Mərkəzi Bank manatı sabitləşdirməkdə çətinlik çəkir - Ekspert
Tarix: 04-01-2017 12:52 | Bölmə: İqtisadiyyat

"Azərbaycan Mərkəzi Bankı bu ildə də sərt pul-kredit siyasətini davam etdiricəyini bəyan edib. Bu isə o deməkdir ki, baş bank manat bazasını məhdudlaşdırmaqla, dollara olan tələbi azaltmağa çalışacaq. Amma neftin dünya bazar qiymətinin azalmasından bəri həyata keçirilən sərt-pul kredit siyasətinin manatın məzənnəsinin stabilləşməsinə gətirib çıxarmamasına baxmayaraq, Mərkəzi Bank təəssüf ki, hələlik başqa metodlardan istifadə etməyə meyilli görünmür. Baxmayaraq ki, Mərkəzi Bank hələ 2014-cü ildə məzənnə siyasətinə korreksiyalar edib post-neft dövrünün çağrışlarına uyğunlaşdırmalı idi".

Reyting.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, MDB-nin neft ixrac edən ölkələrindəki mövcud vəziyyətin müqayisəsi göstərir ki, Azərbaycan Mərkəzi Bankının milli valyutanın məzənnəsinin optimallaşdırılması ilə bağlı fəaliyyəti uğurlu olmayıb. 

"Bloomberg” agentliyinin məlumatları da göstərir ki, Rusiya və Qazaxıstan milli valyutalarının stabilləşdirilməsi ilə bağlı cari hədəflərə nail ola bilsələr də, Azərbaycan Mərkəzi Bankı hələlik bu məqsədlərdən çox uzaq görünür.

V.Bayramov bildirib ki, 2016-ci ilin yanvar ayının əvvəlində 1 dollar almaq üçün 75 Rusiya rublu tələb edilirdisə, bu göstərici 2017-ci ilin yanvarında 61 rubladək dəyişib. Nəticədə ötən il Rusiya rublu dollara nisbətən 22 faiz dəyər qazanıb. Bununla da Şimal qonşumuzun valyutası 2016-cı ildə dünyada ən çox dəyər qazanan ilk 3 valyutadan biri olub 2014-ci ilin iyununda 1 dollar 34 rubla dəyişdirildiyini nəzərə aldıqda, Rusiya milli valyutası dollara nisbətən neftin dünya bazar qiyməti aşağı düşəndən sonra 1.79 dəfə dəyər itirib (beynəlxalq metodologiya ilə isə 45 faiz).

Qazaxıstanda da bu sahədəki vəziyyət Rusiya ilə oxşarlıq təşkil edir. 2016-cı ilin yanvar ayının ortalarında 385 təngə 1 dollar idisə, 2017-ci ilin yanvar ayında 1 ABŞ pulu üçün 333 təngə ödənilir. Bu isə o deməkdir ki, Rusiyada olduğu kimi, Qazaxıstanda da milli valyuta dollara nisbətən ötən il 15 faiz bahalaşıb. 2014-ci ilin iyununda 1 dolların 183 təngə olduğunu nəzərə aldıqda, Qazaxıstan milli valyutası dollara nisbətən neftin dünya bazar qiyməti aşağı düşəndən sonra 1.81 dəfə dəyər itirib (beynəlxalq metodologiya ilə isə 45 faiz).

Azərbaycan manatının rəsmi kursu 2016-cı ilin yanvar ayında 1.55 idisə, bu ilin yanvar ayında 1.80-dək enib. Müqayisələr "Bloomberg” agentliyinin məlumatına əsasən olduğu üçün, "qara bazar” məzənnəsi nəzərə alınmayıb. Hal-hazırda "qara bazarda” 1 dollar 1 manat 90 qəpikdən bahadır: "Bu isə o deməkdir ki, milli valyutamız ötən il dollara nisbətən 15 faiz ucuzlaşıb. 2014-ci ilin iyununda 0.78 qəpiyin 1 dollar olduğunu nəzərə aldıqda, manat dollara nisbətən neftin dünya bazar qiyməti aşağı düşəndən sonra 2.3 dəfə dəyər itirib (beynəlxalq metodologiya ilə isə 57 faiz)".

Göründüyü kimi, ötən il Rusiya və Qazaxıstanda milli valyutalar iki rəqəmli faizlə dəyər qazandığı halda, bizim valyutamız ucuzlaşıb. Eyni zamanda, neftin dünya bazar qiyməti aşağı düşməyə başladıqdan sonra manat rubl və təngəyə nisbətən daha çox ucuzlaşıb. 2014-ci ilin ortalarında, neftin dünya bazar qiyməti aşağı düşməyə başlayan dövrdə hər 3 ölkənin ümumi iqtisadi vəziyyəti oxşar olub:

"Enerji resurslarının ixracda payı Azərbaycanda 90 faizdən, sözügedən 2 ölkədə isə 70 faizdən çox olub. Amma xarici borcun Ümumi Daxili Məhsuldakı payi kimi göstəricilərdə Azərbaycan bu ölkələr ilə daha yaxşı vəziyyətdə idi. Buna baxmayaraq, Rusiya və Qazaxıstandan fərqli olaraq, Azərbaycan Mərkəzi Bankının çevik pul-kredit siyasəti həyata keçirə bilməməsi manatın hələ də bazar məzənnəsinin müəyyənləşdirilməsin gətirib çıxarmadı".

İqtisadçının sözlərinə görə, hələ də milli valyutamızın məzənnəsi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Nəticədə ötən müddətdə valyuta ehtiyatlarının 75 faizini itirərən baş bank 4 milyard dollarlıq pisxoloji həddlə üz-üzə qalıb: "Əvvəllər də qeyd etdiyimiz kimi, Mərkəzi Bank cari tələb ödəməyə çalışaraq, kommunikasiya metodundan istifadə etməklə məzənnəsi siyasətini liberallaşdıraraq əks-dollarlaşma prosesinin başlanmasına nail olmalıdır. Əks-dollarlaşma prosesinin başlanılması real sektora sərmayələrin cəlb edilməsi baxımdan olduqca vacibdir. Təəssüf ki, Mərkəzi Bankın bu il üçün bəyan etdiyi sərt pul-kredit siyasəti, sadəcə, milli valyutaya inamsızlıq prosesinin uzadılmasına səbəb olacaq".







Bölməyə aid digər xəbərlər