həm də əməliylə doğrultdu.

Hacı Mirzə Səlim axund Bakının boşeviklərdən və müxtəlif əqidəsiz tör-töküntülərdən azad olunub Azərbaycanın doğma ağuşuna qayıtmasıyla nəticələnən türk-Azərbaycan qoşunlarının müzəffər hərbi yürüşünə də qoşuldu.

O, gərəkli fəaliyyətini Azərbaycan Cumhuriyyəti parlamentinin üzvü qismində davam etdirdi.

Tarix parlament iclasının stenoqramında və «Azərbaycan» qəzetinin parlament hesabatında Hacı Mirzə Səlim axundun iki çıxışını saxlayır. Çıxışların hər ikisi Lənkəran hadisələrinə həsr olunub: o zaman rus ordusunun qalıqları və yerli rus-malokan icması cənubda Muğan Müvəqqəti Hərbi Diktaturası yaratmışdılar, mərkəzi həkimiyyəti, Azərbaycan Xalq Cumhuriyyətinin suverenliyini tanımırdılar; əliyalın yerli müsəlman əhalisi bir sürü silahlı avantüristdən olmazın əziyyətlər görürdü.

1919-cu il yanvarın 8-də, parlamentin 7-ci iclasında Hacı Mirzə Səlim axund həyəcan təbili çaldı: «Şəhər xaraba olub… Lənkəran, deməli, ikinci Şirvandır… Xaxollar əvvəl özlərini Muğan respublikası adlandırıb, sonra bilmirəm, hansı tək səbir gəlibsə, Muğan respublikasını məsləhət görməyib, özlərini Rusiya hissəsi sayıb Ufa hökumətinə tabe edirlər. Xaxollar aşkar deyirlər ki, biz Azərbaycan hökumətini bilmək istəmirik və ingilisi də tanımırıq».

Axund bu məsələyə bir də martın 10-da, 21-ci iclasda qayıtdı: «Əl-an 10 məktub almışam ki, Lənkəranda edilən zülmə dəxi əhalinin davamı yoxdur. Üstüörtülü ərz edirəm: bu saat Lənkəranda evlərə girib, hər şey edirlər. İrz-namus əl-ayaq altında gedir… Lənkərana buradan 12 saatlıq yoldur. Əgər istəyirsiniz hər firqədən bir nümayəndə olaraq bir komissiya göndərəsiniz, gedib bu işlərdən yerində tədqiq eləsin. Həqiqətdə irz-namus gedir».

Hacı Mirzə Səlim axundun parlamentdəki nitqləri öz emosionallığı ilə fərqlənir; bu sətirlərin arxasından qeyrətli bir kişinin, vətənpərvər bir azərbaycanlının, təəssübkeş bir lənkəranlının yanar ürəyi döyünür.

Azərbaycan hökumətindən Lənkərandakı hadisələrə müdaxilə etməyi, suverenliyimizin və ərazi bütövlüyümüzün təmin olunması üçün qəti tədbirlər görməyi tələb edən tək Hacı Mirzə Səlim axund deyildi…

1919-cu ilin avqustunda, nəhayət ki, qəzadakı bir-birini əvəzləyən rus və bolşevik diktaturalarının varlığına son qoyuldu, Lənkəran əhalisi və onun qeyrətli təmsilçisi olan Səlim Axundzadə rahat nəfəs aldı.

Bakıda olduğu dövrdə Hacı Mirzə Səlim axund parlament fəaliyyəti ilə kifayətlənmir, gənc respublika quruculuğunun digər sahələrində də fəal iştirak edirdi. Yeni yaradılan Bakı Dövlət Universitetində onun İslam dini, ümumiyyətlə Şərq aləmi ilə bağlı geniş erudisiyasına və pedoqoji təcrübəsinə ehtiyac duyulmuşdu.

Bir çox daxili və xarici təsirlərdən, obyektiv və subyektiv səbəblərdən Azərbaycan Cumhuriyyətinin ömrü 23 ay çəkdi; Sovet Rusiyasının və XI Qızıl Ordunun dəstəklədiyi yerli kommunistlərin qiyamı I Respublikanı tarixə qovuşdurdu. Parlament səs çoxluğu ilə hakimiyyəti Müvəqqəti İnqilab Komitəsinə təhvil verdi. Sovet hakimiyyətinin repressiya maşınından yaxasını qurtarıb xaricə mühacirət edən sabiq parlament üzvləri və «müsavatçı»ların içində Hacı Mirzə Səlim axund da vardı.

O, İrana qaçdı - bu ölkə yaxın idi, əhalisinin az qala yarısını azərbaycanlılar təşkil edirdi, dini təhsili və ailə tərbiyəsi Axundzadəni İrana bağlayırdı; o, gəncliyində bir neçə il burada yaşamışdı.

Həm də, Axundzadə və onun kimi neçəsi Sovet hakimiyyətini müvəqqəti bir hal sayır, tezliklə Vətənə qayıdacaqlarını düşünür və bəri başdan dönüşlərini asan və rahat etmək üçün yaxın xaricə mühacirət edirdilər.

