Sergey Lavrov Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq qanunlara məhəl qoymur
Tarix: 18-01-2017 10:25 | Bölmə: Slayd

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 2016-cı ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Azərbaycanın maraqlarına uyğun olmayan fikirlər səslənib.

S.Lavrov "Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi"-sualına belə cavab verib:

"Bu, mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil”.

Rusiyanın XİN başçısı Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərtinin və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbinin hər zaman qüvvədə qaldığını da söyləyib.

S.Lavrovun çıxışı onu deməyə əsas verir ki, rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqe Azərbaycanın ərazi bütövlüyünün təmin edilmə baxımından qənaətbəxş deyil və suveren hüquqlarının pozulmasıdır.

XİN başçısının "Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil”,- tipli bəyanatı münaqişənin həllində vasitəçilik edən dövlətə inamsızlığı artırır. S.Lavrov çıxşında tərəf saxladığını gizlədə bilməyib.

Heç kimə sirr deyil ki, bir dövlətin ərazi bütövlüyü məsələsi beynəlxaq hüquqa əsasən yalnız həmin dövlətin müstəsna hüquqlarına daxildir. Münaqişənin həllində vasitəçilik etmək istəyənlər bu amili mütləq nəzərə almalıdırlar. Əks halda, belə bir sual yaranır: Rusiya Dağlıq Qarabağı hansı ölkənin ərazisi sayır?

Təbii ki, həmin bölgə və Ermənistanın işğal etdiyi digər ərazilər Azərbaycan torpaqlarıdır. Bəs onda Dağlıq Qarabağ münaqişəsi necə Azərbaycanın daxili işi sayılmır? Məgər Rusiya ilə bağlı belə bir hadisə baş versəydi, federasiyanın ərazi bütövlüyünü hansısa dövlət vəgüclər həll edərdi?

Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupu və həmsədr dövlətlər beynəlxalq vasitəçi kimi çıxış edərək qan tökülməsinin qarşısını almaq niyyətində olduqlarını bildirirlər. Bu, onlara Azərbaycanın ərazi bütövlüyünü və həmin torpaqlarda rəsmi Bakının suveren hüquqlarını pozmaqda kimsəyə haqq qazandırmır.

S.Lavrovun çıxışı həm də vasitəçilərə olan inamsızlığın göstəricisidir. Həmin qrup və həmsədr dövlətlər bu kimi bəyanatları və işğalçını müdafiə edən mövqeləri ilə Azərbaycana ərazi bütövlüyünü tam təmin etməyə mane olurlar.

Rusiyalı nazir "Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi bölgədə təhlükəsizliyi təhdid edir”,- desəydi, bunun fərqli yozumu da ola bilərdi.

Ancaq yuxarıda qeyd etdiyimiz şəkildə bəyanat Dağlıq Qarabağın indiyə qədər işğaldan azad edilməməsinin və bu prosesin gecikməsinin əsl baiskarını açıq şəkildə göstərir.

Beləliklə, münaqişənin həllinə yardım etmək istəyən Rusiyanın Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və birdəfəlik sülh əldə olunması prosesini əngəlləmiş kimi görünür.

Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsini yaradanlar onu həll etməkdənsə, hazırkı vəziyyəti saxlamaqda və bölgədə gərginlik ocağının aradan qalxmamasında maraqlıdırlar. Bu baxımdan vasitəçilik missiyası ilə çıxış edən dövlətlər arasında münaqişənin həllinə dair ümumi razılığın olmadığı bir daha təsdiqləndi.(Report)

Reyting.az saytı xəbər verir ki, Sergey Lavrovun problemin həllinə ədalətsiz və ikili standartlar çərçivəsində yanaşması, hətta beynəlxalq qanunlara söykənməyən mövqeyi Azərbaycanda haqlı olaraq ciddi etirazlarla qarşılanıb.

Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı dediklərinə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da mövqe bildirib. Sabiq nazir deyib ki, buna mütləq reaksiya verilməlidir.

Lavrovun bəyanatının təəccüb doğurduğunu bildirən T.Zülfüqarov "AzadlıqRadiosu"na deyib:

"Biz suveren ölkə kimi ölkəmizi, torpaqlarımızı qorumaq hüququna malik deyilik? Bu nə deməkdir? Rusiya bu hüquqa malik idi, öz ərazi bütövlüyünü Çeçenistanda təmin etdi, ancaq bizim belə hüququmuz yoxdur? BMT üzvü olan Azərbaycan öz torpaqlarının suverenliyini digər ölkələr kimi qoruya və bu məqsədlə lazım olan addımları ata bilməzmi?”.

