QMİ ilə Dini Komitə məsuliyyətdən yayınır
Tarix: 08-07-2017 16:25 | Bölmə: Slayd

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin bəzi dövlətlərin ölkəmizin daxili işinə qarışmaq istədiyini, məzhəb və dini ayrı-seçkilik etməyə cəhd göstərənlərin olduğunu deməsi hansısa təhlükələrdən xəbər verir.

Şərqşünas-politoloq Vüsal Hətəmov məsələni şərh edərkən "Reytinq” qəzetinin əməkdaşına deyib ki, məzhəb ayrı-seçkiliyi, dini dözümsüzlük İslam dinini gözdən salmaq üçündür.

V.Hətəmovun müşahidələrinə əsasən, xaricdə oxuyan tələbələrin əksəriyyəti həmin dövlətlərin siyasətini öz şüuraltı qatlarında ölkəmizə daşıyırlar: "Fərqi yoxdur, istər dini sahədə elm arxasınca getsinlər, istərsə də humanitar və texniki sahələrin arxasınca getmiş olsunlar. Sadəcə, bu tendensiya özünü dini sahədə daha qabarıq göstərir.

Diqqət edəndə görürük ki, bir çox müsəlman ölkələri bir-birləri ilə yola getmirlər. Hamısının da təriqət-məzhəb fərqliliyi var. Hamısının da hazırkı hərbi-siyasi dünyanın qütblərinə uyğun siyasi gedişləri mövcuddur. Bütün bu fərqliliklər isə yalnız buna xidmət edir: cəmiyyətlər bir-birinə qaşı aqressiv, barışmaz olsunlar. Çünki yalnız bu zaman bir dövlətin vətəndaşı digər vətəndaşı öldürə bilər. Bu cür yetişmiş cəmiyyətlər isə beynəlxalq terror şəbəkələri üçün münbit tarla hesab olunur”.

Şərqşünas-politoloqun fikrincə, məzhəb, təriqət ayrı-seçkiliklərinin nəticəsidir ki, bu gün bütün müsəlman dövlətləri terror təhlükəsi ilə üz-üzədir: "Terror bizim qonşu dövlətlərə keçməklə bizə yaxınlaşır. Vaxtilə sərhədlərimizdən yüzlərlə kilometr aralıda yerləşən dövlətlərdə – İraq, Suriya, Əfqanıstanda baş verən terror artıq qonşu Türkiyədə, İranda da tüğyan edir. Nəzərə alanda ki, qonşu Türkiyə və İran təhlükəsizlik baxımından müsəlman dövlətləri arasında seçilir, onda məsələnin nə qədər ciddi olması göz önünə gəlir”.

Müsahibimiz qeyd edib ki, müsəlman dövlətlərində baş verən terror hadisələri, əsasən, qeyri-ənənəvi, təkfirçi, dözümsüz, radikal, ehkamçı dini cərəyan üzvləri tərəfindən törədilir: "Onlar əvvəlcə qurban dövlətlərdə öz cəmiyyət dayaqlarını qurur, üzvlər yetişdirir, "xeyriyyəçi”, "maarifçi” adı altında bir sıra fəaliyyətlər həyata keçirməklə sosial baza yaradır, sonra isə terror sifarişləri verirlər”.

V.Hətəmov bildirib ki, terrorçunu təkcə xaricdən gözləmək lazım deyil, daxildə də ola bilər: "Vaxtilə qanlı hadisələri törədən terror dəstələri bu işi törədərkən iz qoymamağa çalışardı. Lakin son illər baş verən terror hadisələrində ölmüş terrorçuların üzərindən şəxsiyyət vəsiqələri də çıxır. Bu da o deməkdir ki, sanki ilk andaca terrorun hədəfi deyil, kim tərəfindən törədilməsi ictimailəşdirilir. Bəli, bütün düyaya ilk andaca xəbər çatdırılır ki, terroru ya orta asiyalı, ya ərəb, ya əfqan, ya da digər müsəlman xalqların nümayəndələri həyata keçiriblər. Bununla da bir terror hadisəsi ilə iki hədəfə çatırlar. Həm dövlətlərdə qarışıqlıq yaradır, həm də İslam dini dünyaya terror dini kimi tanıtdırılır. Biz dəmüsəlman dövləti olduğumuz üçün beynəlxalq terror təşkilatlarının planında olmamız ehtimal edilir”.