Amma illər keçir, ömür gedirdi və vətən gün-gündən əlçatmaz olurdu…

Hacı Mirzə Səlim İrana qaçanda 1914-cü ildən evli olduğu xanım-xatın Münəvvər 2 qız uşağı – Aişə və Cəmilə ilə Astaraçayın bu tayında, Lənkəranda qalmışdı. Ağır zəmanə hər iki tifili tələf etdi. 1924-cü ildə qaynı Məşdiağa bəy bacısını Lerik yolu ilə Ərdəbilə aparıb ərinə qovuşdurdu. Amma Lənkərana qayıtdıqdan sonra ÇK Məşdiağanı bu hərəkətinə görə həbs edib gedər-gəlməzə göndərdi...

Allah-taalanın mərhəməti sonsuzdur: sanki çəkdiklərinin əvəzi imiş – İranda Səlim axundun və Münəvvər xanımın iki oğlu oldu. Kiçiyi Zahir idi. Böyüyünə isə tərtəmiz Azərbaycan türkcəsində İşıq adını qoymuşdular; düzdür, sonralar çoxu bu sözü farscaya çevirib onu Rövşən çağıracaqdı, amma atası 3 il – ta rəhmətə gedənədək – elə İşıq deyib durdu. Bu adı çəkəndə Səlim axundun xiffəti azalırmış, bəlkə; Azərbaycanın qoxusu dəyirmiş burnuna…

Hərçənd Azərbaycanı bir an belə unutmadı.

Və əvvəl-əvvəl Hacı Mirzə Səlim axund heç İranda da dinc oturmadı. Yaxın Şərq və Avropa ölkələrinə səpələnmiş milli-demokrat mühacirlərlə əlaqə yaratdı; hətta Sovet hakimiyyətinə qarşı silahlı müqavimət təşkil etmək istiqamətində səy göstərdi. O bu məqsədlə Əfqanıstana getdi, bu ölkənin rəhbəri Əmənulla xanla görüşdü, ondan kömək kimi canlı qüvvə və silah-sursat istədi. Əmənulla xan Azərbaycan milli qüvvələrinə və şəxsən axundun özünə hörmətini izhar edib, ona Kabulda sığınacaq verməyə hazır olduğunu bildirsə də, Azərbaycandakı Sovet rejiminə qarşı silahlı mübarizəyə hər hansı formada dəstək verməkdən imtina etdi. Çünki bu, əslində Sovet Rusiyasının əleyhinə çıxmaq demək idi, bu ölkəyə isə Əmənulla xan azadlıqsevər əfqan xalqının ingilis imperializmiylə milli-azadlıq mübarizəsində təbii müttəfiq gözüylə baxır, Moskvayla sıx əməkdaşlıq edirdi.

On ikinci imza - Hacı Mirzə Səlim Axundzadə

Hacı Mirzə Səlim axund xanın sığınacaq təklifini qəbul etmədi, qonaqpərvərliyinə görə ona minnətdarlıq bildirib İrana qayıtdı.

Axundun bu ölkədə son məskəni Gilan torpağı oldu.

Tarixin hikməti dərindir: Mirzə Səlimin atası Mirzə İsmayıl Qasir farsca bir şerində özünü «əslim Gilan-zəmindəndir» - deyə təqdim edirdi…

Səlim Axundzadə Xəzər sahilindəki liman şəhəri Lənkəranda dünyaya göz açmışdı, Xəzərin o biri sahilindəki liman şəhəri Ənzəlidə gözlərini dünyaya yumdu.
«Ənzəli» – balaca Səlimin sevdiyi uşaq oyunlarından birinin adı idi.

Sonra böyüyüb Lənkərandan çox uzaq olmayan Gilanda bu adda şəhər olduğunu öyrəndi.

Amma bilmədi ki, bir gün bu şəhər onun ölümünün ünvanı və ölümdən betər qürbətin özü olacaq.

Ömrünün sonunda yerli dövlət məktəbində şəriət dərsi dedi; 1930-cu ildə, vəfatından az öncə – sanki vaxtı gəldiyini hiss edibmiş – oturub xatirələrini yazmağa başladı və sonrakı nəsillərə qiymətli bir həyat şəhadəti, vacib bir sənəd miras qoydu. Axundun «Xatirat»ındakı ən dəyərli məqam onun Azərbaycan istiqlalı naminə gördüyü işlərin düzgünlüyünə dərin inamı və xalqının mütləq yenidən öz dövlət müstəqilliyinə qovuşacağına əminliyi idi. Axundzadə «Azərbaycan qayəsi»nin ölməzliyinə arxayındı və bunu o zaman bəyan edirdi ki, Sovet İttifaqı gün-gündən güclənir, kommunist rejimi topdağıtmaz şəkil alırdı və üfüqdə istiqlalın əlaməti belə görünmürdü…
Amma İstiqlal bəyannaməsinin altındakı on ikinci imzanın sahibi o günü bəsirət gözü ilə görürüdü.

Seymur ŞAHBAZOV




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}