​O, Sergey Lavrovun çıxışını "ermənipərəst mövqe” kimi dəyərləndirib:

"Rusiya xarici işlər naziri ilk dəfə bəyan edib ki, torpaqların azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi eyni vaxtda həll olunmalıdır. O, Azərbaycanın üstünlük verdiyi mərhələli həldən yox, ermənilərin mövqeyinə uyğun paket həllindən danışıb. Guya istinad etdiyi BMT qətnamələrinə yanlış şərh verib. Bu, səhvdir! Həmin qətnamələrdə məsələ onun dediyi şəkildə qoyulmayıb. Əksinə, işğaldakı torpaqların azad edilməsi, yalnız bundan sonra statusun həlli tələb olunur”.

Zülfüqarov rusiyalı nazirin substantiv danışıqlara toxunmamasına da ayrıca diqqət çəkib: "Keçən il həm Rusiya, həm də Azərbaycan rəsmiləri deyirdilər ki, artıq substanstiv, yəni konkret mövzulara aid konkret danışıqların vaxtı gəlib çatıb. Azərbaycan tərəfi dəfələrlə real danışıqları gözlədiyini bəyan edib. Amma bu haqda Lavrov bir kəlmə də deməyib”.

Rəsmi Bakı Rusiya xarici siyasət idarəsi başçısına cavab verməlidirmi – sualına T.Zülfüqarov cavab verməkdə çətinlik çəkdiyini söyləyib:

"Keçən il baş verənləri, xarici işlər nazirinin Hamburqdakı çıxışı zamanı Rusiyanın vasitəçiliyini, Putinin rolunu xüsusi qeyd edərək təşəkkür bildirilməsindən sonra bilmirəm, bu mövqe indiki mərhələdə necə şərh olunacaq? Bəzi şeyləri, doğrusu, başa düşmürəm. Azərbaycanın hər bir siyasətçisi, hər bir məmuru rusiyapərəst, amerikapərəst, iranpərəst, türkiyəpərəst mövqedən yox, azərbaycanpərəst mövqedən çıxış etməlidir! Və bu, əsas meyar olmalıdır. Hər halda, mən bunun tərəfdarıyam. Hər bəyanat, hər çıxış azərbaycanpərəst mövqeyi əks etdirməlidir”.

Deputat Rasim Musabəyov isə Sergey Lavrovun bəyanatında "təəccüblü və yeni bir şey” görmür.

O, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq xarakter daşıdığını vurğulayır: "Bununla bağlı BMT-nin qərarları var, vasitəçilər fəaliyyət göstərirlər. Belə olan halda birtərəfli qaydada bütün tələbləri qırağa ataraq, atəşkəsi pozaraq, antiterror əməliyyatı başlamaq mümkün deyil. Təbii ki, Lavrovun cavabı bu cür olmalı idi. Burda təəccüblü bir şey yoxdur. Güclüsənsə, Lavrovun dediyini rədd etmək imkanın varsa, Avropa Birliyinin, ABŞ-ın çağırışlarına qulaq asmırsansa, buyur, öz bildiyini et! Ancaq balaca dövlətlər bunu etmək iqtidarında deyillər”.

Əslən Qarabağdan olan deputat Elman Məmmədov isə "Sergey Lavrov bu bəyanatla Azərbaycanın daxili işlərinə qarışır və Azərbaycana hörmətsizlik edir”, - deyə, Lavrovun açıqlamasına reaksiya verib

"Bu məsələ Azərbaycanın sırf daxili işidir, çünki ərazi Azərbaycan ərazisidir. Lavrov ona görə belə inamla danışır ki, son 250-300 ildə onun təmsil etdiyi ölkə, əvvəlcə çar Rusiyası, sonra sovet imperiyası, bu gün də Rusiya Federasiyası Azərbaycanın tarixi torpaqlarını hissə-hissə ona-buna bağışlayıb. XX əsrin sonlarında başlayan işğal da sovet hökumətinin köməyi və xeyir-duasıyla, silahıyla, əsgəriylə həyata keçirilib. Lavrov demək istəyir ki, bu münaqişəni biz yaratmışıq, bunun açarı da, həlli də bizim əlimizdədir”.

Ancaq deputat əmindir ki, Azərbaycan işğaldakı torpaqlarını azad edəcək.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovsa cavab olaraq bildirib ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə əlaqədar ən vacib sənədlər BMT Təhlükəsizlik Şurasının (TŞ-nin) qətnamələridir.

"Bu qətnamələrdə BMT TŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini ifadə edib. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib”.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}