Politoloq nəzərə çatdırıb ki, din adı altında yetişən terrorçular uzun zaman aparılan təbliğatın "məhsulları”dır: "Deməli, terrorçu varsa, onu hazırlayan gizli ocaqlar da, bu ocaqların "maarifçi”, iqtisadi və fiziki bazaları da var. Və getdikcə kütləviləşə bilir.

Əgər, ölkəmizdə terror olarsa, ictimaiyyətin ilk sualı bu olacaq: - Yaxşı, bəs niyəmüvafiq qurumlar bundan xəbər tutmadı?!

Cavab isə sadə olacaq: - Çünki nə QMİ, nə də Dini Komitə sadə xalqla əlaqə yaratmaq istəmir.

Təəssüf ki, yalnız və yalnız hesabat xarakterli tədbirlərlə kifayətlənən bu qurumların sadə xalqla ünsiyyəti, onların dərd-sərləri ilə maraqlanmaları, ictimai-psixoloji körpülər qurmaları hiss olunmur. Bundan başqa, sözügedən qurumlar müvafiq QHT və media resursları ilə işləməli, bu mövzularda müstəqil ekspertlərə, yazarlara, jurnalistlərə araşdırma yazılar, müsabiqələr sifariş verməli, bir sözlə, özlərinin görə, duya bilmədikləri xəbərləri körpü vasitəsilə cəmiyyətdən əxz etməlidirlər”.

Maraqlıdır ki, Dini Komitənin sədri Mübariz Qurbanlı da analoji narahatlığını ifadəedib. Həm də bildirib ki, bu istiqamətdə müəyyən işlər görülür: "Dövlət Komitəsi son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artıraraq ölkəmizin bütün regionlarında silsilə tədbirlər həyata keçirir. Maarifləndirmə istiqamətində işlər elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və elektron nəşrlər vasitəsilə də baş tutur. Bu məqsədlə müxtəlif ədəbiyyatlar çap olunur, dini icmalara paylanılır”.

V.Hətəmov isə bildirib ki, sıravi dindarların əksəriyyəti Komitə sədrinin adını belə bilmir, o ki qaldı komitənin keçirdiyi tədbirlərdən xəbər tutsunlar. Onun sözlərinə görə, QMİ və Dini Komitə əhali ilə rabitədə klassik metodlardan istifadə edirlər: "Hesabat xarakterli tədbirlər, dindar olmayan şəxsləri auditoriyaya yığıb konfranslar təşkil etmək bizə zəmanət verə bilməz ki, radikallığın qarşısı alınacaq. İcmalarla, ruhanilərlə, komitənin yerli işçiləri ilə dindarlar arasında görüşlər intensivləşməli, dindarların ictimai-sosial problemləri araşdırılmalıdır ki, sabah hansısa maraqlı qüvvələr bundan sui-istifadə etməsinlər. Bundan başqa, Dini Komitə müstəqil mediaya açıq olmalı, KİV-də analitik, araşdırma, tövsiyəedici yazılar sifariş etməli, bu yöndə müstəqil yazar-jurnalist təbəqəsinin formalaşmasına təkan verməlidir. Çünki hazırkı dövrdə dini mövzulardan xəbərsiz insanlar əks-səda üçün bu mövzulara baş vururlar. Din həssas mövzu olduğu üçün bu sahədən ancaq məlumatlı şəxslər yazmalıdır”.

Müxtəlif dini dünyagörüşlü icmaların qeydiyyat məsələsinə də toxunan V.Hətəmov bildirib ki, bu mövzuda bir qədər ehtiyatlı davranmaq lazımdır: "Düzdür, biz çoxmədəniyyətli, müxtəlif dindaşıyıcıların yaşadığı ərazidə dövlət qurmuşuq. Və tarixən bu ərazidə dini zəmində iğtişalar yaşanmayıb. Lakin bundan sui-istifadəedən bəzi dövlətlər qeyri-ənənəvi, təkfirçi, radikal dini cərəyanların ölkəmizə ixracına çalışırlar. Və təbii ki, bizdən "Tolerant olun!” adı altında tələblərini də ortaya qoyurlar.

Bu gün Suriya, İraq, Əfqanıstanda döyüşən azərbaycanlılar həmin qara qüvvələrin qurbanlarıdır. Odur ki, hər bir qeyri-ənənəvi dünyagörüşün ölkəmizə gəlməsini səmimi hesab etmək olmaz”.

Z.MƏMMƏDLİ





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}